Keçid linkləri

2024, 16 Noyabr, şənbə, Bakı vaxtı 06:37

Respublikaçılar Obamaya səs verəcəklər


Barak Obama, 5 oktyabr 2008
Barak Obama, 5 oktyabr 2008
Noyabrın 4-də keçiriləcək prezident seçkisində minlərlə amerikalı indiyə qədər heç bir seçkidə etmədiyi bir işi görəcək. Respublikaçılar rəqibləri – demokratların namizədi Barak Obamaya səs verəcəklər. Onların sırasında sadə amerikalılarla yanaşı respublikaçıların məşhur nümayəndələri – prezident Buşun vaxtında Dövlət katibi olmuş Kolin Pauel və ABŞ-ın bir neçə prezidentinin zamanında Müdafiə Nazirliyinin əsas fiqurlarından olmuş nazir müavini Ken Adelman da var.

Kolin Pauel Barak Obamanı ölkəni birləşdirə biləcək bir fiqur adlandırıb. Adelman isə düşünür ki, Makkeynin son iqtisadi böhran zamanı davranışları onun yaxşı prezident ola bilməyəcəyini göstərib. Hər iki keçmiş yüksək rütbəli məmur Makkeynin vitse-prezident kimi Sara Peylini seçmək qərarını da bəyənməyib.

Hələ bu ilin fevralında respublikaçı prezident Duayt Eyzenhauerin nəvəsi Suzan Eyzenhaur də Barak Obamaya səs verəcəyini bəyan edib.

«Azadlıq» radiosunun əməkdaşı Virciniya ştatında Con Makkeynin əvəzinə Barak Obamaya səs vermək qərarında olan bir neçə respublikaçı ilə söhbət edib. Həmişə respublikaçıların müdafiəçiləri kimi tanınan virciniyalılar görünür bu seçkidə öz ənənələrini dəyişəcəklər. Yaşından, cinsindən, dərisinin rəngindən asılı olmayaraq müxbirimizlə söhbət edənlərin demək olar, hamısında belə təsəvvürlər var ki, Obama radikal və irqi kəsimlər arasında birlik yarada bilər. «Nəyi bəyənmirsiniz» sualına onların cavabları bu olub ki, Respublikaçılar Partiyasındakı mühafizəkar əhval-ruhiyyəni, Makkeynin seçki kampaniyasını və onun vitse-prezident kimi Sara Peylini seçməsini bəyənməyiblər. Amma virciniyalılar onu da qeyd edirlər ki, bu dəfə demokratların namizədinə səs versələr də, seçkidən sonra da respublikaçı olaraq qalacaqlar.

Keçmiş prezident Reyqan hökumətinin rəsmilərindən olan respublikaçı Karlos Kempbell deyir ki, onun dostlarının əksəriyyəti Makkeyndən narazıdır:

«Senator Makkeyni məndən yaxşı tanıyan dostlarım da ondan narazıdırlar. Mən həqiqətən buna təəssüf edirəm. Məncə, onun kampaniyası yaxşı hazırlanmayıb və o, öz qərarlarında bəzi çox ciddi səhvlər buraxıb».

Karlos Kempbell deyir ki, Makkeynin tez-tez özünü üsyankar adlandırması, keçmiş prezident Teddi Ruzveltlə müqayisə etməsi və onu özünün qəhrəmanı hesab etməsi xoşuna gəlmir. Halbuki, Obama özünü heç kimə bənzətmir. 24 yaşlı Qabriella Roads da respublikaçı kimi qeydiyyatdan keçsə də, Obamaya səs verəcəyini deyir. Əri Bağdada hərbi xidmətdədir. İndi körpə oğlu ilə ərini gözləyən Qabriella Roads deyir ki, Makkeyn əsgərləri vətənə qaytarana oxşamır:

«Amerikalılar hesab edirlər ki, İraqa daxil olmaq səhv addım olub. Və Makkeyn hərbçiləri geri qaytarmaq istəmir. O deyir ki, biz qarşıdakı yüz ildə də həmin ölkədə qalacağıq. Bu isə heç kimin xeyrinə deyil - nə bizim, nə də iraqlıların».

Roads deyir ki, belə qərar vermələrinə həm də Makkeynin vitse-prezident kimi Sara Peylini seçməsi səbəb olub:

«Bu, dəhşətdir, mən sadəcə heyrət içindəyəm ki, o, qubernator Peylini özü ilə götürdü. Məncə, ətrafına təcrübəli, dünyagörüşlü adamların toplanması daha yaxşıdır. Amma mən Peylində bu təcrübəni görmürəm. Senator Makkeynin yaşlı olması çox böyük problemdir. Peylinin prezident olmaq ehtimalından narahat oluram. Məncə, ölkəyə rəhbərlik üçün onun kifayət qədər təcrübəsi və biliyi yoxdur».

İraqda hərbi xidmət zamanı yaralanan respublikaçı Stefani Maruşia da bu dəfə demokrat Obamanı müdafiə edir. Dediyinə görə, buna səbəb həm də Makkeynin veteranlar probleminə münasibətidir:

«Mən Makkeynin veteranlarla bağlı problemlərə münasibətinə baxdım. «Həmişə veteranları müdafiə edirəm» - deyən adamın veteranların əleyhinə səs verməsini bilmək mənə çox ağır oldu. Elə bir qanun layihəsinin əleyhinə çıxırdı ki, bu, veteranların sağlamlığına, onların və ailələrinin təhsilinə kömək ola bilərdi. Bu, məni şok etdi».

Nyu-Yorkda yaşayan 30 yaşlı Con Preston isə hətta www.republicansforObama.org - Obama üçün respublikaçılar məzmununda bir internet səhifəsi də yaradıb. Dediyinə görə, saytına gündə 9 mindən çox ziyarətçi daxil olur.
XS
SM
MD
LG