Keçid linkləri

2024, 17 Noyabr, bazar, Bakı vaxtı 03:51
Vladimir Putin
Vladimir Putin

Putin deyib ki, Qarabağın statusu ‘gələcəyə’ qalır

Noyabrın 27-də Azərbaycan və Ermənistan silahlı qüvvələrinin təmas xəttində ağır döyüşlər başlamışdı. Azərbaycan bildirir ki, noyabrın 9-u günün sonuna, döyüşlərin dayandırılmasına qədər 280 civarında kəndi, dörd qəsəbəni (Hadrut, Mincivan, Ağbənd, Bartaz), Şuşa və daha dörd şəhəri (Cəbrayıl, Füzuli, Zəngilan, Qubadlı) işğaldan azad edib.

Noyabrın 10-da Azərbaycan, Ermənistan və Rusiya rəhbərlərinin adından atəşkəs bəyanatı yayılıb. Sənədə görə, Azərbaycan işğaldan azad etdiyi ərazilərdə qalır. Dekabrın 1-dək üstəlik, Kəlbəcər, Ağdam və Laçın rayonlarının Azərbaycana qaytarılması nəzərdə tutulurdu. Laçın dəhlizində və qoşunların təmas xəttində isə Rusiya sülhməramlıları yerləşdirilir.

22:31 10.11.2020

Azərbaycan prezidenti Türkiyə nazirləri ilə görüşüb

Azərbaycan prezidenti İlham Əliyev noyabrın 10-da Türkiyə xarici işlər naziri Mövlud Çavuşoğlunu, milli müdafiə naziri Hulusi Akarı və Milli Kəşfiyyat İdarəsinin rəisi Hakan Fidanı qəbul edib.

AZƏRTAC-in xəbərinə görə, prezident İlham Əliyev deyib ki, bu 44 gün ərzində (Dağlıq Qarabağ və ətrafında savaşın getdiyi müddətdə) qardaş Türkiyənin dəstəyini Azərbaycan hər an hiss edib.

O, deyib ki, bugün, noyabrın 10-da Türkiyə prezidenti Recep Tayyip Erdoğanla söhbət əsnasında Türkiyə-Rusiya birgə atəşkəsə nəzarət mərkəzinin fəaliyyəti ilə də bağlı fikir mübadiləsi aparıb:

“...Biz bunu hər zaman istəyirdik ki, Türkiyə və Rusiya Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsində bərabər səviyyədə rol alsınlar və bugün biz buna nail olduq. Bu mərkəzin gələcək fəaliyyəti ilə əlaqədar bugün sizinlə də danışacağıq və rusiyalı həmkarlarımızla danışacağıq ki, qısa müddət ərzində bu mərkəz yaradılsın. Çünki erməni silahlı qüvvələrinin torpaqlarımızdan çıxarılmasının artıq cədvəli var.”

Prezidentin əlavə etməsinə görə, bu ayın sonuna qədər onlar işğal altında olan torpaqlardan çəkilməlidirlər:

“Beləliklə, bu mərkəzin qısa bir zaman içərisində yaradılmasında çox böyük fayda var.”

Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu da deyib:

“Bundan sonrakı prosesdə sizin də dediyiniz kimi, birgə nəzarət mərkəzinin yaradılması daxil olmaqla, atacağımız addımları da birlikdə müzakirə edəcəyik, dəyərləndirəcəyik”.

17:48 10.11.2020

AB atəşkəsi alqışlayır

Avropa Birliyinin xarici siyasət rəhbəri Azərbaycanla Ermənistan arasında atəşkəsin elan olunmasını alqışlayır. AB-nin Xarici siyasət və təhlükəsizlik məsələləri üzrə Ali komissarı Cozep Borrelin sözçüsü Peter Stano noyabrın 10-da Brüsseldə bu haqda danışıb.

"Əlbəttə, biz bu qarşıdurmanın səbəb olduğu insan ölümlərini pisləyirik. Atəşkəsin təsirini və detallarını daha yaxşı anlamaq üçün hazırda onu dəyərləndiririk. Detallı reaksiya daha sonra veriləcək", – Stano deyib.

16:06 10.11.2020

Döyüşlər dayanıb

Ermənistan Müdafiə Nazirliyinin sözçüsü Şuşan Stepanyan artıq Dağlıq Qarabağda və ətrafında döyüşlərin tamamilə dayandığını bildirib.

Dağlıq Qarabağdakı separatçıların lideri Araik Arutyunyanın sözlərinə görə, əməliyyatları dayandırmaq məsələsində Paşinyanla vəziyyətin ağırlığını nəzərə alaraq, separatçı anklavın tamamilə itirilməsini önləmək üçün razılaşıb.

Rusiyanın Müdafiə Nazirliyi bildirir ki, hərbi heyət və avadanlıq daşıyan hərbi nəqliyyat təyyarələri artıq regiona yola düşüb.

14:49 10.11.2020

Azərbaycan və Türkiyə prezidentləri danışıb

Noyabrın 10-da Azərbaycan prezidenti İlham Əliyevlə Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan arasında telefon danışığı olub.

Bu barədə Azərbaycan prezidentinin mətbuat xidməti məlumat yayıb.

Məlumata görə, dövlət başçıları Qarabağ müharibəsində Azərbaycanın qazandığı qələbə münasibətilə bir-birini təbrik ediblər. "Prezident İlham Əliyev müharibə dövründə Türkiyə prezidenti və Türkiyə xalqının Azərbaycana göstərdiyi siyasi və mənəvi dəstəyə görə bir daha minnətdarlığını bildirib", -məlumatda yazılıb.

Bildirildiyinə görə, Azərbaycanla Türkiyə prezidentləri iki ölkənin bundan sonra da bir-birinin yanında olacağını qeyd ediblər: "Telefon söhbəti zamanı atəşkəsə nəzarət üzrə Türkiyə-Rusiya sülhməramlı mərkəzinin yaradılması yüksək qiymətləndirilib, bu mərkəzin regionda uzunmüddətli sülhün təmin edilməsi işinə töhfə verəcəyinə əminlik ifadə olunub".

Davamı

XS
SM
MD
LG