Keçid linkləri

2024, 16 Noyabr, şənbə, Bakı vaxtı 07:50

Bir qrup millət vəkili İran səfirini ölkədən çıxarmağı təklif edir


Milli Məclisin sədri Oqtay Əsədov məsələni şişirtməməyi tövsiyə edəndə, deputatların etirazı ilə qarşılaşdı

Parlamentin martın 24-də keçirilən iclasında bir qrup millət vəkili İranın Azərbaycandakı səfirini ölkədən çıxarmağı təklif etdi.

Millət vəkillərindən biri – Bütöv Azərbaycan Xalq Cəbhəsi partiyasının sədri Qüdrət Həsənquliyev bildirdi ki, Dünya Azərbaycanlılarının 2-ci qurultayında səslənən fikirlərlə bağlı notasında İran səfiri Əfşar Süleymani diplomatik qaydaları pozub, hətta azərbaycanlıları hədələyib.


Qüdrət Həsənquliyev əlavə edir ki, Milli Məclis Azərbaycan hökuməti və ölkənin Xarici İşlər Nazirliyindən məsələyə münasibət bildirmələrini tələb etməli, İran səfiri bu hərəkətinə görə üzr istəməzsə, fəaliyyətinə son qoyulmalıdır.


Demokratik Sahibkarlar partiyasının rəhbəri, deputat Asim Mollazadə isə bildirdi ki, indiyə qədər səfir Süleymaninin bəzi hərəkətlərinə lazımi reaksiya verilmədiyi üçün o, belə sərt bəyanatlarla çıxış edir. Cənab Mollazadə səfirin son hərəkətlərinə Azərbaycan XİN-in reaksiyasını da çox yumşaq hesab edir.


Milli Məclisin sədri Oqtay Əsədov bu məsələni şişirtməməyi tövsiyə edəndə, deputatların etirazı ilə qarşılaşdı.


Martın 16-da Bakıda keçirilən Dünya Azərbaycanlılarının ikinci qurultayında Dünya Azərbaycanlıları Konqresinin sədri Cavad Derəxti və bəzi başqa xarici qonaqlar İranda yaşayan azərbaycanlıların hüquqlarının pozulması barədə çıxışlar etmişdilər.


İranın Bakıdakı səfiri Əfşar Süleymani isə bu çıxışları ölkəsinin daxili işlərinə qarışmaq kimi qiymətləndirərək Azərbaycan XİN-ə etiraz notası təqdim etmişdi. XİN-də isə qurultayda səslənən fikirlərin Azərbaycan dövlətinin mövqeyi olmadığını bildirirlər.


XS
SM
MD
LG