Keçid linkləri

2024, 16 Noyabr, şənbə, Bakı vaxtı 15:56

Burda sağlam adam da nevroz olar…


Hər gün Uşaq Nevroloji Xəstəxanasının məsləhətxanasında belə basabas olur
Hər gün Uşaq Nevroloji Xəstəxanasının məsləhətxanasında belə basabas olur
Səhər saatlarından Uşaq Nevroloji Xəstəxanasının məsləhətxanasında adam əlindən tərpənmək olmur. Zirzəmidə yerləşən məsləhətxanada həkimlərin qəbuluna yazılırlar. Valideynlər dar dəhlizin hər iki tərəfində divar boyu yığılıb gözləyirlər. İçəridə nəfəs almaq mümkün deyil. Belə vəziyyət qışın soyuğunda isti geyindirilmiş körpələrə isə daha çətindir.

Hər gün Uşaq Nevroloji Xəstəxanasının məsləhətxanası belə basabas olur. Burda növbəyə yazılmaq üçün səhər obaşdan gəlmək lazımdır. Hətta həkimin qəbuluna düşmək üçün gecəni burda keçirənlər də var. Adını söyləməyən valideynlərdən birinin ürəyi doludur:

«Belə olmaz axı. Adam var gəlib gecəni burda maşında yatır ki, səhər növbə tuta bilsin.

Baş həkim Məhərrəm Sadıqov deyir ki, belə uzun növbələr əsasən tanınmış həkimlərin qəbulunda müşahidə olunur. Növbətçi həkimlərin qəbuluna düşmək üçün uzun-uzadı gözləmək lazım gəlmir».


Tanınmış həkimlərin qəbuluna isə mütləq həmin gün yazılmaq lazımdır. Məsləhətxanaya və ya həkimin özünə zəng edib növbəyə yazılmaq olmaz. Baş həkim Məhərrəm Sadıqov deyir ki, əvvəlcədən növbəyə yazılmaq qarışıqlıq yaradır:
«Azərbaycanın hər yerindən bura gəlirlər. Ona görə də uzun-uzadı növbələr var».

Valideynlər isə təkcə uzun-uzadı növbələrdən yox, həm də məsləhətxananın şəraitindən gileylənirlər. Zirzəmi təmir olunub, amma həm darısqallıq, həm də havasızlıq burda beş-on dəqiqə dayanmağa belə imkan vermir. Valideynlər, körpə uşaqlar isə saatlarla gözləməyə məcburdurlar. Oturmağa da yer yoxdur. Valideynlər deyirlər ki, əsəbi zəifliyi olan uşaqlar bir neçə saatı havasız zirzəmidə keçirəndə vəziyyətləri daha da ağırlaşır:

«Bayaqdan burdayıq. Xəstə uşaqdır. İçəridə nəfəs ala bilmirsən. Həm adam çoxdur, həm də hava yoxdur».

Xəstəxananın həkimi İsa Alışanov da şəraitdən razı deyil, deyir ki, xəstələrin müayinəsi üçün daha geniş yer olmalıdır.
Zirzəmi məsləhətxanada yalnız bir neçə həkimin otağı var. Bəzi həkimlər xəstələri ümumi zalda qəbul edir. Ona görə də ağız deyəni qulaq eşitmir.

Xəstəxananın baş həkimi Məhərrəm Sadıqov deyir ki, onların gücü məsləhətxananı təmir etməyə çatıb. Amma söz veriblər ki, bu il xəstəxananın yaxınlığında yeni məsləhətxananı tikintisinə başlanacaq. Baş həkim onu da vəd edir ki, yeni məsləhətxanada növbə sistemini qaydaya salacaqlar ki, belə narahatçılıqlar aradan qaldırılsın.

Baş həkim onu da deyir ki, hər gün bu xəstəxanaya 100 nəfərə yaxın xəstə müraciət edir. Bir vacib məqamı da nəzərə alaq ki, Uşaq Nevroloji Xəstəxanası bu sahədə ixtisaslaşan yeganə tibb müəssisəsidir.

Bu cür növbə sisteminə əsasən dövlət xəstəxanalarında rast gəlinir. Özəl səhiyyə müəssisələrinin bəzilərində əvvəlcədən razılaşdırılmış növbə olur.

Elə Avropa ölkələrində də, məsələn, Çex Respublikasında nəinki həkimə, hətta saç ustasına belə növbəyə əvvəlcədən yazılmadan getmək isə boş yerə vaxt itirmək deməkdir.
XS
SM
MD
LG