Keçid linkləri

2024, 16 Noyabr, şənbə, Bakı vaxtı 09:28

İdman kompleksi, karikatura və 80 dəqiqəlik mühazirə...


Bakı Dövlət Universitetinin idman kompleksi, 20 aprel 2006
Bakı Dövlət Universitetinin idman kompleksi, 20 aprel 2006
İndi demək olar ki, Bakıdakı əksər universitetlərdə tələbələrin başı oxumaqla yanaşı, həm də məşqlərə qarışıb. Hər tədris ilində olduğu kimi, bu il də universiada, yəni ali məktəb tələbələri arasında idman yarışları keçirilir. Bir neçə ali məktəbdə demək olar ki, bütün idman növləri üzrə xüsusi məşq otaqları, meydançalar, qurğular, bir sözlə, nə desən var. Bu ali məktəblərdə təhsil alanlar nəinki məşqlərə, elə bədən tərbiyəsi dərslərinə də böyük həvəslə gəlirlər.

Azərbaycan Beynəlxalq Universitetinin bədən tərbiyəsi və idman kafedrasının dekanı Xanlar Qurbanov deyir ki, bu yaxınlarda universitetdə üzgüçülük hovuzunun inşasına başlanacaq: «Bunun üçün ayrıca meydança da ayrılıb. 50 metrlik, beynəlxalq standartlara uyğun bir hovuz olacaq».


Bakı Dövlət Universitetinin bədən tərbiyəsi və idman kafedrasının dekanı Akif Atakişiyev isə deyir ki, universitetin həyətində inşa edilən üzgüçülük hovuzu artıq hazırdır və bu günlərdə tələbələrin ixtiyarına veriləcək: «Bu, bir kompleksdir. Burada stolüstü tennis, kinqboks və taykvando zalları, məşq və trinajor otaqları tikilir».


Amma üzgüçülük hovuzu bir yana, heç müxtəlif məşq otaqları, idman qurğularının olmadığı ali məktəblərin də sayı az deyil. Biz belə universitetlərdən birində - Bakı Slavyan Universitetində olduq. Sən demə, idman kompleksinin olmaması bu ali məktəbdə təhsil alanların ən böyük dərdlərindən biriymiş.


Birinci tələbə: «Çox istərdim ki, bizim də universitetdə idman qurğuları, voleybol və futbol meydançaları olsun».


İkinci tələbə: «Sözsüz ki, bizdə də yaxşı idman komleksinin olmasını istərdim, bu, həm də bizə sərf edərdi, vaxtımızı itirməzdik, gəlib burda məşq edərdik».


Üçüncü tələbə: «Başqa universitetlərdəki zallardan pulsuz istifadəyə icazə verilməsi təqdirəlayiq olardı».


Sonuncu müraciətə Akif Atakişiyev və Xanlar Qurbanovun münasibəti eyni oldu. Dedilər ki, hər bir ali məktəbin idman kompleksi onun öz tələbələri üçün nəzərdə tutulub. Onlar təkcə idman dərslərində deyil, həm də asudə vaxtlarında gəlib istədikləri zallardan, meydançalardan və qurğulardan pulsuz-parasız istifadə edə bilərlər. Digər ali məktəblərin tələbələri isə, yalnız yarışlar öncəsi məşqlər üçün müraciət etdikdə, imkan daxilində onlara şərait yaradılır. Amma daimi istifadə -istər ödənişlə, istərsə də ödənişsiz heç cür mümkün deyil. Rəhbərləri razılaşmasa da, idman komleksi olan ali məktəblərin tələbələri başqa universitetdəki tələbələrlə birgə məşqlər etmək istədiklərini bildirir. Amma etiraz edənlər də var.



Bakı Dövlət Universitetinin Üzgüçülük Kompleksi, 20 aprel 2006
Yeri gəlmişkən, təhsil aldıqları universitetdə idman kompleksinin olmamasından və ya təhsillə bağlı üzləşdiyi başqa problemlərdən şikayətlənmək üçün tələbələrə əla imkan yaranıb. Amma gərək bir balaca karikatura çəkmək bacarığın ola ki, təhsildəki problemlərlə bağlı müsabiqəyə düşə biləsən. Tələbələr arasında Milli Karikatura Müsabiqəsi keçirilir. Müsabiqəni Karikaturaçılar Birliyi, Dövlət İqtisad Universitetinin Tələbə Gənclər Təşkilatı və «İrəli» Gənclər Təşkilatı birgə təşkil edib. Karikaturaçılar Birliyinin direktoru Seyran Cəfərli: «Burada iki məqsəd var: Birincisi, tələbələrin ümumiyyətlə, təhsildə olan problemlərə münasibətini öyrənmək, ikincisi isə, ali təhsil ocaqlarında həqiqətən karikaturaya maraq göstərən insanları aşkar etməkdir. Mövzu - təhsildə neqativ hallar, rüşvətxorluq, korrupsiya və yaxud müəllim-tələbə münasibətləridir».

