Keçid linkləri

2024, 16 Noyabr, şənbə, Bakı vaxtı 13:28

Minsk Qrupunun üç sədri


Minsk Qrupunun aradan qaldırılması və yaxud formatının dəyişməsi çox yaxşı hal olardı
Minsk Qrupunun aradan qaldırılması və yaxud formatının dəyişməsi çox yaxşı hal olardı
Həmsədrlik institutunun Minsk Qrupunda özünəməxsus tarixi var. Əvvəlcə bir, sonra iki, daha sonra isə üç həmsədrlik institutu təsis edildi. Prinsipcə, heç nə dəyişmədi. Bunu on altı illik tarix də sübut edir. Amma indi daha maraqlı proses baş verir. Minsk Qrupu sözün əsl mənasında böhran keçirir.

Hətta onun tükəndiyini iddia edənlər də var. İndiki böhranın səbəbi isə məlumdur - bu, Gürcüstanla Rusiya arasında yaranmış münaqişədir. İki partnoyor daha Rusiyaya etibar etmir. Bu, özünü səfərlərdə, bəyanatlarda da büruzə verir. Hər bir tərəf öz prizmasından məsələyə təsir göstərmək istəyir. Məsələ bundadır ki, Qafqazdakı münaqişələrə münasibətdə prinsip pozulub.
İndi bölgədə çox maraqlı proseslər gedir. Rusiyanın geosiyasi röyaları ona əsl həqiqətləri görməyə imkan vermir. Rusiya unudur ki, hətta Belarusun da ona bağlılığında müəyyən şərtilik var. Bu şərtiliklər müxtəlif mahiyyət kəsb edib. Kimsə öz hakimiyyətini saxlamağa can atır, başqa birisi ərazisinin bir hissəsini itirməkdən qorxur. Bu təhlükələr azaldıqca azsaylı ölkələri Rusiyaya bağlayan tellər də zəifləyəcək. Daha heç bir vaxt böyük və qüdrətli SSRİ yaranmayacaq. Dünya növbəti soyuq müharibə ərəfəsindədir.

Siyasətin dəyişməsinə xüsusilə həssas ölkələr var. Ermənistan prezidenti hamını öz bəyanatları ilə təəccübləndirməkdə davam edir. Bu günlərdə dedi ki, Ermənistanın Türkiyəyə heç bir torpaq iddiası yoxdur, heç bir dövlət rəsmisi belə bəyanatla çıxış etməyib. Vəziyyət aydındır. Ermənistan güc balansının dəyişdiyini hiss edir. Üstəlik, blokada da öz işini görür. Əgər Türkiyə ilə münasibətlər normallaşmasa böyük və qüdrətli Rusiya öz forpostuna heç bir yardım göstərə bilməyəcək. Əvvəlkindən fərqli olaraq Qərb də Ermənistana biganədir.
Bu təhlükələr azaldıqca azsaylı ölkələri Rusiyaya bağlayan tellər də zəifləyəcək. Daha heç bir vaxt böyük və qüdrətli SSRİ yaranmayacaq
Gürcüstandakı proseslər hər şeyi üstələyib. Gürcüstan məsələsi həll olunana qədər heç kim Rusiya XİN-nin rəhbəri Lavrovun qaynar bəyanatlarına inanmayacaq. Ola bilsin, Azərbaycanda çox az sayda adam buna inansın. İndi bəzilərində belə təəssürat yaranır ki, Rusiya – Ermənistan-Türkiyə-Azərbaycan öz aralarında münaqişəni həll edə bilərlər. Amma çətin ki, Rusiyanın tükənməyən iddiaları buna imkan versin. Bəli, son illərdə Rusiya xeyli varlanıb. Amma nəyin hesabına? Orta Asiyanın neftinin və qazının hesabına! İndi də növbə Azərbaycan qazınındır.
Enerji resursları və təhlükəsizlik – Rusiya bu məsələləri birmənalı şəkildə öz inhisarına almaq istəyir. Amma cənub dəhlizi Rusiyanın son müqavimət yeridir. Vaxtilə Rusiya Avropada da müqavimət göstərmişdi! Amma nəticəsi olmadı.

Güman ki, Cənubi Qafqazda da belə olacaq. Təbii ki, Rusiya təzyiqini davam etdirək. Amma bu, kifayət deyil. Rusiyanın arzuları ilə imkanları üst-üstə düşmür.

Əslində dünya birliyinin Cənubi Osetiyanın və Abxaziyanın müstəqilliyini tanımaması, Gürcüstanın ərazi bütövlüyünü müdafiə etməsi digər hallar üçün də işarədir. Bu prosesdə Minsk Qrupunun da aradan qaldırılması və yaxud formatının dəyişməsi çox yaxşı hal olardı. Düzdür, BMT hər hansı münaqişənin həllini hansısa regional təşkilata həvalə edə bilər. Amma tarix sübut etdi ki, bu təcrübə özünü doğrultmadı.
Çox güman ki, Minsk Qrupunun digər iki həmsədri də sakit dayanmayacaq.

İndi əməkdaşlıq və konsensus üçün əsas yoxdur. Daha çox birtərəfli məsləhətləşmələrə üstünlük veriləcək. Ermənistanın bəyanatlarına gəldikdə isə o, bunun üçün əməli addımlar atmalıdır. Hazırda Qərbin təsiri ilə Rusiya öz qoşunlarını Gürcüstanın digər ərazilərindən çıxarır. Azərbaycanın 7 rayonu işğal altındadır! Bu rayonların Dağlıq Qarabağa bilavasitə aidiyyəti yoxdur, onlar münaqişə zonasından kənardadır, amma Ermənistanın silahlı qüvvələri onları nəzarət altında saxlayır.

Burada tarixi də yada salmaq lazımdır. Rusiyanın Azərbaycan-Ermənistan münaqişəsini dondurduğu vaxtlar olub. Amma bu, nəyin hesabına və necə baş verib?

Güman ki, region yeni yanaşma tələb edir. Cənubi Qafqaz respublikalarının problemi ondadır ki, onlar müxtəlif təhlükəsizlik müstəvisi üzərindədirlər. Onları eyni müstəvi üzərinə gətirmək lazımdır-bu da ancaq NATO müstəvisi ola bilər.

Məqalədəki fikirlər müəllifin şəxsi mülahizələridir.
XS
SM
MD
LG