Keçid linkləri

2024, 16 Noyabr, şənbə, Bakı vaxtı 12:29

«Nabucco» Avropanın həmrəyliyi üçün bir sınaqdır»


«Nabucco» sammiti, 27 yanvar 2009
«Nabucco» sammiti, 27 yanvar 2009
«Əgər mart ayına kimi Avropa Birliyi ölkələri «Nabucco»yla bağlı konkret razılaşma imzalaya bilməsələr, bu layihəni unuda bilərlər».

Avropa Birliyinin (AB) enerji komissarı Andris Piebalqs Budapeştdə yanvarın 27-dəki konfransda belə deyib.

Piebalqs fikrini bununla əsaslandırır ki, hər hansı dövlətlərarası razılaşma olmayacaqsa, heç bir bank, hətta Avropa Birliyinin İnvestisiya Bankı və Yenidənqurma və İnkişaf Bankı da bu layihəni dəstələyən deyil. Çünki maliyyə böhranının yaşandığı indiki dövrdə sadəcə çox yaxşı ideyaya görə, heç bir bank kredit ayırmaq riskini üzərinə götürməz.

Avropa İnvestisiya Bankının prezidenti Fillip Meystadt deyib ki, onlar Avropanın enerji təhlükəsizliyinə fayda olacaq layihənin 25 faizini maliyyələşdirməyə hazırdırlar.

Avropa Yenidənqurma və İnkişaf Bankının prezidenti Tomas Mirou da maliyyə dəstəyi sözü verib. Amma hər ikisi konkret planlar - təminatlar və dövlətlərarası saziş istəyir.

Düzdür, dövlətlərarası saziş imzalanması məsələsi indi bir il əvvəlkindən real görünür. ABŞ Dövlət katibinin köməkçisinin müavini Metyu Brayzanın da dediyi kimi, Rusiya-Ukrayna mübahisəsi indi hətta 1 il əvvəl «Nabucco»ya xəyal kimi baxan Macarıstanın da fikrini qəti dəyişib. Konfransa ev sahibliyi edən Macarıstanın Baş naziri Ferens Dyurçan «Nabucco»nu az qala müstəqilliyin bir simvolu adlandırmışdı. Və Avropa maliyyə qurumlarını indidən layihəni başlamaq üçün 300 milyon avro ayırmağa çağırmışdı.

Avropa Birliyinin sədri qismində toplantıya qatılan Çexiyanın Baş naziri Miroslav Topolanek isə daha uzağa gedib və Rusiyanın Ukraynadan keçmədən Avropaya çəkəcəyi «Şimal axını» və «Cənub axını» kəmərlərinin «Nabucco»ya təhlükə olduğunu da deyib:

«Nabucco» bizim müstəqilliyimizi təmin edəcək layihədir. Çünki Avropa Birliyi Rusiya və Norveç qazıyla bərabər 3-cü fərqli mənbədən də qaz ala biləcək. Mən Rusiya və Norveçin adını boş yerə bir yerdə çəkmədim. Göstərmək istəyirəm ki, «Nabucco» Rusiya əleyhinə yönələn bir layihə deyil».

İllik gücü 31 milyard kubmetr olacaq «Nabucco» kəmərinin 3300 kilometrlik hissəsinin tikilməsinə təxminən 8-10 milyard avro tələb olunur
Topolanek əlavə edib ki, bu gün «Nabucco»yla bağlı sazişin imzalanması Avropanın həmrəyliyi üçün bir sınaqdır. Çünki növbəti qaz böhranı istənilən vaxt baş verə bilər və yeni böhran indikindən də pis olacaq.

Avropalı siyasətçilər və bankirlərin açıqlamaları öz yerində, amma əsas sual hələ də bu saatlara qədər cavabını tapmayıb. «Nabucco»ya hansı qaz vurulacaq? Çünki Budapeştə gəlsə də, potensial qaz satıcıları - Türkmənistan, Qazaxıstan və Azərbaycan rəsmiləri ancaq ümumi sözlərlə dəstəklərini ifadə edirlər. Məsələn, Azərbaycan prezidenti İlham Əliyev deyib ki, o, yanvardakı Rusiya-Ukrayna qaz mübahisəsi üzündən Avropa Birliyinin narahatçılığını başa düşür:

«Biz müştərilərin narahatçılığını başa düşürük, xüsusən də əgər onlar hansısa istehsalçı və tranzit ölkənin mübahisəsi üzündən ziyan çəkməli olurlarsa…»

İ.Əliyev sammitdə «Nabucco»nu ümumilikdə dəstəklədiklərini desə də, sammitə qədər verdiyi müsahibələrdə Azərbaycan üçün layihənin kommersiya məsələsi olduğunu vurğulamışdı.

İ.Əliyev əsasən Azərbaycanın bu layihədə təkcə tranzit yox, həm də ixracatçı ölkə olması perspektivlərinə diqqəti yönəldir. Yəni Azərbaycan kommersiya baxımdan ən əlverişli qiyməti və şərtləri təklif edən tərəfə qazını satmaq fikrindədir. «Nabucco» kəməri üçün Azərbaycan qazına hələlik konkret qiymət təklif edilməsə də, Rusiya Azərbaycan qazının 1000 kubmetrini yerindəcə 250 dollara almağı təklif etmişdi.

Üstəlik, Rusiya özü də «Nabucco» layihəsinə istehzayla yanaşır.
Rusiyanın Avropa Birliyindəki nümayəndəsi Aleksandr Çirşov deyib ki, Moskva Avropaya «Nabucco»yla eyni istiqamətdə - Türkiyədən keçən «Cənub axını» təklif edir. Bu kəmər artıq var və genişləndiriləndən sonra ildə 30 milyard kubmetr qaz ötürə biləcək. Üstəlik, Rusiyanın bundan ötrü qazı da var. «Nabucco» üçünsə hələ heç qaz da yoxdur.

İllik gücü 31 milyard kubmetr olacaq «Nabucco» kəmərinin 3300 kilometrlik hissəsinin tikilməsinə təxminən 8-10 milyard avro tələb olunur. Bu kəmər 2020-ci ilə Avropanın qaz tələbatının 8 faizinə yaxınını ödəyə bilər. Əgər Azərbaycan, Türkmənistan və Qazaxıstan kimi ölkələr də bu layihəyə qoşulmağa razılıq versələr.
XS
SM
MD
LG