Keçid linkləri

2024, 15 Noyabr, Cümə, Bakı vaxtı 17:23

Tenderlə sovrulanlar...


2006-2007-ci illər 26 milyon manata Bakı şəhərinin qəsəbələrində 14 yeni məktəb, 176 əlavə sinif otağı və 10 uşaq bağçası tikilib
2006-2007-ci illər 26 milyon manata Bakı şəhərinin qəsəbələrində 14 yeni məktəb, 176 əlavə sinif otağı və 10 uşaq bağçası tikilib

Sizə neft pullarının taleyinin həll olunduğu bir prosesdən - açıq tenderlərdən danışacağıq. Həmin tenderlərdə sanki gözə-görünməz sehrli bir çubuq vasitəsi ilə milyonlarla dövlət vəsaiti yoxa çıxır...

Bir məktəbin qiyməti…

«İstərdik ki, ölkəyə gələn böyük neft pullarından bizdə də, bir məktəb tikilsin». Bu Xırdalan dairəsində yaşayan Çingiz İsgəndərovdur. O deyir ki, yeni məktəblərdən biri onun da yolunun üstündə olsaydı, iqtisadi inkişafı daha yaxşı hiss edərdi:

«Bizdən məktəb çox uzaqdır. Xırdalan şəhərindədir. İki uşağım oxuyur, əlaçıdırlar, hər gün Xırdalana gedib-gəlirlər. Problem yaradır. Maliyyə cəhətcən də çatdırmaq olmur».

Neft və milyonlar səltənətində cəmi 120 manat maaş alan Çingiz İsgəndərovun deməsinə görə, hər gün uşaqlarını məktəbə aparıb-gətirmək onun az ailə büdcəsini xeyli ağırlaşdırır.

Ekspertlər isə düşünürlər ki, əgər hökumətin keçirdiyi tenderlərdən sonra milyon manatlarla dövlət vəsaiti «qara obşak»a yığılmasaydı, daha minlərlə məktəb tikmək olardı.

Təhsil Nazirliyinin sərəncam verdiyi investisiya xərclərinin bölgüsünə aid hesabatda qeyd edilir ki, 2006-2007-ci illər 26 milyon manata Bakı şəhərinin qəsəbələrində 14 yeni məktəb, 176 əlavə sinif otağı və 10 uşaq bağçası tikilib. Bu rəqəmlər əsasında müqayisəli hesablama aparan ekspertlər düşünürlər ki, Bakıda elə yol qovşaqları var ki, onlardan birinə ayrılan əlavə vəsaitlə 40-dan çox yeni məktəb, elə o qədər də uşaq bağçası tikmək olardı.

Əslində Təhsil Nazirliyinin inşa etdirdiyi məktəblərin nümunə olacağına da ictimaiyyətdə şübhələr var. Hələ bir müddət əvvəl bəzi mətbuat səhifələrində dərc edilən məlumatlara görə, Təhsil Nazirliyinin bir yeni məktəbinin qiymətinin yarısına, Amerika səfirliyi, ondan da böyük məktəb tikib istifadəyə verib.

«Turan» İnformasiya Agentliyinin eksperti Hafiz Babalı deyir ki, Azərbaycandakı hər bir nazirliyin, keçirdiyi tenderlərlə bağlı öz faizləri var. Onlar tenderə çıxarılan xidmət və iş üçün müqaviləyə uyğun olaraq ayrılan vəsaitin bir hissəsini bəri-başdan qalib şirkətdən alırlar:

«Söhbət gedir satınalmanın predmetindən. Bu əgər tikinti layihələri ilə bağlıdırsa, faiz yüksək olur. Yox əgər ərzaq və inventarların alınması ilə bağlı olursa, faiz yüksək olmur. Çünki burada qiymətləri əsasən bazar tənzimləyir».

Hələ iki həftə əvvəl Təhsil Nazirliyinə məktubla müraciət edərək, onlardan bəzi suallarımıza cavab vermələrini istəmişdik. Həmin məktubda tikilən məktəblərin smeta və yekun qiymətini, nazirliyin tenderlərində hansı şirkətlərin iştirak etdiyini və seçimin hansı meyarlarla aparıldığını soruşurduq.

