"Bərdədə raket zərbəsindən həlak olan var"
Oktyabrın 5-də səhər saatlarından etibarən Ermənistan silahlı qüvvələrinin dinc Azərbaycan əhalisinin sıx yaşadığı əraziləri növbəti dəfə ağır artilleriyadan atəşə tutduğu bildirilir.
Bu barədə Baş Prokurorluq məlumat yayıb.
Qurum qeyd edib ki, nəticədə Bərdə şəhərinin mərkəzinə və mərkəzi xəstəxananın yaxınlığına düşmüş raket mərmisinin qəlpələrindən Şəhriyar Mehdiyeva həlak olub, 3 nəfər isə müxtəlif dərəcəli bədən xəsarətləri alaraq xəstəxanaya yerləşdirilib.
Baş Prokurorluğun mətbuat xidmətinin bundan əvvəl yaydığı məlumata görə, cəbhədə sentyabrın 27-dən, döyüşlər başladığı vaxtdan Azərbaycanın mülkü əhalisindən 24 şəxs həlak olub, 121 nəfər yaralanıb.
25 şəxs həlak olub, 127 nəfər yaralanıb
Cəbhə bölgəsindən mülki şəxslərin ölüm xəbərləri gəlməkdə davam edir.
Baş Prokurorluq sentyabrın 27-dən bəri cəbhədə döyüşlər başlayandan sonra Azərbaycan tərəfdən mülki əhalinin itkiləri ilə bağlı növbəti məlumat yayıb. Baş Prokurorluğun mətbuat xidmətindən oktyabrın 5-də günün ikinci yarısında yayılan məlumata görə, 25 mülki şəxs həlak olub, 127 nəfər yaralanıb.
Ermənistan silahlı qüvvələrinin Ağcabədi və Beyləqan şəhərlərini atəşə tutduğu bildirilir.
Bu barədə Azərbaycan Müdafiə Nazirliyi oktyabrın 5-də günün ikinci yarısı məlumat yayıb. Məlumata görə, yaralılar var.