Keçid linkləri

2024, 17 Noyabr, bazar, Bakı vaxtı 02:48

Dağlıq Qarabağda sülhü kim qorumalıdır?


Kosovoda fransız sülhməramlısı, Mitrovitsa, 25 aprel 2007
Kosovoda fransız sülhməramlısı, Mitrovitsa, 25 aprel 2007
Avropa Birliyi özünü Dağlıq Qarabağda sülhü dəstəkləmək üçün daha aktiv rola hazırlamalıdır. Bunu «Azadlıq» radiosuna müsahibəsində Beynəlxalq Böhran Qrupunun Avropa proqramları üzrə direktoru Sabin Freyzer deyib. Onun sözlərinə görə, Ermənistan və Azərbaycan baza prinsipləri üzrə sazişi imzaladıqdan sonra Avropa Birliyi sülhün bərqərar olunmasına dəstək göstərə bilər. Amma bunun üçün əvvəl regionu öyrənmək lazımdır:

«Avropa Birliyi Dağlıq Qarabağda heç vaxt olmayıb. Səfir Piter Semnebi oraya heç vaxt səfər etməyib, orada nəyin olduğundan xəbəri yoxdur. Və o bilmir ki, azərbaycanlılar işğal olunmuş ərazilərə qayıdandan sonra onların ehtiyacları nədən ibarət olacaq. Odur ki, Dağlıq Qarabağa, ətraf rayonlara və qaçqınların indi yaşadığı bölgələrə getmək vacibdir ki, onların ehtiyaclarının nədən ibarət olduğunu anlaya bilsin».

Sabin Freyzerin sözlərinə görə, Avropa Birliyinin yardımı humanitar, iqtisadi dəstək, infrastrukturun qurulmasına kömək, eləcə də sülhü qoruma missiyasından ibarət ola bilər:

«Potensial olaraq, Avropa Birliyinin sülhü qoruma qüvvələrinin regionda olması erməni qüvvələrinin bölgədən çıxarılması zamanı həm beynəlxalq qüvvələrin bu prosesi monitorinq etməsi və ermənilərin də, azərbaycanlıların da təhlükəsizliyini təmin etməsi baxımından vacibdir».

Politoloq İlqar Məmmədovsa deyir ki, Azərbaycan Dağlıq Qarabağda sülhü özü qorumalıdır. Onun fikrincə, Kosovoda beynəlxalq təminatçılar bu bölgənin müstəqilliyini təmin etdi:

«NATO qüvvələrinin orada mövcudluğu Belqrada imkan vermədi ki, kosovolular qətiyyətli addımlar atanda dərhal onun qarşısını alsın. Azərbaycan da regionda hər hansı ölkənin sülhməramlılarının yerləşdirilməsinə icazə verməməlidir».

Beynəlxalq Böhran Qrupunun proqram direktoru isə beynəlxalq sülh təminatçılarının Kipr və Bosniya-Herseqovina təcrübəsini də misal gətirərək, bəzi hallarda sülhü qoruma qüvvələrinin olduğu yerdə separatçı meyllərin azaldığını qeyd edir. Sabin Freyzer deyir ki, əsas məsələ insanların təhlükəsizliyinin təminatıdır ki, onun fikrincə, Avropa Birliyinin qüvvələrinin bölgədə olması insanlarda təhlükəsizliyə inamı artırar.


Hələ 90-cı illərin ortalarında azərbaycanlılar və ermənilər arasında «sülhü kim qoruyacaq» sualı danışıqlar prosesini dalana dirəyibmiş. Bu barədə vaxtilə danışıqların iştirakçısı olmuş keçmiş Xarici İşlər naziri Tofiq Zülfüqarov «Exo» qəzetində dərc olunan məqaləsində yazmışdı. O, xatırlayırdı ki, digər bütün məsələlər razılaşdırılsa da, Moskva və Yerevan sülhün yalnız Rusiya hərbçiləri tərəfindən qorunmasında inad etdiyi üçün danışıqlar prosesi pozuldu. Sabin Freyzerin sözlərinə görə, indi bu təhlükə yoxdur:

«Minsk Qrupu ölkələri arasında qeyri-rəsmi bir anlaşma var ki, nə həmsədr ölkələr, nə də regiondakı qonşu ölkələr bölgəyə sülhü qoruma qüvvələri göndərməməlidir. Bu, əla formuladır. Belə olsa, ruslarla bağlı problem yaranmır və potensial olaraq, Türkiyənin qüvvə yerləşdirmək niyyəti olsa, bu da problem olmayacaq».

Bəs yerli əhalini - həm azərbaycanlıları, həm də erməniləri razı salan təhlükəsizlik sistemini hansı qüvvələr yarada bilər?

İlqar Məmmədov deyir ki, Azərbaycan dövləti Qarabağda təkcə azərbaycanlıların deyil, ermənilərin də təhlükəsizliyini təmin edə bilər:

«Necə ki, indiyə qədər sülhü ikitərəfli atəşkəs sazişi qoruyurdu və Azərbaycan bu sazişə sadiq idi. Bundan sonra da belə olacaq».

Tərəflər arasında qarşılıqlı inamın gücləndirilməsi üçün ATƏT-in Minsk Qrupunun həmsədr ölkələri dekabrın 4-də Azərbaycan və Ermənistan hökumətlərini snayperləri cəbhə xəttindən geri çəkməyə çağırıblar və onlardan yaxın həftələrdə müsbət cavab gözlədiyini bəyan ediblər.

Sabin Freyzer deyir ki, bu cür addımlar atılarsa, gələcəkdə tərəflərin birgə sülh içində beynəlxalq qüvvələr olmadan da yaşayacağına inam artar.
Amma hələ nə rəsmi Bakı, nə də Yerevan çağırışa cavab verməyiblər.

Azərbaycan Xarici İşlər Nazirliyinin sözçüsü Xəzər İbrahim deyir ki, onlara belə bir müraciət olunmayıb. O ki qaldı həmsədr ölkələrin birgə bəyanatına, Xəzər İbrahim deyir ki, «həmsədrlər, davamlı olaraq bəyanat verirlər, Azərbaycan isə onlardan səyləri artırmalarını, Ermənistan tərəfinə başqa ölkənin torpağını işğal altında saxlamağın məqbul olmadığını açıq şəkildə demələrini gözləyir».
XS
SM
MD
LG