Kəmərin təməlqoyma mərasimi. 2008-ci ildə başa çatmalı olan Oğuz-Qəbələ-Bakı su kəmərinin ilkin dəyəri 480 milyon manat idi.

İki həftədən sonra aldığımız cavab çox qısa oldu. Əslində bizə heç bir cavab verməyən nazirlik hesab edirdi ki, bu barədə məlumatlar kütləvi informasiya vasitələrində mütəmadi işıqlandırılır.

Hafiz Babalı deyir ki, nazirliklər tenderi necə keçirirlərsə, mətbuatla da elə işləyirlər.

Hər halda Xırdalan dairəsində yeni məktəbin inşa ediləcəyini, bununla da özünün və uşaqlarının üzüntülərinə son qoyulacağını düşünən Çingiz İsgəndərovun neft gəlirlərindən fayda görəcəyi günü gözləməkdən başqa əlacı qalmır. Ancaq dünyada neftin getdikcə ucuzlaşması bir yana, Neft Fonduna yığılan vəsaitləri də iri tikinti layihələri ildən-ilə necə deyərlər udmaqdadır.

Su kəməri neft kəmərindən baha başa gələcək

Neft Fondunun maliyyələşdirdiyi bir layihənin də başa çatmasını Bakılılar səbirsizliklə gözləyir. Şəhərin su ilə təchizatını yaxşılaşdıracaq Oğuz-Qəbələ-Bakı su kəməri isə dönüb susuz quyuya, nə qədər vəsait tökülsə də, kəmər su vermir ki, vermir.
2008-ci ildə başa çatmalı olan Oğuz-Qəbələ-Bakı su kəmərinin ilkin dəyəri 480 milyon manat idi. Ancaq bu il hələ də inşası davam edən bu layihəyə əlavə 300 milyon manata yaxın vəsait ayrılması proqnozlaşdırılır. Ekspertlər də deyir ki, belə getsə, su kəməri neft kəmərindən baha başa gələcək:

Hələ 2006-cı il iyulun 7-də «Azərbaycan» qəzetində Oğuz-Qəbələ-Bakı su kəmərinin inşasında boruların hazırlanması üçün tenderin keçirilməsi ilə bağlı elan dərc edilib. Elanda o da qeyd edilib ki, təkliflər paketi həmin ilin avqustunda açıqlanmalıdır. Sonradan da məlum olub ki, bu tenderi «Azkompozit» zavodu udub. Bu məsələylə bağlı araşdırma aparan jurnalist Səbuhi Qafarov deyir ki, həmin tender keçirilən vaxtı heç «Azkompozit» zavodunun rəsmi açılışı olmamışdı.

İqtisadi İnkişaf Nazirliyinin veb-səhifəsində də zavodun 2006-cı il dekabrın 29-da istifadəyə verildiyi bildirilir. Səbuhi Qafarov da elə bu uyğunsuzluğu anlamağa çalışır:

«Məsələ ondadır ki, prezident İlham Əliyevin iştirakı ilə «Azkompozit» zavodunun 2006-cı ilin dekabrın 29-da rəsmi açılışı olub. Ona bu şirkətin həmin ilin yayında keçirilən tenderdən qalib çıxması çox qəribə görünür.

Oğuz-Qəbələ-Bakı su kəməri üçün boruların hazırlanmasına Neft Fondundan 82 milyon manat vəsait ayrılıb. Səbuhi Qafarov düşünür ki, əgər bu zavod yuxarılardan himayə edilməsəydi, çətin bu tenderdən qalib çıxardı.

