Keçid linkləri

2024, 16 Noyabr, şənbə, Bakı vaxtı 11:40

Analoqu olmayan avtovağzalın analoqu olmayan problemləri


Sumqayıt sakinlərini yeni avtovağzala 284 saylı marşrut daşıyır
Sumqayıt sakinlərini yeni avtovağzala 284 saylı marşrut daşıyır
Sumqayıta tələsən də, tələsməyən də 284 saylı avtobusa minməyə can atırdı. Günün pik saatı olmasa da, dalbadal üç dolu avtobusu buraxanlar o birisini gözləməli olurdular. 284 saylı marşrutda biletin qiyməti 10 qəpikdir, amma sərnişinlər hesab edirlər ki, bu, gündəlik xərcləri artırır. Çünki mənzil başına çatmaq üçün onsuz da bir-iki marşrutdan istifadə edirdilər. İndi də biri əlavə olunub. Adının çəkilməsini istəməyən Sumqayıt sakini:

- Belə çıxır ki, yeni avtovağzala xərclənən 80 milyon manatı bizim hesabımıza çıxarmaq istəyirlər…

Yeni avtovağzal istifadə verildiyi bu bir-iki gündə Sumqayıt şəhərinin sakinləri gediş-gəliş çətinliyi ilə üzləşiblər. Sərnişinlər deyirlər ki, Sumqayıta getmək üçün metronun «20 yanvar» stansiyasının yaxınlığına gəlib bir marşruta minirdilər. İndi qonşu şəhərə getmək üçün iki marşrut dəyişməlidirlər. 284 saylı marşrutun dispetçeri Tahir Məmmədov isə deyir ki, bu xəttə 13 avtobus buraxılıb, aralarında da interval yoxdur:

- Qayıdanda tıxaca düşürlər, ona görə belə olub.

Amma 284 saylı avtobus təkcə Sumqayıta getmək istəyənlər üçün deyil. Bu marşrut həm də avtovağzala üz tutan sərnişinlər üçündür. Amma sərnişinlər deyirlər ki, Sumqayıt sakinləri bu avtobusda güc-bəlayla özlərinə yer tapırlar, rayonlararası avtobusa tələsən sərnişin əlində yükü,
Şəhərlərarası taksi dayanacağı
balaca bir çemodanı olsa, bu basabasa necə minəcək?

Bakı Beynəlxalq və Şəhərlərarası Avtovağzala çatandan sonra bayaqdan dolu avtobusda ayağını qoymağa yer tapmayan sərnişinlər Sumqayıt avtobuslarına tələsirdilər.

Yeni avtovağzalın macərası isə Sumqayıt sakinləriylə bitmir. Taksi sürücüləri də polislə üz-göz olub. Sürücü Rövşən Ağayev deyir ki, avtovağzal rəhbərliyi dayanmaq üçün onlara buranı göstərir, polis isə onları burdan qovur.

Adını söyləməyən polisin də bu narazılığa öz izahı var. Əliylə avtovağzalda hasara alınmış yerləri göstərir:

- Taksi dayanacaqları üçün orda yerlər ayrılıb. Gedib orda dayansınlar.
- Bəs burda dayanmamaq işarəsi harda yazılıb?
- Yoxdur işarə. Amma dayanmaq olmaz.

Polisin bizə göstərdiyi yer isə «şəhərlərarası taksi dayanacağı» idi. Yəni bura sərnişinləri şəhərarası yox, şəhərlərarası daşıyan taksilər üçün nəzərdə tutulub. Ona görə də taksi nişanlı maşınlardan çox, şəxsi avtomobillər sıraya düzülüb.

Namiq Həsənov
Nəqliyyat Nazirliyinin Mətbuat Xidmətinin rəhbəri Namiq Həsənov deyir ki, hələlik bu taksilərdə sayğac quraşdırılmadığından qiymətlər sürücü ilə müştərilər arasında razılaşdırılır.

Yeni avtovağzalda şəhərlərarası işləyən avtobuslarda qiymətlər artmasa da, deyəsən, sərnişinlərin xərci artacaq. Çünki nisbətən hündürdə yerləşən platformaya qalxmaq istəyən sərnişinin öz canına yazığı gəlsə, gərək bir-iki manat verib yükünü daşıtdıra.

Sumqayıt sakinlərini yeni avtovağzala 284 saylı marşrut daşıyır. Amma Bakının bir neçə istiqamətindən də yeni avtovağzala gəlmək mümkündür. Bu marşrutları «Azadlıq» radiosuna Nəqliyyat Nazirliyinin departament əməkdaşı Fikrət Salamov deyir:

- 5 saylı marşrut Bayıl - yeni avtovağzal, 311 saylı marşrut «Əhmədli» metrosu – yeni avtovağzal, 200, 200 «A» saylı marşrutlar «Əhmədli» metrosu – yeni avtovağzal, 96 saylı marşrut «Şəhidlər xiyabanı», Yasamal rayonu, Elmlər Akademiyası - yeni avtovağzal istiqaməti üzrə işləyir.

Nəqliyyat Nazirliyinin sözçüsü Namiq Həsənov deyir ki, avtovağzal işə yenicə başladığı üçün problemlər yaranması təbiidir, amma onlar yaranan iradları nəzərə alacaqlar.
XS
SM
MD
LG