Keçid linkləri

2024, 16 Noyabr, şənbə, Bakı vaxtı 08:29

Generalın qatilinin fotorobotu hazırdır?


General Rail Rzayev fevralın 11-də yaşadığı evinin yaxınlığında odlu silahla qətlə yetirilib
General Rail Rzayev fevralın 11-də yaşadığı evinin yaxınlığında odlu silahla qətlə yetirilib
Azərbaycan Müdafiə nazirinin müavini, Hərbi Hava Qüvvələri və Hava Hücumundan Müdafiə Qoşunlarının komandanı, general-leytenant Rail Rzayevi qətlə yetirən şəxsin fotorobotu hazırlanıb. Hüquq-mühafizə orqanlarından «Lent.az»a verilən məlumata görə, aparılan təxirəsalınmaz əməliyyat tədbirləri nəticəsində generalın qətli ilə bağlı bir sıra irəliləyişlərə nail olunub.

Belə ki, artıq hadisə baş verən ərazidə quraşdırılmış təhlükəsizlik kameraları vasitəsilə qətlin hansı şəraitdə baş verməsinə müəyyən qədər aydınlıq gətirilib. Məlumata görə, hadisə baş verən gün ərazidə olan təhlükəsizlik kameralarının və şahid ifadələrinin köməkliyi ilə artıq qətli törədən şəxsin fotorobotu da hazırdır.

Generalı qətlə yetirən şəxsin orta yaşlı şəxs olduğu bildirilir. Lakin istintaq sirri olduğundan cinayətkarın fotorobotu hələlik ictimaiyyətə təqdim olunmur. Hazırda əməliyyat qrupu həmin şəxsin tapılması istiqamətində əməliyyat-axtarış tədbirlərini davam etdirir.

General-leytenant Rail Rzayev fevralın 11-də, saat 07.30 radələrində, yaşadığı evinin yaxınlığında odlu silahla qətlə yetirilib. Məlum qətl hadisəsi ilə əlaqədar Respublika Hərbi Prokurorluğu tərəfindən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 120.2.5-ci (tamah məqsədi ilə və ya sifarişlə, habelə zərərçəkmiş şəxsin orqanlarından və toxumalarından istifadə etmə məqsədilə adam öldürmə) və 228-ci (qanunsuz olaraq odlu silah, onun komplekt hissələrini, döyüş sursatı, partlayıcı maddələr və qurğular əldə etmə, başqasına vermə, satma, saxlama, daşıma və ya gəzdirmə) maddələri ilə cinayət işi başlanıb.
XS
SM
MD
LG