«Əl-Cəzirə»nin araşdırmasında söhbət 80 milyon dollarlıq Beynəlxalq avtovağzalın inşasından gedirdi

Araşdırmaçı jurnalistin sözlərinə görə, «Azkompozit» zavoduna spiker Oqtay Əsədova qohum olan şəxslər rəhbərlik edir.
Parlament sədri Oqtay Əsədov 2005-ci ilə qədər «Azərsu» Açıq Tipli Səhmdar Cəmiyyətinə rəhbərlik edib. Oğuz-Qəbələ-Bakı su kəməri ilə bağlı tenderi də elə bu cəmiyyət keçirib.

Dövlət büdcəsindən yararlanan bu zavod həm də Sumqayıtda ekoloji problemlərin mənbəyi olmaqda günahlandırılır. Üstəlik, nəinki jurnalistlər, hətta Ekologiya və Təbii Sərvətlər Nazirliyinin nümayəndələri də zavod ərazisinə daxil olmaqda çətinliklərlə üzləşir.

Amma su kəmərinin dərdi-səri bununla bitmir. Hüquq müdafiəçiləri iddia edirlər ki, bu kəmərin çəkilişi zamanı 4 mindən çox insanın hüququ pozulub. Kəmər həmin insanlara məxsus torpaq sahələrindən keçsə də, onlara kifayət qədər kompensasiya ödənilməyib. Hüquq müdafiəçiləri iddia edirlər ki, faktiki bir hektar torpaq üçün bir metr borunun dəyəri təklif olunur – «Azkompozit»də istehsal olunan borunun...

«ZQAN» sözündəki hərflər…

Azərbaycanda dövlət layihələrinin nazirlərlə əlaqəli şirkətlərə verilməsi məsələsi artıq beynəlxalq medianın da diqqətini cəlb edib.
«Əl-Cəzirə» televiziyasının müxbiri Həmiş Makdonaldın araşdırmasında söhbət 80 milyon dollarlıq Beynəlxalq avtovağzalın inşasından gedirdi. Reportajda deyilir ki, hökumət vağzalın inşası üçün «Bakı XXI əsir» adlı şirkətlə müqavilə bağlayıb. Həmiş Makdonald menecer Emil Ələsgərovdan şirkətin sahibinin kim olduğunu soruşduqda, ona Nəqliyyat Nazirliyi ilə əlaqə saxlamağı məsləhət görüblər.

«Əl-Cəzirənin» müxbiri bildirir ki, avtovağzalın layihəsi «ZQAN» adlı şirkətin internet səhifəsindən çıxır. Həmiş Makdonald deyir ki, bu şirkətin Nəqliyyat naziri Ziya Məmmədova bağlı olduğunu deyirlər. Onun sözlərinə görə, nazirlik bunu təkzib etsə də, üst-üstə düşən məqamlar var. Həmiş Makdonald reportajında qeyd edirdi ki, «ZQAN» sözündəki hərflər Ziya Məmmədovun və onun ailə üzvlərinin adlarının baş hərfləri ilə tamamilə uyğun gəlir.

«Əl-Cəzirə»nin araşdırmasındakı hərf oyununun fakt ya ehtimal olduğunu müəyyənləşdirmək çətindir. Hər halda ekspertlər isə deyir ki, əgər tenderlərlə bağlı bu qədər qaranlıq məqam qalmasaydı, ehtimallara yer də olmazdı.

«Xərçəngdən də dəhşətli məsələ…»

Türkiyə Cümhuriyyətində isə Baş Nazirə bağlı Özəlləşdirmə İdarəsində şəffaflıqla əlaqəli sualları təəccüblə qarşılayırlar.

Bakıda elə yol qovşaqları var ki, onlardan birinə ayrılan əlavə vəsaitlə 40-dan çox yeni məktəb, elə o qədər də uşaq bağçası tikmək olardı.

İhalə - Tender Şöbəsinin müdiri Öndər Kocabəy deyir ki, bu ölkədə bağlı qapılar arxasında iş görülmür:

«Bizim tenderlər bağlı qapılar arxasında olmaz. Mətbuata və hər kəsə açıqdır. Hətta böyük tenderlər televiziyalarla canlı yayıma çıxarılır. Hər kəsdə görür ki, kim nə qiymət verir. Bu baxımdan bizim keçirdiyimiz tenderlər qayət şəffafdır».

