Keçid linkləri

2024, 16 Noyabr, şənbə, Bakı vaxtı 01:56

Ekspertlər generalın qətlinin açılacağına şübhə edirlər


General-leytenant Rail Rzayevin qətli ətrafında müxtəlif versiyalar səslənir
General-leytenant Rail Rzayevin qətli ətrafında müxtəlif versiyalar səslənir
Hərbi Hava Qüvvələri və Hava Hücumundan Müdafiə Qoşunlarının komandanı, general-leytenant Rail Rzayevin qətli ətrafında səslənən versiyaları əsasən 2 yerə ayırmaq olar.

Birincidə versiyalarda bu qətl daxili, ikincidə isə xarici amillərlə izah edilir. Təhlükəsizlik Araşdırmaları Mərkəzinin rəhbəri İlham İsmayıl deyir ki, hər halda Sovet İttifaqı Qəhrəmanı Həzi Aslanovdan sonra Azərbaycanın heç bir generalı döyüşdə həlak olmayıb.

Bir qədər yaxın tarixə ekskursiya da, bu fikrin həqiqət olduğunu üzə çıxarır. Rail Rzayev artıq 5-ci generaldır ki, süi-qəsdlə qətlə yetirilir. Ancaq belə ənənə Sovet Azərbaycanına da xasdır. Hələ 1978-ci ildə Daxili İşlər naziri Arif Heydərov qətlə yetirilmişdi. 1991-ci ildə isə Baş prokuror İsmət Qayıbov və Daxili İşlər naziri Məhəmməd Əsədov terrorun qurbanı oldu. 1993-cü ildə isə Bakı Ali Dənizçilik Məktəbinin keçmiş rəisi Eduard Hüseynov qətlə yetirildi. Daha bir general Vahid Musayev isə Qobustan həbsxanasında baş verən qiyamda öldürülmüşdü.

Ancaq İlham İsmayıl hesab edir ki, bütün bu qətllərin hər birini ayrı-ayrılıqda dəyərləndirmək daha düzgün olardı.

İlham İsmayıl deyir ki, Rail Rzayevin qətli araşdırılarkən ilk növbədə ölkədə onunla münaqişədə olan şəxslərin üzərində dayanmaq lazımdır.

Ölkə və xarici mətbuat yazır ki, bu yaxınlarda Rail Rızayev Fövqəladə Hallar naziri Kəmaləddin Heydərovun vertolyotunu endirmək kimi cəsarətli addım atmışdı. İlham İsmayıl deyir ki, heç kimə qara yaxmadan Rail Rzayevin ölümünü istəyə biləcək bütün şəxslər öyrənilməlidir:

«Bu vertolyot versiyadırmı?

Yox. Əsas versiyadan biri onun münaqişədə olduğu şəxslərdir. Bu vertolyot da həmin münaqişədən biridir. Ancaq başqaları ilə də münaqişədə ola bilərdi. Müdafiə Nazirliyində və sairə».

Ölkə mətbuatında qətli xarici amillərlə bağlayan versiyalar da yer alır. Qəzetlər yazır ki, Rail Rzayev Rusiyadan MİQ qırıcı təyyarələrinin alınmasının əleyhinə idi. Üstəlik səslənən fikirlərdə o da qeyd edilir ki, mərhum general ABŞ-ın Azərbaycanda hərbi-hava qüvvələrini yerləşdirməsi ilə də bağlı təkliflər irəli sürmüşdü.

Şərq-Qərb Araşdırmaları Mərkəzinin rəhbəri Ərəstun Oruclu deyir ki, görünür Rusiya bütün bunları qəbul etmir:

«Elə qəbul etmədiyinə görə, də Azərbaycanı belə cəzalandırır. Üstəlik Azərbaycanın Kollektiv Təhlükəsizlik Təşkilatının yeni proqramına qoşulmaması, «Nabucco» kəmərini də Rusiya qəbul etmir».

Ərəstun Oruclu deyir ki, əgər Qırğızıstan hərbi hava bazaları ilə bağlı Amerika Birləşmiş Ştatlarına problem yaratsa, Azərbaycanın əhəmiyyəti artır. Ona görə də Rusiya üçün bu baxımdan regionda onun ssenarisindən kənar yerdəyişmələr arzu edilən deyil.

Ancaq Ərəstun Oruclu xarici kəşfiyyat orqanlarının daxildə bəzi qüvvələrlə əlbir ola biləcəyini də istisna etmir. Onun fikrincə bu baxımdan əsrin neft müqaviləsi imzalanarkən Azərbaycanda bir-birinin ardınca törədilən ağır qətlləri yada salmaq kifayətdir. O vaxt parlamentin sədr müavini Afiyəddin Cəlilovla Prezident yanında Xüsusi İdarənin rəisi Şəmsi Rəhimovun öldürülməsi bütün ölkədə şok yaratmışdı. Sonradan məlum oldu ki, bəzi məmurlar xaricdə səfərdə olan prezident Heydər Əliyevə həmin günlər vətənə qayıtmamağı məsləhət görüblərmiş.

Təhlilçilər Rail Rzayevin qətlinin üstünün açılma faizini də yüksək dəyərləndirmirlər. Ərəstun Oruclu deyir ki, əgər bu qətl Rusiyada planlaşdırılıbsa, Azərbaycan hakimiyyətinin onu bütün çılpaqlıqları ilə üzə çıxarmağa cəsarəti çatmaz. Oxşar fikirləri İlham İsmayılın da dilindən eşitmək mümkündür. İlham İsmayıl da deyir ki, elə daxili amillər də qətlin üstünün açılmasına mane ola bilər:

«Əgər bu qətldə yuxarı çevrələrin əli olubsa çətin açılsın»

Ağır qətllərdə və adam oğurluqlarında ittiham edilən Daxili İşlər Nazirliyinin Baş Cinayət Axtarış İdarəsinin keçmiş əməliyyat müvəkkili Hacı Məmmədov isə öz məhkəməsində deyirdi ki, Azərbaycanda hələ də azadlıqda fəaliyyət göstərən «killer» dəstələri var. Müşahidəçilərin fikrincə Azərbaycanda yuxarılarla bağlı olmadan uzun müddət eyni cinayətləri həyata keçirmək mümkün deyil. Bu isə hələ də belə ağır cinayətlərin baş verə biləcəyi ilə bağlı təhlükənin mövcudluğundan xəbər verir.
XS
SM
MD
LG