Keçid linkləri

2024, 16 Noyabr, şənbə, Bakı vaxtı 19:54

«Tıxacsız günümüz yoxdur»


Paytaxt sakinləri deyir ki, pik saatlarında mənzil başına zamanında yetişmək üçün heç taksi də çıxış yolu deyil
Paytaxt sakinləri deyir ki, pik saatlarında mənzil başına zamanında yetişmək üçün heç taksi də çıxış yolu deyil
Bakının mərkəzində və paytaxtı ətraf qəsəbələrlə birləşdirən yollarda aparılan təmir-tikinti işləri nəqliyyatın hərəkətinə ciddi əngəllər yaradır. Bunu söhbət etdiyimiz Bakı sakinləri deyir. Hava limanından mərkəzə aparan yolda, Sabunçu, Əzizbəyov, Xırdalan dairələrində, Heydər Əliyev prospektinin bir neçə hissəsində və daha bir neçə əsas magistral yollarda yol qovşaqlarının, körpülərin, yeraltı keçidlərin tikintisi, yolların genişləndirilməsi gün boyu tıxaclara səbəb olur. Nəticədə sərnişinlər mənzil başına hesabladıqları müddətdən gec çatırlar.

Paytaxt sakinləri deyir ki, pik saatlarında mənzil başına zamanında yetişmək üçün heç taksi də çıxış yolu deyil. Məsələn, taksiyə minib Bilgəhdən şəhərin mərkəzinə gəlmək istəsən Sabunçu dairəsində ilişib qalacaqsan. Çıxış yolu kimi Bakıxanov tərəfə üz tutunda bəlli olacaq ki, qəsəbəni mərkəzlə birləşdirən Keşlə yolunda da tıxacdır. Belə olanda məcbur olub Babək prospektinə üz tutacaqsan, ordan da körpü tikintisinə görə şəhərə girmək mümkün olmadığından göz açıb görəcəksən ki, Hövsan-Zığ şossesindəsən. Beləcə, çoxdan görmədiyin yerlərdən keçib mənzil başına çatanda Bakının hələ ki taksometrsiz taksilərinə ikiqat pul ödəyəcəksən.

Sərnişin avtobuslarının sürücüləri deyir ki, yalnız şəhərkənarı avtobuslarda deyil, mərkəzdə işləyən marşrutlarda da gözəçarpan gecikmələr olur:

«Tıxacsız günümüz yoxdur».

Nəqliyyat Nazirliyindən isə bildirirlər ki, yol tikintilərinin başa çatması yubanır. Nazirlik hava limanına aparan yolun inşasının payızda başa çatacağını planlaşdırsa da, işlərin gedişi Əzizbəyov dairəsindən aeroporta aparan yolda tikintinin gələn ilin ilk aylarına qədər sürəcəyini göstərir. Əzizbəyov yol qovşağının bir hissəsi isə artıq sentyabrda istifadəyə veriləcək. Nəqliyyat Nazirliyinin mətbuat katibi Namiq Həsənov:

«Hava limanı tərəfdə yollar bir neçə hissəyə bölünüb və orada genişləndirmə işləri aparılır. Yay ayları olduğuna görə, bağlara, hava limanına gedənlərin sayı çoxdur. Ona görə də burada davamlı tıxac yaranır. Bəzən çoxları yol bir qədər qısa olsun deyə, Zığ-Hövsan şossesinə üz tutmur. Bu faktor da sıxlıq yaradır».

N.Həsənov sürücüləri də yeni çəkilmiş alternativ yollardan istifadə etməyə çağırır.O, paytaxtın mümkün olan bütün ərazilərində yolların genişləndiriləcəyini deyir. Həsənovun sözlərinə görə, bu, avtomobillərin sayı sürətlə artan Bakıda tıxacların aradan qaldırılmasının yeganə yoludur.
XS
SM
MD
LG