Keçid linkləri

2024, 16 Noyabr, şənbə, Bakı vaxtı 07:28

Bir cənub şəhərində


Lənkəran şəhəri
Lənkəran şəhəri
Lənkəranda çoxları Sovet hökuməti üçün darıxıb

Lənkəran sakinləri və hətta rəsmiləri də buranın şəhər yeri olduğunu iddia edir. Bütün rayon haqda deməsələr də, rayon mərkəzini şəhər sayırlar. Düzdür, müəyyən qədər haqlıdırlar. Çünki küçələri asfaltdandır, kanalizasiya sistemi, universiteti, parkları, məktəbləri, şadlıq evləri var, telefonlaşıb – qısası, şəhərdə olmalı olan çox şeyi var.


Amma mən yenə də Lənkərana şəhər deməzdim, çünki şəhərdə odundan istifadə etmirlər. Amma Lənkəran da, elə rayonun kəndlərində də istilik almaq üçün odundan istifadə edirlər. Odun tapmaq istəyən kənd camaatı və odun alverçiləri isə yolunu Milli Park statusu alan Hirkan və Talış meşələrindən salırlar. 1 kubmetri təxminən 20 min manata alınan odunla kənddə 3 günü yola vermək olur. Amma dizel, ağ neft və məişət qazının qiyməti qalxmamışdan əvvəl camaat bu yanacaqla çalışan xüsusi qızdırıcılardan da istifadə edirmiş. Bəzi yanacaq növlərinin, əsasən də dizelin bahalaşması Lənkəranda kənd təsərrüfatıyla məşğul olanları və sürücüləri çox qıcıqlandırıb. Belə narazılara əsasən bazarda və avtovağzalda rast gəlmək olardı.


Lənkəran bazarında satıcılar ayrı şeylərdən də, məsələn, bazarda yenidənqurma aparan rayonun təzə icra hakimiyyəti başçısından da narazılıq edirdilər.


İcra başçısı Süleyman Mikayılov isə bazardakı yenidənqurma işlərindən heç də hamının narazı olmadığı deyir. Onun sözlərinə görə, bazar ətrafını təmizlədiyi üçün ona çoxlu təşəkkür edənlər də var.


Bu bazarda satıcıların çoxu qadınlardır. Ümumiyyətlə, bu bölgənin qadınları işləkliyi, diribaşlığı baxımından kişilərdən elə də geri qalmırlar. Dediklərinə görə, bura satmağa çıxardıqları məhsulun elə əziyyətini də özləri çəkirlər. Amma camaatda pul olmadığından, alver etmək də çətinləşib. Əsasən maaşdan-maaşa, pensiyadan-pensiyaya bazarda alver qızışır.


Lənkəran rayonunda dünyanın bir çox yerlərindən quşların üz tutduğu Qızılağac qoruğu var. Amma qoruğa qışlamağa gələn quşların qrip olması qorxusu birbaşa bazardakı quş alverinə təsir edib. Bazarda ov və ev quşlarının satışına qadağa qoyulub. Düzdür, həm rəsmilər, həm də satıcılar yerli quşların xəstə olmadığını iddia edir.


Lənkəranda olduğum müddətdə çoxlu giley-güzar eşitdim. Mikrofonu kimə uzadırdımsa, ancaq narazılıq eşidirdim. İnsanları axıra kimi dinləyəndə məlum olurdu ki, burda çoxları Sovet hökuməti üçün darıxıb. İşsizlik, soyuq, şəraitsizlikdən gileylənən lənkəranlılar Sovetlər deyəndə dolu soyuducuları, yaxşı maaşı, pensiyanı, heç vaxt kəsilməyən işığı və qazı yada salırdı.


Bunlar 200 minə yaxın əhalisi, 2 şəhəri və 100-dək kəndi, subtropik iqlimi və məhsuldar torpağı, Qızılağac və Hirkan kimi iki qoruğu, balıq zavodları və sanatoriyaları, turizm üçün yararlı yerləri olan Lənkəran rayonunda eşitdiklərimin bir qismi idi. Rayon rəsmilərindən bol-bol vədlər də eşitdim. Lənkəranda 93 min nəfər, yəni hər iki adamdan biri işlə təmin olunub, 2006-cı ildə rayonun işıq və qazla təminatındakı bütün problemlər aradan qaldırılacaq, yaxın 2-3 ildəsə yeni iş yerləri açılacaq, kənd təsərrüfatı 1980-ci illərin səviyyəsinə qalxacaq və s. və ilaxır. Hələliksə Lənkəranın gəncləri Rusiya və İranda işləyə-işləyə valideynlərini yaxşı gələcəyə çıxartmağa çalışırlar.


XS
SM
MD
LG