Keçid linkləri

2024, 16 Noyabr, şənbə, Bakı vaxtı 08:33

«Ergenekon»un Azərbaycan dalğası


«Ergenekon» qrupunun tərəfdarlarının İstanbulda Silivri həbsxanası qarşısındakı yürüşü. 20 oktyabr 2008
«Ergenekon» qrupunun tərəfdarlarının İstanbulda Silivri həbsxanası qarşısındakı yürüşü. 20 oktyabr 2008
Türkiyədə «Ergenekon» adıyla tanınan qalmaqallı istintaq işində Azərbaycanın da adı keçir. Qonşu ölkədə siyasi terror təşkilatı kimi qələmə verilən, Türkiyədə iğtişaşlar yaratmaqda ittiham edilən «Ergenekon»un gizli bir təşkilat olduğu, həm ölkədə, həm də ölkə xaricində əlaqələr yaratdığı bildirilir.

Müttəhimlər kürsüsündə əsasən millətçi kimi tanınan 46 nəfər oturub, cinayət işində isə ümumilikdə 86 adam mühakimə olunur.
Mühakimə edilənlər arasında keçmiş general və zabitlər, rektor və professorlar, qəzet redaktorları və yazarları var. İstintaqın həqiqətən cinayətlərimi araşdırdığı, yoxsa, hökumətin öz gücündən istifadə edərək, siyasi opponentlərinimi cəzalandırdığı hələ məlum deyil.

Azərbaycanlı Paşa

İttiham aktında təşkilatın birinci şəxsinin kim olduğu göstərilmir, lakin bildirilir ki, istefada olan jandarm generalı Vəli Kiçik Paşa, Türk Fəhlə Partiyasının lideri Doğru Perinçək, istefada olan kapitan Müzəffər Təkin, «Cümhuriyyət» qəzetinin baş redaktoru İlhan Selcuk, istefada olan zabit Fikri Karadağ, professor Kamal Ələmdaroğlu, İstanbul Ortodoks kilsəsinin rəhbərlərindən Sevgi Erenerol təşkilatı quran və idarə edən şəxslərdir.

Vəli Kiçik Paşa silahlı terror təşkilatı qurmaqda və idarə etməkdə, hökuməti zorla devirməyə təşəbbüs göstərməkdə, üsyana təhrikdə, adam öldürməyi sifariş etməkdə, partlayıcı maddə saxlamaqda və digər çoxsaylı cinayətlərdə ittiham olunur. Həmin ittihamlar üzrə onu 423 ilə qədər həbs cəzası gözləyir. Türkiyə mətbuatında bu barədə dərc olunan yazılarda Vəli Kiçik Paşanın azərbaycanlı əsilli olduğu, eks-prezident Elçibəylə qohumluğu xüsusi vurğulanır.

Hədəfdə NATO, Ərdoğan və Orhan Pamuk

İttiham aktında «Cümhuriyyət» qəzetinin redaksiyasına 2006-cı ildə iki dəfə əl qumbaraları atılması cinayətini də «Ergenekon»un törətdiyi iddia edilir. Bildirilir ki, bu cinayət üçün əmri Vəli Kiçik Paşa verib. Həmin il yüksək məhkəmə qurumu olan Danıştay üzvlərinə silahlı hücumun da «Ergenekon»un təşkil etdiyi bildirilir. İttihamda deyildiyinə görə, «Ergenekon» baş nazir Rəcəb Tayyib Ərdoğana, Nobel mükafatı laureatı, yazıçı Orxan Pamuka, İstanbul erməni patriarxı Mutafyana və başqalarına qarşı sui-qəsdlər planlaşdırıb.
«Ergenekon»un ölüm siyahısında silahlı qüvvələrin keçmiş Baş qərargah rəisi Yaşar Böyükanıtın da adının olması göstərilir.
İttihamnamədə «Ergenekon»un Türkiyədəki NATO strukturlarına qarşı da terror hazırlamasıyla bağlı iddia öz əksini tapıb.

Millətçilər PKK və «Hizbullah»la əlaqədə günahlandırılır

Prokurorlar təşkilatın PKK və «Hizbullah» kimi terror təşkilatları ilə bağlantılarının da olduğunu iddia edir.

İttihamnamədə əsas şahid qismində Kanadada yaşadığı bildirilən Tuncay Güney adlı bir jurnalistin ifadələrinə istinad edilib. Məhz onun ifadələrindən sonra Vəli Kiçiyin, İlhan Selcukun və bir çoxlarının telefonlarının dinlənilməsi barədə qərar verilib. İttiham aktına şübhəlilərin çoxsaylı telefon danışıqlarının audioyazısı, gizli video çəkilişləri və digər dəlillər də əlavə olunub.

Professor Kamal Ələmdaroğlu, 20 oktyabr 2008
2500 səhifəyə yaxın istintaq işində iddia olunan cinayət kələfinin bir ucu da Azərbaycana gəlib çıxır.

