Çində aşkarlanmış yeni koronavirusun artıq bir çox ölkəyə yayıldığı açıqlanıb. Mütəxəssislərin fikrincə, insanlardan bir-birinə keçə biləcək bu virus pnevmoniyanın bir növüdür və ölkələrin əksəriyyəti bu xəstəliyin yayılması ilə bağlı mübarizəyə başlayıb.
Səhiyyə Nazirliyindən deyilənlər
Azərbaycan Səhiyyə Nazirliyinin mətbuat xidmətinin əməkdaşı Elvin Hacıyevin «Turan» agentliyinə verdiyi məlumatına görə, ölkədə koronavirusa yoluxma halı aşkarlanmayıb. Onun sözlərinə görə, bu virus Azərbaycan ərazisində yoxdur.
O, yeni virusa görə profilaktik tədbirlərlə bağlı bildirib ki, nazirlik vətəndaşlara müraciət edərək tövsiyə xarakterli açıqlamanı artıq bir neçə gün əvvəl yayıb. E.Hacıyev vurğulayıb ki, vətəndaşlar xəstəliyin baş qaldırdığı bölgələrə gedərkən kəskin respirator xəstəliklərdən əziyyət çəkən insanlarla yaxın təmasda olmamalıdır:
«Əlləri tez-tez yumaq lazımdır. Xüsusilə xəstə insanlar və onların ətraf mühiti ilə birbaşa təmasdan sonra. Canlı və ya ölü ferma, yaxud da vəhşi heyvanlarla yaxın təmasdan çəkinmək lazımdır. Həmçinin, vətəndaşlar kəskin respirator infeksiyanın simptomlarını daşıyan şəxslər öskürərkən məsafə saxlamalı, öskürərkən və asqırarkən ağızlarını birdəfəlik istifadə üçün nəzərdə tutulan dəsmalla bağlamalı, əllərini yumalıdırlar».
Nazirliyin sözçüsü həmçinin bildirib ki, Dövlət Gömrük Komitəsi də virusun ölkəyə keçməməsi ilə bağlı tədbirlər görür.
DGK-dən deyilənlər…
Dövlət Gömrük Komitəsinin (DGK) mətbuat xidmətindən də bu məlumatı təsdiqləyiblər. Qurumdan vurğuladılar ki, öskürək, halsızlıq, yüksək hərarət, yuxarı tənəffüs yollarının katarı və s. simptomlarla özünü büruzə verən fiziki şəxslərin müəyyənləşdirilməsi üçün bəzi tədbirlər görülür. Qurumdan vurğulandığına görə, bu, məsafədən insan bədəninin hərarətinin ölçülməsində istifadə olunan cihazlar, termometr, tibbi sorğu, vizual müayinə və digər diaqnostik üsullarla həyata keçirilir.
DGK-dən habelə bildiriblər ki, tibbi-sanitariya yoxlaması gücləndirilmiş rejimdədir: «Yoxlanış zamanı xəstə və xəstələndiyi şübhə doğuran şəxslər aşkar edilərsə, onların müvəqqəti təcrid olunması üçün ayrılan və zəruri əşyalarla təmin edilən yerlərdə müayinəsinə lazımi şərait yaradılıb».
Baş infeksionist: «Yayılma riski istisna deyil»
Azərbaycanın Baş infeksionisti Cəlal İsayev isə bildirib ki, Çində aşkarlanan koronavirusun yayılma riski istisna deyil. Onun sözlərinə görə, yeni virus tibbi gedişə görə, ağır hesab olunur: «Turizm və ticarət ilə əlaqəli gedən Azərbaycan vətəndaşları qayıdarkən həmin virusa yoluxa bilərlər. Ona görə, Çinə gedən insanlar özlərini gözləməlidir, zökəm əlamətləri müşahidə edilən insanlardan uzaq durmaq lazımdır. Ən azından maska geyinməlidirlər. Xəstəliyin geniş yayıldığı regionlara getməməlidirlər. Ölkədə insanlar özlərini qorumalıdırlar, termiki işlənmiş qidalardan istifadə etməlidirlər, xəstələnin kimi həkimə müraciət etməlidirlər. Bu virus təhlükəli fəsadlar törədə bilər».
Xatırlatma
Koronavirus ilə bağlı ölüm xəbərləri gəlməyə davam edir. Sars virusunun qohumu adlandırılan və ilk olaraq Çində ortaya çıxan virus dekabrdan bu yana bir çox can alıb.