Prezident: “200-ə yaxın yaşayış məntəqəsi azad edilib”
Azərbaycan prezidenti İlham Əliyev noyabrın 1-də Türkiyə Xarici İşlər naziri Mövlud Çavuşoğlunun başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.
AZƏRTAC-ın xəbəriə görə, prezident İlham Əliyev görüşdə deyib ki, müharibənin ilk saatlarından başlayaraq Türkiyə Azərbaycanın yanındadır:
“Bildiyiniz kimi, əməliyyat uğurla davam etdirilir. Bu günə qədər bir çox kəndlər, şəhərlər, qəsəbələr işğalçılardan azad edilibdir, o cümlədən Füzuli, Cəbrayıl, Zəngilan, Qubadlı şəhərləri.”
“... Bu məsələ artıq danışıqlar masasında öz həllini tapsın ”
Prezidentin sözlərinə görə, təqribən 200-ə yaxın yaşayış məntəqəsi azad edilib:
“… Biz istəyirik bu məsələ artıq danışıqlar masasında öz həllini tapsın. Ancaq Ermənistan buna imkan vermir, 3 dəfə elan edilmiş atəşkəsi kobudcasına pozmuşdur, o cümlədən Gəncəni ballistik raketlərlə bombalamışdır, ondan sonra Bərdə şəhərini bombalamışdır və çoxsaylı itkilərimiz olubdur. Bu, bir daha Ermənistanın qeyri-insani davranışını göstərir və onu göstərir ki, onlar sülh istəmirlər”
Prezidentin deməsinə görə, Ermənistan tərəfi azad edilən yaşayış məntəqələrini yenidən işğal etmək istəyir:
“ Müharibənin davam etməsinin əsas səbəbi də məhz budur…”
Prezident daha sonra da deyib:
“Biz istəyirik ki, Ermənistan silahlı qüvvələrinin işğal edilmiş digər torpaqlardan çıxarılması danışıqlar masası arxasında qısa müddət ərzində təmin olunsun.”
Azərbaycanın dövlət başçısı deyib ki, Ermənistan faktiki olaraq öz məğlubiyyətini etiraf edib:
“Bu məktub, əslində, məğlubiyyətin etirafıdır ”
“ Bildiyiniz kimi, bu yaxınlarda Ermənistanın baş naziri Rusiya prezidenti cənab Putinə məktub göndərmişdir. Bu məktub, əslində, məğlubiyyətin etirafıdır. Çünki Rusiyadan hərbi dəstək istənilmişdir, halbuki, buna heç bir əsas yoxdur. Azərbaycan öz hərbi əməliyyatlarını beynəlxalq birlik tərəfindən tanınmış Azərbaycan ərazisində keçirir, Ermənistan ərazisində hər hansı bir əməliyyat keçirilmir, bizim belə planlarımız da yoxdur”
Azərbaycan prezidentinin vurğulamasına görə, baş verənlərin məsuliyyət Ermənistan tərəfindədir.
“…Bunu söyləmək istəməyən çoxdur”
Mövlud Çavuğoğlu isə deyib ki, Ermənistanın nə etdiyini və atəşkəsi hər dəfə pozduğunu hər kəs görür:
“Amma bunu söyləmək istəməyən çoxdur, biz bunu bilirik. Bu səbəbdən də biz öz aramızdakı həmrəyliyi daha da gücləndirərək haqqımızı müdafiə etməkdə davam edəcəyik”
Mövlud Çavuşoğlu Bakıya gəlib
Türkiyənin Xarici İşlər naziri Mövlud Çavuşoğlu bi gün, noyabrın 1-də Bakıya gəlib.
Bu barədə türkiyəli nazir özünün “Tvitter” səhifəsində yazıb.
“...Azərbaycana güclü dəstəyimizi göstərmək üçün Dağlıq Qarabağ ilə bağlı son hadisələr haqqında fikir mübadiləsi aparmaq üçün bir daha Bakıda, qardaşlarımızın yanındayıq”, - deyə Çavuşoğlu qeyd edib.
Prezidentlə görüş
Azərbaycan prezidenti İlham Əliyev noyabrın 1-də Türkiyə Xarici İşlər naziri Mövlud Çavuşoğlunun başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.
Hələlik, görüşlə bağlı geniş məlumat verilməyib.
“Tərtər və Ağcabədi rayonları atəşə tutulur”
Azərbaycan Müdafiə Nazirliyi bildirir ki, noyabrın 1-də saat 10:00-dan başlayaraq Ermənistan silahlı qüvvələri Tərtər şəhəri, rayonun Şıxarx qəsəbəsi, Qapanlı, Əskipara, Səhləabad kəndlərini, eləcə də Ağcabədi rayonunun Yuxarı Qiyaməddinli kəndini artilleriya atəşinə tutur.
Hələlik, itki və təlafat haqqında bilgi yoxdur.
Cəbhədə noyabrın 1-nə olan son vəziyyət
Oktyabrın 31-i gün ərzində, habelə noyabrın 1-nə keçən gecə Ermənistan silahlı qüvvələrinin cəbhənin müxtəlif istiqamətlərində Azərbaycan ordusunun yerləşdiyi mövqeləri, yaşayış məntəqələrini artilleriya və raketlər də daxil müxtəlif silahlardan atəşə tutduğu bildirilir.
Bu barədə Azərbaycan Müdafiə Nazirliyi (AMN) noyabrın 1-i, səhər saat 8:05 radələrində məlumat yayıb.
Məlumatda qeyd edilib ki, döyüş əməliyyatları əsasən cəbhənin Ağdərə, Ağdam, Xocavənd və Qubadlı istiqamətlərində davam edib.
“Hazırda qoşunlarımız əməliyyat şəraitinə nəzarət edir”,AMN bildirib.
“Ermənistan dövlət sərhədində atəşkəsi pozub”
Ermənistan silahlı qüvvələrinin iki ölkənin dövlət sərhədində yerləşən Azərbaycan ordusunun mövqelərini artilleriya, minaatan və atıcı silahlardan atəşə tutduqları deyilir.
Bu məlumatı da AMN noyabrın 1-i, saat təqribən 9:35-də yayıb.
Açıqlamaya görə, noyabrın 1-ə keçən gecə müxtəlif vaxtlarda Ermənistanın Berd, Çəmbərək, Gorus rayonlarından Azərbaycanın Tovuz, Gədəbəy və Qubadlı rayonlarında yerləşən mövqeləri atəşə tutulub.