Keçid linkləri

2024, 16 Noyabr, şənbə, Bakı vaxtı 08:52

Emin Fətullayev: «Biz artıq əfv fərmanı gözləmirik»


Atası deyir ki, Eynulla Fətullayevin müdafiəsi ilə bağlı dünyanın 4 bir guşəsindən məktublar alırlar
Atası deyir ki, Eynulla Fətullayevin müdafiəsi ilə bağlı dünyanın 4 bir guşəsindən məktublar alırlar
«Biz artıq əfv fərmanı gözləmirik. 6 məhkəmə oldu, hamısı da qanunsuz. Bütün dünya bilir ki, bu qurama işdir. Eynulla yazdıqlarına görə, ən yuxarıdan verilən sifarişə əsasən həbs edilib. Biz artıq Avropa Məhkəməsinin qərarını gözləyirik».

Həbsdə olan jurnalist Eynulla Fətullayevin atası Emin Fətullayev oğlu ilə 3 gün əvvəl görüşüb. Oğlunun həm səhhətinin, həm də əhval-ruhiyyəsinin yaxşı olduğunu deyən ata onun bu il azadlığa çıxacağına inanır.

Elə Eynulla Fətullayevin vəkili İsaxan Aşurov da Avropa İnsan Hüquqları Məhkəməsinə Azərbaycan məhkəmələrindən fərqli gözlə baxır:

«Mən Avropa Məhkəməsinin hüquqa və ədalətə söykəndiyini bilirəm və bu işə orada ədalətlə baxılacağına heç bir şübhəm yoxdur».

Eynulla Fətullayev iki il əvvəl məhkəmənin hökmü ilə 8 il 6 ay həbs cəzası alıb. O terrora çağırışda, milli ədavəti qızışdırmaqda və vergidən yayınmaqda günahlandırılır. Avropa İnsan Hüquqları Məhkəməsi də elə həmin ilin sentyabrında jurnalistin şikayətini icraata götürüb. Vəkil İsaxan Aşurov deyir ki, Azərbaycan hökuməti Avropa Məhkəməsinin sorğusuna bu il yanvarın 16-na qədər cavab verməli idi. Ancaq vəkilin sözlərinə görə, iki həftə əlavə vaxt istəyən hökumət nəhayət ötən həftənin sonlarında sorğuya cavab göndərib. Ancaq İsaxan Aşurov bildirir ki, bununla bağlı rəsmi bildiriş ona hələ çatmayıb.

Vəkilin sözlərinə görə, Azərbaycan Xarici İşlər Nazirliyi isə onların sorğularına hələ də cavab verməyib. Hələ məhkəmədə hakimin açıqlamalarından bəlli olmuşdu ki, Xarici İşlər Nazirliyi istintaq orqanlarına məktub göndərərək bildirmişdi ki, Eynulla Fətullayevin terrora çağırış elementlərinin olduğu iddia edilən həmin yazısı ilə bağlı Azərbaycanda fəaliyyət göstərən beynəlxalq təşkilatlar təşviş keçirirlər. Müdafiə tərəfinin Xarici İşlər Nazirliyinə verdiyi həmin sorğuda isə yazıdan təşvişə düşən beynəlxalq təşkilatların adlarının çəkilməsi istənilirdi. Xarici İşlər Nazirliyinin sözçüsü Xəzər İbrahim isə həmin sorğuya cavab verdiklərini bildirir:

«-Cavab verilib.
-Məzmunu nədən ibarətdir. Orda izahat verilirmi söhbət hansı beynəlxalq təşkilatlardan gedir?
-Biz heç kimə izahat vermək məcburiyyətində deyilik. Ancaq cavab vermişik…»

Azərbaycanda sorğulara istənilən cavablar verilməsə də, Eynulla Fətullayevin ailəsi onun müdafiəsi ilə bağlı dünyanın 4 bir guşəsindən məktublar almaqdadırlar. Emin Fətullayev deyir ki, məktubların birində Böyük Britaniyada yaşayan 35 keşişin imzası var. Həmin keşişlər yazırlar ki, Böyük Britaniyadakı kilsələrə müraciət edərək Eynulla Fətullayevin azadlığa buraxılması üçün dua etmələrini rica ediblər. Eynulla Fətullayevə Filippin diktatoru Markosu tənqid etdiyinə görə 8 il cəza alan jurnalist Pouldan da məktub gəlib. Həmin jurnalist də Eynulla Fətullayevə möhkəm olmağı, sınmamağı tövsiyə edir…
XS
SM
MD
LG