Keçid linkləri

2024, 15 Noyabr, Cümə, Bakı vaxtı 23:26

Böhran miqrantlara da çatdı


Ekspertlər deyir ki, hazırda Rusiyada 1 milyon 500 min azərbaycanlı yaşayır
Ekspertlər deyir ki, hazırda Rusiyada 1 milyon 500 min azərbaycanlı yaşayır
«Alıcılar çox zəifləyib. Əgər ayda 10 maşın satırdıqsa, indi ikisini güclə satırıq. Alver edən kimi birinci icarə haqqını verməlisən, sonra özünü fikirləşirsən. Tikintilər tamamilə dayandırılıb, bazarda işləyən həmyerlilərimiz də deyirlər ki, vəziyyət ağırdır».

13 ildir Rusiyada yaşayan ticarətçi Natiq İsmayılov deyir ki, bu müddət ərzində heç vaxt qazancları belə az olmamışdı. Həmsöhbətimin dediyinə görə, vəziyyət o həddə çatıb ki, artıq Azərbaycandakı ailələrinə də dolanışıq üçün pul göndərə bilmirlər, ancaq öz başlarına çarə qılırlar.

Rusiyadakı başqa bir biznesmen – İlham Əsədov isə deyir ki, tikinti sahəsində işləyən azərbaycanlıların vəziyyəti daha pisdir, onların əksəriyyəti işsiz qalıblar. İlham Əsədov deyir ki, iqtisadi böhran miqrantların dövlətdən iş icazəsi almasına da çətinlik yaradıb. Miqrantlar arasında işsizliyin artması faktı haqqında Rusiyanın yerli mediası da yazır.

Ölkənin birinci televiziya kanalının məlumatına görə, hətta işsizlik miqrantlar arasında cinayət hallarının, xüsusilə oğurluğun iki dəfə artmasına səbəb olub. Rusiya mətbuatı bu ölkədən Azərbaycana pul axınının dörd dəfə azaldığını da iddia edir. Amma Ümumrusiya Azərbaycan Konqresinin Moskva nümayəndəliyinin rəhbəri İlqar Hacıyev deyir ki, Rusiyaya üz tutan azərbaycanlıların sayı azalsa da, bu ölkədə yaşayanlar arasında işsizlik problemi hələ ki yoxdur:

«Miqrasiya orqanlarının verdiyi məlumata görə, Rusiyaya gələn xarici vətəndaşların sayı 10 faiz azalıb. Məlumatlara görə, azərbaycanlılar da nisbətən azalıb, amma burda işləyənlərin işsiz qalmaları ilə bağlı mürciətləri olmayıb».

Amma Miqrantlara Hüquqi Yardım Mərkəzinin rəhbəri Əlövsət Əliyev də deyir ki, onlara daxil olan müraciətlərdən belə nəticə çıxarıblar ki, iqtisadi böhran Rusiyada yaşayan azərbaycanlılara öz təsirini göstərib. Əlövsət Əliyev deyir ki, Rusiyadan ölkəyə pul köçürmələrində də təxminən 20 faiz azalma müşahidə olunur. Mütəxəssisin dediyinə görə, vəziyyət bu cür davam edərsə, Rusiyada mövsümi işlərlə məşğul olanların Azərbaycana axını baş verə bilər.

«Ancaq mövsümü əmək fəaliyyəti ilə məşğul olan şəxslərin Azərbaycana qayıdışına səbəb ola bilər, Rusiya Federasiyasında miqrant statusu almış, daimi yaşamaq hüququ əldə etmiş şəxslərin kütləvi şəkildə Azərbaycana qayıtması real deyil. Çünki gündəlik xərclərin əldə olunması Rusiyayla müqayisədə Azərbaycanda daha çətindir».

Əlövsət Əliyev deyir ki, hazırda Rusiyada 1 milyon 500 min azərbaycanlının olduğu bildirilir. Onlardan isə 20 faizi, yəni 300 mini mövsümi işlə məşğuldur. İqtisadçı Azər Mehtiyev isə deyir ki, Rusiyadakı azərbaycanlıların gəlirlərinin azalması və bunun nəticəsində Rusiyadan gələn pulların qarşısının kəsilməsi ölkədəki sosial vəziyyətin gərginləşməsinə gətirib çıxara bilər.
Çünki bu, əhalinin alıcılıq qabiliyyətinin azalması ilə yanaşı, həm də bazarlarda fəallığı aşağı salır.

Ekspertlər rəsmi qurumların iddia etdiyi yalnız bir məqamla razılaşırlar ki, hazırda Rusiyaya gedən azərbaycanlıların sayı az da olsa azalıb – təxminən 10 faiz. Amma mənim söhbət etdiyim 31 yaşlı Elnur Məlikov iqtisadi böhranın Rusiyaya təsirinə baxmayaraq, yenə də ora üz tutmaq qərarına gəlib. Çünki ali savadlı olmasına baxmayaraq artıq iki ildir ki, Azərbaycanda özünə iş tapa bilmir.

«Mühacirət etməyimin birinci səbəbi Rusiya cəmiyyəti ilə əlaqələrimin itirilməməsi ilə bağlıdır, ikinci səbəb isə ölkədə sosial vəziyyət, işsizlik problemidir. Mən bilirəm ki, dünyada baş verən böhran Rusiyaya ciddi təsir göstərib, orda vəziyyət ağırdır, amma bununla belə mühacirətimdə qərarlıyam, çünki Azərbaycanda gələcəyə heç bir ümidim yoxdur».
XS
SM
MD
LG