Cənab Cəfərli deyir ki, əsərlər A-4 formatında və orijinal olmalıdır. Hər bir tələbə 3 karikatura təqdim edə bilər.

Deyirlər ki, tələbənin cibi həmişə boş olur. Bu müsabiqəyə qoşulmaqla cibi də doldurmaq olar. Çünki mükafatlar arasında pul da var. Birinci, ikinci və üçüncü yerlərin sahiblərinə 50 yeni manatdan 100 manata qədər mükafat və sertifikatlar veriləcək. Seyran Cəfərli deyir ki, ən yaxşı əsərlər həm də sərgilənəcək.


Seyran Cəfərli: «Ən yaxşı seçilmiş əsərlərdən həm buklet, həm də sərgi təşkil edəcəyik».


Müsabiqəyə qatılmaq istəyənlər əsərlərini aprelin 20-dək Dövlət İqtisad Universitetinin Tələbə Gənclər Təşkilatına təqdim etməlidirlər. Qaliblər aprelin sonunda elan olunacaq.


İndi də sıra gəlib çatdı Bakı Dövlət Universitetinin Jurnalistika fakültəsinin tələbələrinə. Əfsanə, Fərid və Aygün bu dəfə nə az, nə çox – düz 80 dəqiqə çəkən dərs prosesindən danışacaqlar.


80 dəqiqə taxta oturacaqda oturub dərsə qulaq asmaq o qədər də asan deyil. Əgər dərs maraqsız keçirsə, gəl gör tələbə nə çəkir. Amma tələbələrin çoxu bu vaxtı heç də hədər vermir. Fürsət düşən kimi biri çevrilib yoldaşı ilə serialdan danışır, digəri radioya qulaq asır, bir başqası isə SMS, yəni mesaj yazır. Hələ xəlvəti telefonla danışanları demirəm. Bakı Dövlət Universitetinin tələbələri bu mənada heç də geri qalmır.


Görəsən, tələbələr dərs vaxtı darıxmamaq üçün başqa hansı vasitələrdən istifadə edirlər? Bunu öz tələbə yoldaşlarından Fərid soruşub:


Tələbələr:


1. Maraqsız dərslərdə telefonla oynayıram, maraqlı dərslərdə qulaq asıram. 2. Elə olur başımı qoyub yatıram, ya da uşaqlarla söhbət edirəm. 3. Dərsdə söhbət edirəm, məni maraqlandıran işlərlə məşğul oluram. Elə müəllimlər var ki, reaksiyası ciddi olur, elələri də var ki, heç əhəmiyyət də vermir. 4. Dərs maraqlıdırsa, qulaq asıram, maraqsızdırsa, sonrakı dərslə məşğul oluram. 5.Dərs maraqlı keçəndə məndə paxıllıq hissi yaranır ki, niyə 80 dəqiqəni uşaqlar mənə yox, müəlliməyə qulaq asırlar. Bilirəm bu pis cəhətdir ki, uşaqların fikrini dərsdən yayındırıram, ancaq mənim özümçün yaxşıdır, məşhurlaşıram. 6. Dərs vaxtı əlavə işlərnən məşğul olmaq mümkündür. Yəni riyaziyyat dərsində ədəbiyyatla məşğul oluruq, əlavə kitablara baxırıq. Bəzən də uşaqlar telefonda mahnıya qulaq asırlar. Dərsə qulaq asmayan çoxdur. Heç müəllimlərə əhəmiyyət verən olmur çox vaxt.


Bəs dərs prosesi necə keçsə tələbələrin ürəyincə olar? Bu barədə onların öz təklif və istəkləri var.


Tələbələr:


1. Diskussiyalı olsa, daha maraqlı olar. 2. Mənim üçün maraqlılıq dərslərdə iştirak etməyim, fikirlərimi bölüşməyimdir. 3. Dərs ancaq müəllimənin diqtəsi altında keçməsin, tələbələr də danışmalıdır. Belə daha maraqlı olar. 4. Sovet dövrünün anlayışında olan müəllim müasir gənclərə sovet ədəbiyyatından danışanda, bu sözsüz ki, maraqsızdır. Ona görə də müəllimlər özləri də dəyişməlidir, indiki gənclərə uyğun hərəkət etməlidir. 5. Mənə elə gəlir ki, bütün dəcəl tələbələrin istəyi o olar ki, praktikalar artırılsın. Çünki 3-cü kurs tələbəsini auditoriyada otuzdurub ona bütün günü mühazirə oxumaq düzgün deyil. Bu, tələbəni üzür. Bunu 1-ci, 2-ci kurslarda etmək olar, 3-cü kursda yox. Mühazirə yazmaqla tələbə özünü göstərə bilməz.


XS
SM
MD
LG