Keçid linkləri

2024, 15 Noyabr, Cümə, Bakı vaxtı 18:43

45 yaşınadək qadınlar Həccə tək gedə bilməz


Həccə getməyin əsas şərtlərindən biri özünü və ailəni tam təmin edəcək pula sahib olmaqdır
Həccə getməyin əsas şərtlərindən biri özünü və ailəni tam təmin edəcək pula sahib olmaqdır
Dinlə

«3500 manat təyyarə ilə, 2050 manatsa avtobusladır. Bura qurbanlıq və yeməkdən başqa, hər şey daxildir».

Söhbət builki Həcc ziyarətinin qiymətindən gedir. Bu məbləği ödəməklə səhhətində problem olmayan şəxs ziyarətə gedə bilər. Amma xərc bununla bitmir. Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) xarici əlaqələr şöbəsinin müdiri Müqəddəs Payızov deyir ki, digər xırda-para xərclər də var:

«Yemək xərcləri biletə daxil deyil, qurbanlıq heyvan almaq da Həccə gedənlərin öz vəsaiti hesabınadır. Buna da 600 manata yaxın pul çıxır».

Beləliklə, təyyarə ilə Həccə gedənlərin 4 min manatdan bir qədər artıq, avtobusla gedənlərinsə 3 min manata yaxın xərci çıxır. M.Payızov deyir ki, bir-sıra qəzetlər ziyarətin yarıbayarı bahalaşdığını yazır, amma elə bir şey yoxdur:

«Bahalaşma təkcə biletdədir. Bu isə dünyada gedən proseslərlə bağlıdır. Ötən il yumurtanı neçəyə alırdıq, bu il neçəyə alırıq».

Bəs ziyarətə gedənlərin xərclədiyi pulların mənbəyi araşdırılırmı? Məsələn, oğurluq pulla Həccə getmək olarmı? Müqəddəs Payızov deyir ki, bunu yoxlamaq onların işi deyil:

«Biz polis deyilik. Kim hardan tapır özü bilər, amma dini baxımından ziyarət halal pulla olmalıdır».

Dindar Vahid Cəfərov isə bildirir ki, Həccə getmək hər bir müsəlmanın arzusudur:

«Amma mənim imkanım bunun üçün yetərli deyil. İnsan maddi baxımdan elə bir durumda olmalıdır ki, ailəsini və özünü dolandıra bilsin. Əgər artıq pulu qalsa, onda ziyarətə gedə bilər».

V.Cəfərov deyir ki, Həccə gedənlər qohum-qonşudakı kasıb və şikəst adamlara yardım etməli, onlardan halallıq alıb ziyarətə yollanmalıdır. Bu baxımdan da o, indi ziyarətə gedənləri iki qrupa bölür:

«Bir qrup var ki, həqiqətən da xeyirxah işlərin sahibidirlər, digər qrup isə Həccə şan-şöhrət üçün gedir».

Qafqaz Müsəlmanları İdarəsində də deyirlər ki, Həccə getməyin əsas şərtlərindən biri özünü və ailəni tam təmin edəcək pula sahib olmaqdır.

İdarənin əməkdaşı Müqəddəs Payızov ziyarətdəki başqa bir məhdudiyyətdən də danışır. Deyir ki, 45 yaşı tamam olmayan qadınlar yalnız dörd nəfərlə Həccə gedə bilər. O, bunu həmin yaş dövrünün cavan olması ilə əlaqələndirir. Yəni bu yaşda olan qadınlar cavan hesab edildiyindən onları Həccə tək göndərmək olmaz:

«Həmin qadınlarla dörd nəfərdən - ata, qardaş, oğul və ya ərdən biri də Həccə göndərilir».

Amma bəzi məlumatlara görə, bu, adamlara baha başa gəldiyindən, iki nəfərə viza alınsa da, ziyarətə bir nəfər göndərilir. Maddi imkanı olanlar isə bu problemlə üzləşmirlər.

Yaşı 45-dən yuxarı olan qadınlar üçün isə hər hansı məhdudiyyət yoxdur.

Bu il Azərbaycanın Həcc kvotası 6 min nəfərdir. Amma Qafqaz Müsəlmanları İdarəsində deyirlər ki, ziyarətə 8 min nəfər göndərmək imkanları var. Sovet dövründə isə Azərbaycandan hər il Həccə cəmi 70 nəfər gedə bilərdi.
XS
SM
MD
LG