Keçid linkləri

2024, 16 Noyabr, şənbə, Bakı vaxtı 13:52

Rusiya Azərbaycanı yumşaltmağa cəhd edir


Bunu rus filosofları, şairləri də qeyd ediblər. «Rusiyanı ağılla dərk etmək mümkün deyil!»
Bunu rus filosofları, şairləri də qeyd ediblər. «Rusiyanı ağılla dərk etmək mümkün deyil!»
Ölkədə gedən sönük və zəif prezident seçkisi regiondakı geosiyasi proseslərə marağı nəinki azaltmır, əksinə sonuncuya maraq get-gedə artır.
Əksər müşahidəçilərin, hətta bilavasitə siyasət mütəxəssisi olmayanların fikrincə, seçkidən sonra geosiyasi ziddiyyətlər daha çox kəskinləşməyə başlayacaq və «balanslaşdırılmış xarici siyasət»in erası bitmək üzrədir.
Seçim anı təkcə daxili siyasətdə yaxınlaşmır, xarici siyasət də növbədədir. Azərbaycan rəsmiləri isə özlərini çox soyuqqanlı aparmağa çalışırlar, sanki dünyada neftin qiymətindən başqa heç nə dəyişmir. Hətta iş o yerə çatıb ki, Rusiyanın xarici işlər naziri Azərbaycanın Gürcüstanın ərazi bütövlüyü ilə bağlı verdiyi bəyanatları özünəməxsus şəkildə şərh etməyə və yumşaltmağa çalışır. Bu bəyanatları bir qayda olaraq Azərbaycanın XİN-nin əməkdaşı verirdi. Artıq belə mətbuat konfransları keçirilmir. Çox qəribədir ki, Ermənistanın rəsmiləri Gürcüstana səfər etdilər və açıq şəkildə bu ölkənin ərazi bütövlüyünü müdafiə etdilər. Xatırladaq ki, bunu Ermənistan – MDB-nin Kollektiv Təhlükəsizlik Müqaviləsinin üzvü edir. Azərbaycan isə hələ gözləyir. Hələ Bakıdan Tbilisyə yüksək səviyyəli səfər təşkil edilməyib.
Belə təəssürat yaranır ki, Azərbaycan Gürcüstanı özünün geoiqtisadi tərəfdaşı kimi də unudub. Cənubi Qafqazın lider dövləti «lider» sözünü tarixin arxivinə göndərərək daha çox özünün cari problemləri ilə məşğuldur
Hətta belə təəssürat yaranır ki, Azərbaycan Gürcüstanı özünün geoiqtisadi tərəfdaşı kimi də unudub. Cənubi Qafqazın lider dövləti «lider» sözünü tarixin arxivinə göndərərək daha çox özünün cari problemləri ilə məşğuldur. Amma problemləri görməmək hələ onların mövcud olmaması demək deyil.
Problemlər bir neçə aspektdən özünü büruzə verir. Moldovanın GUAM-la bağlı tərəddüdlərini yada salsaq, bu təşkilatın mövcudluğu artıq sual işarəsi altındadır. Ukrayna ilə Gürcüstanın NATO-ya dəstək alacağı təqdirdə ortada təkcə Azərbaycan qalacaq. Açıq yol isə Azərbaycanı Orta Asiya və Belarusla bir ittifaqa sürükləyəcək. Azərbaycan sanki yenidən 1993-cü il ərəfəsindədir. O vaxt hələ bu ölkə MDB-nin üzvü deyildi. Qısa müddət ərzində bu siyasi reallığa çevrildi. İndi Azərbaycanı hansı reallıqlar gözləyir?

Çox da irəliyə qaçmaq istəməzdik. Amma tendensiyalar bir o qədər ürəkaçmayan faktlardan xəbər verir. Azərbaycanda hakimiyyətin maraqlarının milli maraqları üstələməsi yeni bir hal deyil. Əvvəllər NATO-suz Qərb düsturu Rusiyanı qane edirdi. İndi Rusiya daha böyük ambisiyalar izhar edir.

Ən başlıcası budur ki, geosiyasi məsələlərdə Azərbaycan hökuməti üçün təkcə Rusiyanın mümkün təzyiqləri həlledici deyil. Bu ölkəni NATO-ya qarşı soyuq münasibət bəsləməyə təhrik edən sırf daxili səbəblər var. Demokratiya, insan haqları, azad və ədalətli seçkilər – hakimiyyəti qorxudan bunlardır. İndi hər şey bir partiyanın total nəzarətindən asılıdır. NATO üzvü olan ölkədə belə ola bilməz. Elə bu səbəbdən NATO hələ ölkə rəsmiləri üçün qeyri – məqbul variantdır.

Azərbaycan rəsmiləri hər şeydə demokratiyaya alternativlər axtarırlar. Bəzən bu axtarışların sayəsində böyük yazılar meydana çıxır. Amma tarix şahiddir. Nə qədər ölkədə «özünəməxsus milli – inkişaf» axtarışları olub. Amma bunların demək olar ki, hamısı uğursuzluqla bitib. U. Çerçillin bir fikri var: «Demokratiya heç də ideal üsuli - idarə deyil, amma nə edəsən ki, bəşəriyyət bundan yaxşısını tapa bilməyib».

Hətta iş o yerə çatıb ki, seçkiyə qatılan namizədlər belə Azərbaycan üçün aktuallıq kəsb edən geosiyasi problemlərə toxunmurlar.
Söhbət əslində Qərbdən və ya Şərqdən getmir. Məsələ rasional və irrasional inkişaf tendensiyası haqqındadır. Rusiya həmişə mahiyyətcə irrasional dövlət olub. Bunu rus filosofları, şairləri də qeyd ediblər. «Rusiyanı ağılla dərk etmək mümkün deyil!» Bunu məgər məşhur rus şairi deməyib?

Hər halda geosiyasi düyünlərin də bir açılışı olur. Bəlkə də bu sonuncu, ya da sonuncudan əvvəlki düyündür. Onun da açılışı olacaq. Əsas odur ki, Azərbaycan itirməsin. Tarixi təcrübə göstərir ki, istənilən ideya azadlıqla rəqabətdə uduzur. Bu prizmadan yanaşanda hətta Rusiyanın dəstəyi ilə belə Azərbaycanı uzun müddət avtoritarizmdə saxlamaq mümkün olmayacaq.
Məqalədəki fikirlər müəllifin şəxsi mülahizələridir.
XS
SM
MD
LG