Keçid linkləri

2024, 16 Noyabr, şənbə, Bakı vaxtı 19:54

«Yol tikintisində standartlar pozulur»


«Körpülərin çox xeyri var. Ancaq düzgün tikə bilmirlər»
«Körpülərin çox xeyri var. Ancaq düzgün tikə bilmirlər»
- Bu körpü bütün standartlara cavab verir. Bu qovşağın bölgədə analoqu olmayacaq. Burada üç mərtəbəli yol qovşağı tikilir. İndiki yolun həm üzərindən, həm də altından - tuneldən nəqliyyatın hərəkəti mümkün olacaq. Təkcə piyada keçidinin uzunluğu 311 metrdir. Bir girişdən daxil olan piyada istənilən istiqamətə çıxa biləcək.

Bu sözləri Bakının mərkəzində - «Azadlıq» prospektində tunel-körpu tikintisi üzrə iş icraçısı Oqtay Səlimov deyir. Onun sözlərinə görə, bütün işlər layihə üzrə davam edir və gələn ilin ikinci yarısında yol qovşağı bütünlüklə hazır olacaq. Tikintini Türkiyənin «Yapilar» şirkəti aparır. O.Səlimov deyir ki, tikintiyə icraçı şirkətlə yanaşı daha iki qurum nəzarət edir:

- Texniki nəzarət «Azəryolnəqliyyatservis»in əlindədir, həm də «Texnomost» şirkəti müəllif nəzarətini həyata keçirir.

- Avadanlıqlar, tikinti materialları haradan alınır?

- İstifadə olunan armatur Ukrayna istehsalıdır. Yerli armaturdan istifadə edilmir. Maşın mexanizmlərinin sahibi isə Azərbaycandır. Hamısı müasir avadanlıqlardır.

Biz ərazidə olanda orada təxminən 100-ə yaxın işçi çalışırdı. 10 metrdən artıq dərinliyi olan tuneldə işləyən fəhlələrin çoxunun qoruyucu kəmərləri yox idi. Qazıntı işləri aparılan yarğanda çalışan fəhlələr bildirdilər ki, təcrübəli olduqlarından qoruyuculara ehtiyac duymurlar. Buna baxmayaraq fəhlələr tikintinin bütün texniki standartlara cavab verdiyini deyirlər:

- Tikintidə texniki standartlara kim nəzarət edir?

- Burada mütəxəssislər, iş icraçıları var. Tikinti prosesinə daimi nəzarət edirlər.

Ölkədə tikilən yol və yol qovşaqları ilə bağlı araşdırmalar aparan iqtisadçı ekspert Zöhrab İsmayıl isə deyir ki, yol tikintisində standartlar pozulur. İqtisadçının fikrincə, əsas səbəb işin ilk başdan düzgün planlaşdırılmamasıdır. Məsələn, bizim baş çəkdiyimiz yol qovşağının tikintisinə iki ildir başlanıb. İlkin smeta dəyəri 15 milyon manat olan layihəyə indiyə qədər 34,5 milyon manat ayrılsa da, tikintini başa vurmaq mümkün olmayıb. Yeni ildə isə tikintiyə yenidən büdcə ayrılması nəzərdə tutulub. Elə bu sistemsizlik yol qovşağının bir tərəfi tikilməmiş, o biri tərəfinin sıradan çıxmasına səbəb olur:

- Körpü tikintisində yetərincə çatışmazlıqlar var. Körpülərin həm üstündə, həm də altında asfalt örtüyü çox pisdir. Körpülərin çoxunun altı çala-çuxurdu. Heç kim də bilmir ki, bunlar nə zaman düzələcək. Bütün bunlar standartlara cavab verməyən işin nəticəsidir.

Z.İsmayılın sözlərinə görə, Azərbaycanda son illər inşa edilən bütün yol və körpülər istifadəyə veriləndən bir il sonra orada asfalt örtüyünə ya yamaq vurmaq, ya da yeniləmək lazım olur.

Bakı sakinləri isə bildirir ki, bütün hallarda körpülər şəhərdəki tıxac problemini bir qədər aradan qaldırıb. Ancaq onlar yol çəkilişinə ayrılan vəsaitlərin qarşılığında keyfiyyətin aşağı olduğunu düşünürlər. Məsələn, Ayna Sultanovanın heykəlinin yaxınlığındakı ərazidə tikilən körpüdə kanalizasiya sisteminin quraşdırılması layihə müəlliflərinin yadından çıxıb. Bu isə yoldan istifadə edənlər üçün problem yaradır. Xüsusən payız-qış aylarında:

- Körpülərin çox xeyri var. Ancaq düzgün tikə bilmirlər. Qarşıda işıqforda həmişə tıxac olur. Körpu tikilməmişdən əvvəl isə burda vəziyyət lap dəhşətli idi.

- Burda körpünün aşağısında su hansı səbəbdən yığılır?

- Çünki körpüdə kanalizasiya tikməyiblər.

- Sizcə, belə böyük pullar xərclənib, niyə görə kanalizasiya xətti layihəyə salınmayıb?

- Unudublar da yəqin.
XS
SM
MD
LG