Keçid linkləri

2024, 16 Noyabr, şənbə, Bakı vaxtı 15:32

Ölkəni niyə tərk edirlər?


Ən böyük problem isə odur ki, bu prosesin nə vaxt bitəcəyi məlum deyil
Ən böyük problem isə odur ki, bu prosesin nə vaxt bitəcəyi məlum deyil
Azərbaycandan ilk siyasi mühacir dalğası ötən əsrin əvvəllərinə təsadüf edir. Həmin vaxtlar Azərbaycan Demokratik Respublikasının süqutu bir çox insanları ölkəni tərk etməyə vadar etdi. Bundan sonra demək olar ki, proses səngidi və özünü ancaq əsrin sonlarından başlayaraq büruzə verməyə başladı.

İndi isə bununla heç kimi təəccübləndirmək mümkün deyil. Düzdür, siyasi baxışlarına və ictimai fəaliyyətinə görə ölkəni tərk edənlərin sayı haqqında dəqiq statistika yoxdur, amma son illərdə məhz siyasi əqidəsinə görə bir sıra insanlar yaşayış üçün başqa ölkələri seçməli olublar. Proses hələ bitməyib, əksinə müşahidəçilər siyasi mühacir dalğasının hələ bundan sonra artacağını proqnozlaşdırırlar.

Ölkəni başqa səbəblərdən tərk edənlər də var. Bura ilk növbədə əməkçi miqrantları və intellektual sahənin təmsilçilərini aid etmək olar. Amma daha çox maraq kəsb edən məhz siyasi mühacirlərdir. Ölkədəki siyasi sistem, onun ildən-ilə mürtəce xarakter alması – məhz bu amillər onların sayını artırır. Ekspertlər deyir ki, xarici ölkələrdə sığınacaq istəyənlər arasında müxalifət partiyalarının nümayəndələrinə, jurnalistlərə və ictimai cəhətdən fəal olan başqa insanlara daha çox təsadüf olunur.

Vaxt baxımından isə əsas mühacirət dalğaları bir qayda olaraq seçki vaxtlarına təsadüf edir. Bunun da izahı var. Seçki vaxtı bütün hallarda ictimai fəallığın müşahidə edildiyi dövr hesab edilir. Təqiblər və təzyiqlər də ən çox məhz bu dövrdə daha da artır. Təqibə məruz qalan, eləcə də ümidsizləşən, gələcəyə inamını itirən, bu ölkədə özünü reallaşdırmaq üçün yol görməyən insanlar məhz bu vaxtlarda ölkəni tərk etmək fikrinə düşürlər.

Ən böyük itki isə ictimai və siyasi səbəblərdən ölkəni tərk edən insanlardır. Bununla ölkədə etiraz edə bilənlərin, ədalətsizliyə dözməyənlərin, siyasətlə ən azı bir vətəndaş kimi maraqlananların sayı azalır
Amma bu, o demək deyil ki, başqa vaxtlarda ölkəni tərk edənlər olmur. Təqiblər və təzyiqlər mütəmadi xarakter daşıyır, məhkəmələr müstəqil deyil. Bütün bunlar azərbaycanlıların şahın qanun deyil, qanunun şah olduğu ölkələrdə yaşamaq arzusunu artırır.

Azərbaycan Avropa Şurasının üzvüdür, Avropa İnsan Haqları Məhkəməsinin yurisdiksiyasını tanıyıb və əgər ölkə məhkəmələri kiminsə haqqında ədalətsiz qərar çıxarsa belə son nəticədə ədalətin təmin edilməsinə nail olmaq olar. Amma məsələ bundadır ki, Avropa İnsan Haqları Məhkəməsinin imkanları məhduddur və o, Azərbaycanla bağlı bütün işləri icraata götürmək iqtidarında deyil.

Siyasi mühacir problemi ölkə üçün ən ağrılı problemdir. Təbii ki, bu problem dövlət rəsmilərini və məmurları bir o qədər də narahat etmir. Amma proses ölkəyə iki istiqamətdən təsir edir. Ölkənin siyasi imici sarsılır. Ölkəni tərk edən siyasi mühacirlər haqqında məlumatlar beynəlxalq təşkilatların hesabatlarında, qiymətləndirmələrində öz əksini tapır. Bütün bunlar isə son nəticədə müxtəlif reytinq cədvəllərində Azərbaycanın çox aşağı pillələrdə yer tutmasına səbəb olur.
Ən böyük itki isə ictimai və siyasi səbəblərdən ölkəni tərk edən insanlardır.

Bununla ölkədə etiraz edə bilənlərin, ədalətsizliyə dözməyənlərin, siyasətlə ən azı bir vətəndaş kimi maraqlananların sayı azalır.

Düzdür, ölkəni tərk edənlərin sayı qalanların sayından bütün hallarda azdır. Amma hər bir belə hal digər insanları da məyus edir, onları mübarizə aparmaqdan çəkindirir. Bəlkə də təsadüfi deyil ki, ildən-ilə siyasi aksiyalarda iştirak edənlərin, bu və ya digər partiyaya təəssübkeşlik edənlərin sayı azalır.

Dövlət rəsmiləri və məmurlar insan potensialı haqqında danışmağı çox sevir, dövlət üçün ən böyük kapitalın insan resursu olduğunu deyirlər. Amma təcrübədə əks proses müşahidə olunur. Getdikcə ölkədə insan amilinə diqqət azalır.
Siyasi hakimiyyət bunu ciddi problem kimi qəbul etmir. Halbuki, dövlət qulluğunda savadlı kadrların olmamasından şikayətlər, kəndlərdə dərs deyəcək yaxud tibbi xidmət göstərəcək qədər vətənpərvər olan müəllim və həkimlərin çatışmazlığı barədə bəyanatlar insan potensialının tükənməsi ilə bağlı SOS siqnalı deyilmi?

Ən böyük problem isə odur ki, bu prosesin nə vaxt bitəcəyi məlum deyil. Aydındır ki, bu problem o vaxt öz həllini tapardı ki, ölkədə əsl vətəndaş cəmiyyəti və demokratik üsul-idarə bərqərar olardı. Amma bunun baş verməsi üçün də ilk növbədə fəal vətəndaş amilinə böyük ehtiyac var. Hər hansı bir insanın siyasi mühacirə çevrilməsi bəlkə də onun şəxsi taleyi baxımından uğurlu haldır, amma cəmiyyət bundan itirir, heç nə qazanmır. Qazanan bəlkə də siyasi opponentləri azalan hakimiyyətdir.
Məqalədəki fikirlər müəllifin şəxsi mülahizələridir.
XS
SM
MD
LG