Cəbhədə noyabrın 3-nə olan son vəziyyət
Noyabrın 2-də gün ərzində, habelə 3-ə keçən gecə Ermənistan silahlı qüvvələrinin cəbhənin müxtəlif istiqamətlərində Azərbaycan ordusunun yerləşdiyi mövqeləri, yaşayış məntəqələrini müxtəlif atıcı silahlardan atəşə tutduqları bildirilir.
Bu barədə Azərbaycan Müdafiə Nazirliyi (AMN) noyabrın 3-ü, səhər saatlarında məlumat yayıb: "Döyüş əməliyyatları, əsasən, cəbhənin Ağdərə, Xocavənd, Zəngilan və Qubadlı istiqamətlərində davam edib".
Açıqlamaya görə, qarşı tərəf cəbhənin bəzi sahələrində geri çəkilməyə məcbur edilib.
Putin Əliyevə və Paşinyana zəng edib
Rusiya prezidenti Vladimir Putin Ermənistanın baş naziri Nikol Paşinyana və Azərbaycan prezidenti İlham Əliyevə zəng edib.
Rusiya prezidentinin saytında dərc edilmiş xəbərdə deyilir ki, Putin iki ölkənin liderləri ilə söhbətində “Dağlıq Qarabağ münaqişəsini təfərrüatlı şəkildə müzakirə edib”.
Telefon danışıqlarının noyabrın 1-də və 2-də keçirildiyi bildirilir.
Qarabağ separatçıları itkiləri barədə xəbər yayıblar
Rusiyanın RIA Novosti agentliyinin verdiyi xəbərə görə Dağlıq Qarabağda separatçı rejimin hərbi komandan müavini Artur Sarkisyan döyüşlərdə həlak olub.
Bundan əvvəl separatçı rejimin “prezidenti” Araik Arutyunyan “general-leytenant” Calal Arutyunyanın onun yaralanması ilə bağlı onun “müdafiə naziri” vəsifəsindən azad edildiyini xəbər vermişdi.
İndi bu vəzifəyə Mikael Arzumanyan təyin edilib.
Sarkisyanın həlak olmasına dair məlumatı Rusiyanın Interfax agentliyi də verib.
Interfax Dağlıq Qarabağ separatçılarının daha bir komandirinin - Sergey Şakarayanın da adının həlak olanlatırın siyahısında olduğunu bildirir.
Bundan əvvəl separatçı rejimin müdafiə nazirliyi noyabrın 2-də Azərbaycan silahlı qüvvələri ilə döyüşlərdə həlak olmuş daha 11 erməni hərbçinin siyahısını dərc edib.
Artur Sarkisyanın və Sergey Şakaryanın adları da bu siyahıdadır.
ANAMA-nın əməkdaşı minaya düşüb
Noyabrın 2-də Azərbaycan Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentliyin (ANAMA) Təmizləmə Qrupunun minaaxtaranı Telman Zeynalov piyada əleyhinə minaya düşüb.
Bunu ANAMA-dan bildiriblər.
Məlumata görə, hadisə Cəbrayıl rayonu ərazisində mina təmizləmə əməliyyatı həyata keçirilərkən baş verib. T.Zeynalovun Ermənistan silahlı qüvvələrinin basdırdığı minaya düşdüyü qeyd edilir.
Açıqlamaya görə, nəticədə T.Zeynalovun sol ayağı topuq nahiyəsindən amputasiya olunub: "Hazırda T.Zeynalov Füzuli rayonu Diaqnostika Mərkəzinə yerləşdirilib və vəziyyəti stabil ağırdır".