Keçid linkləri

2024, 16 Noyabr, şənbə, Bakı vaxtı 11:00

Dağlıq Qarabağla bağlı geniş müzakirəyə ehtiyac varmı?


Qarabağ ətrafında aparılan müzakirələr parlamentin fəaliyyətini də bir qədər aktivləşdirərdi
Qarabağ ətrafında aparılan müzakirələr parlamentin fəaliyyətini də bir qədər aktivləşdirərdi
Prezidentlərin Moskva görüşü, Türkiyənin Cənubi Qafqazda sabitliklə bağlı təşəbbüsü Qarabağ mövzusunun, müvəqqəti də olsa, politoloji baxımdan aktuallaşmasına səbəb oldu. Amma Moskva görüşündən sonra maraqlı hadisə baş verdi. Ermənistan prezidenti məsələni ölkənin 50-yə yaxın partiyası ilə müzakirə etdi. Düzdür, bu müzakirələrə qatılmayanlar da oldu. Onlardan biri də elə Ermənistanın indiki müxalifətinin lideri, eks- prezident Levon Ter- Petrosyan idi. Amma məsələ bunda deyil. Azərbaycanda da analoji müzakirələr gözlənirdi. Düzdür, bununla bağlı da fikirlər bir qədər haçalanır. Bəzi politoloqlar hesab edir ki, onsuz da hər şey hamıya aydındır, elə bu səbəbdən geniş siyasi diskussiyalara ehtiyac yoxdur.

Fəqət, məsələnin bir qədər siyasi-psixoloji aspekti də var. Hər şeydə hökumətə arxayın olmaq, düşünmək ki, hökumət cəmiyyətin tələbi və nəzarəti olmadan gecə-gündüz hansısa problemin həlli üçün çalışır – bu, həm sadəlövhlükdür, həm də belə hallar adətən cəmiyyətlərin hökumətə heç bir təsiri olmayan ölkələrdə baş verir. Söhbət tarixi 20 ili adlayan problemdən gedir. Bu müddətin 15 ili tək bir partiyanın hakimiyyəti dövründə keçib. Bu illər ərzində hansı irəliləyiş olub? Nə dəyişib? Heç olmasa, məsələnin həllinin hansısa konturları müəyyənləşibmi? Özü də söhbət seçkiləri 89 faizlə udan siyasi partiyadan gedir! Ən əsas problemin həll olunmadığı halda bu qədər böyük etimad üçün əsas haradan yaranır? Məsələ bundadır!

Bəli, Azərbaycan hökumətinin müəyyən arqumentləri var. Hərbi xərclər artırılıb, çadır düşərgəsində yaşayan qaçqınların problemi qismən həll olunub. Bütün bunlar doğrudur, amma real və yekun nəticə hələ yoxdur. Bundan başqa, hökumətin digər arqumentləri də var. Onlardan biri də budur ki, daxili siyasətdən fərqli olaraq, xarici siyasətdə məxfilik qorunmalıdır. Daxili siyasətdə nə qədər aşkarlıq var, bunu bir tərəfə qoyaq. Amma nəyə görə xarici siyasət qapalı olmalıdır? Nəyə görə lazımi hallarda ölkənin siyasi qüvvələri ilə məsləhətləşmələr aparılmamalıdır? Ən maraqlısı budur ki, xarici siyasətin qapalı olması haqqındakı fikirlər çox yüksək səviyyələrdə səslənir. Üstəlik, söhbət hansısa abstrakt məsələdən yox, ümummilli problemdən gedir.

Azərbaycanda hökumət, ümumiyyətlə avtonom rejimdə fəaliyyət göstərir. İldə iki dəfə hesabat verirlər, bununla da məsələ bitir. Bu hesabatlar isə o qədər formal və səthi xarakter daşıyır ki, hətta ekspertlər onların əsasında hər hansı bir nəticəyə gəlməyə çətinlik çəkirlər
Azərbaycanda hökumət, ümumiyyətlə avtonom rejimdə fəaliyyət göstərir. İldə iki dəfə hesabat verirlər, bununla da məsələ bitir. Bu hesabatlar isə o qədər formal və səthi xarakter daşıyır ki, hətta ekspertlər onların əsasında hər hansı bir nəticəyə gəlməyə çətinlik çəkirlər.
Hər hansı bir siyasi qüvvə müəyyən problemləri həll etmək üçün xalqdan beş il müddətinə mandat alır. Bu, Konstitusiyada təsbit olunub. Bundan sonra mütləq hesabat verilməlidir! Maraqlıdır kİ, hətta seçki ərəfəsində Qarabağ problemi ilə bağlı ciddi hesabat səslənmədi. Amma Azərbaycanın hətta yaxın keçmişində seçki vaxtı müxtəlif siyasi vədlər səslənirdi. İndi isə bu, yoxdur. Sadə məntiq var: proses gedir, bir çox məsələlər bizdən asılı deyil, problem qloballaşıb və s. Amma siyasətçinin missiyası budur ki, o, vəziyyətə təsir edə bilsin, onu dəyişsin.
Qarabağla bağlı müzakirələr digər aspektlərdən də önəm kəsb edir. Bu, ölkə daxilində siyasi dialoq istiqamətində atılmış bir addım ola bilərdi. Amma hakim partiya bunu istəyirmi? Ölkədə siyasi həyatın canlanmasında maraqlıdırmı? Bu suallara «hə» - demək çətindir. Qarabağ ətrafında aparılan müzakirələr parlamentin fəaliyyətini də bir qədər aktivləşdirərdi. Axı, ölkədə parlamentin də mövcudluğu hiss olunmalıdır. Düzdür, bu parlament onsuz da YAP-çılardan təşkil olunub, müzakirələrin açılacağı təqdirdə onların daha çox üstünlük təşkil edəcəyi aydındır. Amma siyasi partiyaların nümayəndələrinə də söz vermək olar axı! Üstəlik, ölkədə parlament nəzarətinin mövcudluğu haqqında bir görüntü də yaranardı. Bir dəfə belə bir müzakirə təşkil olunmuşdu. Məgər ondan ölkəyə ziyan dəydi?

İndi ən çox narahatlıq yaradan məsələ budur ki, Rusiya problemin həllində təşəbbüsü ələ almaq istəyir. Hətta bəzi mətbuat orqanları yazır ki, azad ediləcək ərazilərdə Rusiya sülhməramlılarının yerləşdiriliməsinə Qərb dairələri də etiraz etmirlər. Düzdür, bunların hamısı hələ ehtmallardır. Amma təminat varmı ki, ən azı Gürcüstana və Ukraynaya görə Qərb dairələri Azərbaycanda Rusiyaya güzəştə getməyəcək? Onsuz da Minsk Qrupunun digər həmsədrlərinin də Dağlıq Qarabağla bağlı mövqeyi bir çox hallarda Azərbaycanın maraqlarına cavab vermir. Bunu BMT-də keçirilən səsvermə göstərdi. Düzdür, amerikalı həmsədr sonuncu dəfə bir daha bəyan etdi ki, Kosovo variantı, Cənubi Osetiya və Abxaziya presedenti olmayacaq! Bu, müəyyən qədər təskinlik verir. Amma müzakirələrə bütün hallarda ehtiyac var. Hökumət həmişə ölkənin digər siyasi qüvvələri və vətəndaşları ilə müqayisədə daha çox informasiyaya malik olur. Nəyə görə bu informasiya cəmiyyətə çatmasın? Bəlkə ona görə ki, informasiyasız cəmiyyəti idarə etmək daha asandır?
Məqalədəki fikirlər müəllifin şəxsi mülahizələridir.
XS
SM
MD
LG