Keçid linkləri

2024, 16 Noyabr, şənbə, Bakı vaxtı 04:37

Bir ildə media sahəsində 356 pozuntu faktı…


Yadigar Məmmədli: «KİV-in indiki vəziyyəti ilə 10 il qabaqkı vəziyyətini müqayisə edəndə, görürük ki, fərq çox böyükdür»
Yadigar Məmmədli: «KİV-in indiki vəziyyəti ilə 10 il qabaqkı vəziyyətini müqayisə edəndə, görürük ki, fərq çox böyükdür»
Dinlə

«Azərbaycanda 2008-ci ildə söz və mətbuat azadlığı sahəsində 356 pozuntu faktı qeydə alınıb». Bunu «Azadlıq» radiosunun «Can Bakı» proqramına Demokratik Jurnalistlər Liqasının sədri Yadigar Məmmədli deyib.

Onun sözlərinə görə, rəhbərlik etdiyi liqa artıq 2 ildir ki, Azərbaycanda söz və mətbuat azadlığı sahəsində monitorinqlər aparır. Ötən il aparılan monitorinqlərin nəticəsi onu göstərib ki, 356 pozuntu faktının 224-ü məhkəmə prosesləri ilə bağlıdır:

«Məhkəmə çəkişmələri daha çox Cinayət Məcəlləsində olan 147, 148-ci maddələrlə - böhtan və təhqir maddələri ilə əlaqədardır. Artıq neçə illərdir ki, bu maddələrin Cinayət Məcəlləsindən çıxarılmasına çalışırıq, heç olmasa Mülki Məcəlləyə keçirilsin. Bunun üçün «Diffamasiya haqqında» qanun da hazırlamışdıq. Bu layihəni ATƏT-in Bakı ofisi maliyyələşdirmişdi. Lakin hakimiyyət bildirdi ki, Azərbaycan cəmiyyəti hələlik bu qanunu qəbul etməyə hazır deyil».

«Təəssüflər olsun ki, son 10 ildə hər il media sahəsində geriləmələr müşahidə olunur» – bunu da Yadigar bəy dedi: «2008-ci il də o sıradan oldu. Baxmayaraq ki, ilin əvvəlində Mətbuat Şurasının İdarə Heyətinin üzvü olaraq mediaya yardım dəstəyi ilə bağlı dövlət konsepsiyasını hazırladıq.
Ümid edirdik ki, medianın fundamental problemləri öz həllini tapacaq. Bu gün faktdır ki, bu konsepsiya hələ də işə başlamayıb. Ötən il bununla bağlı prezident fərman versə də, fond yaradılmayıb, konsepsiya həyata keçməyib».

Müsahibimiz belə zənn edir ki, ilin sonunda media sahəsində vəziyyət daha da pisləşəcək: «KİV-in indiki vəziyyəti ilə 10 il qabaqkı vəziyyətini müqayisə edəndə, görürük ki, fərq çox böyükdür. Sıralarımız çox daralıb, KİV olaraq kiçilmişik».

Yadigar Məmmədlinin əlavəsinə görə, bu monitorinqi keçirməkdə məqsəd söz və mətbuat azadlığı sahəsindəki vəziyyəti kənardan müşahidə edib, statistik göstəricilər əldə etməkdir: «Biz nəticələri ingilis dilinə tərcümə edib, bütün beynəlxalq təşkilatlara göndəririk. Monitorinqlər çox şəffaf aparılır, hər hansı beynəlxalq qurum Azərbaycan mediası haqda rəy verəndə, bizim hesabata istinad edə bilər. Məqsədimiz vəziyyəti olduğu kimi göstərməkdir».
XS
SM
MD
LG