Keçid linkləri

2024, 16 Noyabr, şənbə, Bakı vaxtı 08:01

Türkiyə «Nabucco»dan daha artıq pay istəyir


Avropa özünün Rusiyadan qaza olan ehtiyacının 30%-i aşmaması üçün ciddi-cəhd göstərərkən Türkiyə indi işlətdiyi qazın 65%-ni Rusiyadan alır
Avropa özünün Rusiyadan qaza olan ehtiyacının 30%-i aşmaması üçün ciddi-cəhd göstərərkən Türkiyə indi işlətdiyi qazın 65%-ni Rusiyadan alır
«Azadlıq» radiosuna baş nazir Ərdoğanın Brüsseldəki açıqlaması ilə bağlı müsahibə verən Beynəlxalq Enerji Şurası Türkiyə Milli Komitəsinin üzvü Necdet Pamirə görə «Nabucco» layihəsindən daha artıq pay istəyən Türkiyə bu mövqeyində haqlıdır.

-Baş nazir Ərdoğanın Brüsseldə «Əgər AB bizimlə müzakirələrdə enerji fəslini müzakirəyə açmazsa, biz də «Nabucco» layihəsinə əngəl olarıq»-, sözlərini necə dəyərləndirirsiniz?

-Mən heç kimin sözlərinə şərh vermirəm - bu, mənim prinsipial qərarımdır. Məsələ ilə bağlı baş nazirin nə deməsi lazım olduğunu da mən deyə bilmərəm. Ancaq baş nazir məndən bir şey soruşarsa,öz fikirlərimi deyərəm.

-Onda öz fikirlərinizi deyin lütfən.....

-«Nabucco» AB-nin enerji ehtiyacı və fərqli mənbələrdən enerji alınması nöqteyi-nəzərindən həyati əhəmiyyətə malik olan bir layihədir və mütləq həyata keçirilməlidir. Bu layihə həyata keçirilərsə, ildə 31 milyard kubmetr qaz daşınacaqdır. «Nabucco» AB-nin Rusiyadan getdikcə artan təbii qaz tələbatını müəyyən səviyyəyə çəkmək üçün hazırlanmış layihədir. AB-nin Rusiyaya olan enerji asılılığını tamamilə aradan qaldırmaq mümkün deyildir. «Nabucco» bu ehtiyacın 30%-i keçməməsi üçün düşünülmüş bir layihədir. Layihə ortaya çıxanda Azərbaycan, İran, İraq və Misiri mənbə kimi göstərmişdi. Bu mənada, layihə həyata keçiriləndə adını çəkdiyim ölkələr öz təbii qazlarını Rusiya olmadan Türkiyə üzərindən Avropaya çıxarma imkanı əldə edəcəklər ki, burada həm qaz istehsal edən ölkələr, həm Türkiyə və həm də AB qazanclı çıxmalıdır. Buna görə də tərəflərin hamısı buna həyati əhəmiyyəti olan layihə kimi baxırlar. Türkiyə bu ölkələrin qazının Avropaya çıxacağı ən önəmli məkan olduğuna görə bunu deyir: bizim də qaza ehtiyacımız var, biz də müxtəlif mənbələrdən qaz alırıq. Avropa özünün Rusiyadan qaza olan ehtiyacının 30%-i aşmaması üçün ciddi-cəhd göstərərkən Türkiyə indi işlətdiyi qazın 65%-ni Rusiyadan alır. Ona görə də Türkiyə də müxtəlif mənbələrdən qaz almağı haqq edir. Xüsusilə, Azərbaycan qazının burada Türkiyə üçün böyük əhəmiyyəti vardır. Çünki «Şahdəniz» yatağında Türkiyənin də ortaq olduğu qazı biz indi həm özümüz alır, həm də Yunanıstana veririk-gələcəkdə isə İtaliyaya verəcəyik. Əgər saziş imzalanarsa, Türkiyə bu yolla «Nabucco»ya qaz verəcək. Türkiyə «Şahdəniz»dən aldığı 6.6 milyard kubmetr qaza əlavə olaraq 8 milyard kubmetr qaz istəyir. Bu həcmə görə həm Avropanın, həm də Azərbaycanın etirazları var. Ancaq Türkiyə bunu qəbul edə bilməz. Türkiyə ilə Azərbaycan arasında qiymət məsələsində də anlaşmazlıq var. Digər tərəfdən Avropa da Türkiyənin həm daha çox qaz alıb özü istifadə etməsini istəmir, həm də bu qazın qalan qismini Avropaya satmasını istəmir. Avropa burada Türkiyəyə qarşı haqsızlıq edir ki, bu da bir növ, Ukraynanın düşdüyü duruma bənzəyir. Yəni, Avropa həm qiyməti müəyyənləşdirəcək, həm həcmə qarışacaq-sadəcə Avropanın istəklərini yerinə yetirəcək. Avropa Türkiyəyə və qaz istehsal edən ölkələrə yuxarıdan aşağı baxmağı yığışdırmalı, hər kəslə bərabər şərtlərdə ticarət aparmalıdır. Türkiyə öz tələblərində tamamilə haqlıdır. Burada qüsurun böyük qismi Avropa Birliyindədir.

-Azərbaycanın da qaz üçün Türkiyəyə yüksək qiymət verməsindən bəhs etdiniz. Bu barədə daha nə deyə bilərsiniz?

-2008-ci ilin iyulunda neftin qiyməti 147 dollara çıxmışdı. İndi neftin qiyməti 40 dollardan da aşağıdır. Neftin qiyməti düşdüyünə görə qaz qiymətləri də ona paralel olaraq düşür. Bundan sonra istər neftə, istərsə də qaza daha yüksək qiymət tələb edilməsi mümkün olmayacaqdır. Qlobal böhran hamıya dərs vermişdir.
XS
SM
MD
LG