Hərçənd Satınalmalar üzrə Dövlət Agentliyinin şöbə müdiri Zahid Vəliyev də deyir ki, 2001-ci ildə tenderlər haqqında qəbul edilən yeni qanun Azərbaycanda ədalətli rəqabət mühitinin tam qorunmasına imkan verir:

«Bu qanun dövlət satınalmalarını daha da təkmilləşdirib, qeyri-sabit bazar şəraitində dövlət mənafeyini qorumağa, eyni zamanda malgöndərənlərin məsuliyyətini artırmağa şərait yaradıb».

Zahid Vəliyev deyir ki, ötən il keçirilən müsabiqələrlə bağlı onlar təqribən 20-yə qədər şikayət alıblar. Onun fikrincə, tender müsabiqələri ətrafında yaranan narazılığa təbii baxmaq lazımdır, çünki hər bir iştirakçı özünün təklifini daha mükəmməl hesab edir.

Bununla belə Zahid Vəliyev hesab edir ki, onlara gələn bütün şikayətlərə qanunvericiliyin tələblərinə uyğun baxılıb. Ancaq hər hansı bir şikayətlə bağlı nəticələri ləğv edilən tender olmayıb. Hər halda, nə qədər qəribə səslənsə də, Zahid Vəliyev tender müsabiqələrində korrupsiya hallarına qarşı təlimatlar qəbul edib-yaymaqla mübarizə apardıqlarını deyir:

«Azərbaycan respublikasında malların və xidmətlərin satın alınmasında korrupsiyaya və dələduzluğa yol verməməklə bağlı təlimatlar hazırlanıb. Bu təlimatlar həm satın alan təşkilatlara paylanıb, həm də bizim saytda yerləşdirilib.

- Başqa nə işlər görülüb?
- Tədbirlər planı genişdir və davam edir».

Millət vəkili Pənah Hüseyn isə Satınalmalar üzrə Dövlət Agentliyini tenderlər zamanı baş verən korrupsiya hallarının qarşısını almaqda aciz hesab edir: «İqtisadi İnkişaf Nazirliyində Anti-inhisar Departamenti var. Rəisini də tutmuşdular, buraxdılar. Onlar kağız üzərində olan qurumdur. Bu agentlik də eləcə…»

Pənah Hüseyn deyir ki, korrupsiya Azərbaycanda inkişafın tam qarşısını kəsib, böyük siyasi dəyişikliklər olmasa, bu ölkəni tam dağılmağa aparacaq, xərçəng xəstəliyi kimi:

Xəzər dənizi üzərində körpü inşasına başlanacaq. 5 il müddətinə tikiləcək bu körpünün uzunluğu 14 kilometr olmalıdır

«Bu xərçəngdən də dəhşətli bir məsələdir. Xərçəngin bəzən qarşısını cərrahiyyə əməliyyatı ilə almaq olur. Bu isə artıq siyasi məsələdir».

Görəsən bundan sonra nə qədər milyonlar sovrulacaq?

Ekspertlər deyir ki, qara qızıl qurtardıqdan sonra, ölkənin əsil qara günləri başlayacaq. Ancaq Azərbaycanda hələ də böyük layihələrdən danışılır. Nəqliyyat Nazirliyindən verilən məlumatlara görə, bu il Xəzər dənizi üzərində körpü inşasına başlanacaq. 5 il müddətinə tikiləcək bu körpünün uzunluğu 14 kilometr olmalıdır. Körpünü bir Koreya şirkətinin tikəcəyi deyilsə də, tenderlə bağlı ictimaiyyətə geniş bilgi verilmir. Bakıda bir yol qovşağının 100 milyon manata belə tikilib başa çatmadığı halda, 40 min ton yükgötürmə qabiliyyəti olacaq bu körpüdə görəsən nə qədər milyonlar sovrulacaq?

Tenderlə sovrulanlar... (Birinci məqalə)

XS
SM
MD
LG