Vəli Kiçik, Mahmudəli Çöhrəqanlı, Sabir Rüstəmxanlı...

İstintaq materiallarında bildirilir ki, «Ergenekon» Azərbaycanda dövlət çevrilişi etmək üçün orduya silah və maliyyə dəstəyi verib. Təşkilatın eyni zamanda Çeçenistana silah yardımı göstərdiyi də ittiham akında əks olunub.

İttihamnamədə bir şahid öz ifadəsində göstərib ki, «Ergenekon»un liderlərindən biri sayılan keçmiş jandarm generalı Vəli Kiçik İran azərbaycanlıların fəalı Mahmudəli Çöhrəqanlıyla da görüşüb. Şahidin iddiasına görə, Mahmudəli Çöhrəqanlı Azərbaycanla bağlı bəzi əməliyyatlarda iştirak edib.

İttihamnamə aktı 2500 səhifəyə yaxındır. Şahid ifadələrinə təqsirləndirilən şəxslərin telefon danışıqlarının stenoqramı da əlavə olunub. Məsələn, Azəri-Türk Qadınlar Birliyinin sədri Tənzilə Rüstəmxanlının həbs olunan Sevgi Erenolla telefon danışıqları ittihamnaməyə əlavə edilib. Bu stenoqramlarda müsahiblər Dünya Azərbaycanlıları Konqresindəki problemlərdən, Türkiyədə Azərbaycanla bağlı aksiyaların keçirilməsindən, Azərbaycana kürdlərin köçürülməsindən və başqa məsələlərdən danışırlar. Hətta Tənzilə Rüstəmxanlının azyaşlı qızının da Sevgi Erenerolla telefon danışığının da stenoqramı əks olunub. Millət vəkili, Tənzilə Rüstəmxanlının həyat yoldaşı Sabir Rüstəmxanlının da telefonu dinlənibmiş. Onun söhbətləri də Azərbaycanla bağlı hansısa tədbirlərin, konfransların keçirilməsiylə bağlı olub.

Sabir Rüstəmxanlı Rəcəb Tayyib Ərdoğana nə yazıb?

Sabir Rüstəmxanlı ailəsinin adının gizli təşkilatla bağlı hallanmasından narahatçılıq keçirdiyini Türkiyənin baş naziri Rəcəb Tayyib Ərdoğana yazdığı məktubunda ifadə edib. O, yazıb ki, «Ergenekon»la bağlı həbs olunanların bəziləri ilə yaxınlıqları olub və bunu heç vaxt gizlətməyiblər: «Çünki bu şəxslərə bizi türklük sevgisi və ölkələrimizə xidmət bağlayıb. Onlarla birlikdə Türkiyə və Azərbaycanı eyni dərəcədə maraqlandıran mövzularda konfranslar təşkil etmişik. Bura Ermənistanın Azərbaycana qarşı təcavüzü, PKK terroru, saxta soyqırım iddiaları da daxildir. Bu şəxslər bizdən əvvəl də Azərbaycana gəlib-gediblər. Biz onları hər zaman Türkiyə və Azərbaycan üçün yanan, xalqlarımızı hər zaman şərəfli görmək istəyən dəyərli, qeyrətli insanlar olaraq tanımışıq. Hörmətli prokuror Zəkəriyyə Özün hazırladığı ittihamnamədə bizim bu şəxslərlə heç bir cinayət ünsürünün yer almadığı telefon danışıqlarımızın daxil etməsi bir millət vəkili olaraq mənim və xanımımın haqlarına təcavüzdür, bunu ttürklüyə etdiyim xidmətlərin müqabilində təhqir hesab edirəm».

Vəli Kiçiyin Azərbaycan hökumətində və müxalifətində dostları

Klassik Azərbaycan Xalq Cəbhəsi Partiyasının sədri Mirmahmud Mirəlioğu, Xaricdə Yaşayan Azərbaycanlılarla İş üzrə Dövlət Komitəsinin sədri Nazim İbrahimovun da adına ittihamnamədə rast gəlinir.

Mirmahmud Mirəlioğlunun Vəli Kiçik Paşaya göndərdiyi partiya qurultayına dəvətnamə də istintaq materiallarına əlavə edilib. Cənab Mirəlioğlu deyir ki, adının istintaq materiallarında olmasını ilk dəfə bizdən eşidir. Amma o, Vəli Kiçik və onunla birgə həbs edilənlərin bəziləriylə tanışlığını gizlətmir. Deyir ki, onlarla dostluq münasibətləri var və bu yaxınlıq hər hansı cinayət tərkibli işlərdən uzaqdır.

Sabir Rüstəmxanlı deyir ki, «Ergenekon»la bağlı həbs olunanların bəziləri ilə yaxınlığı olub
Nazim İbrahimovun adı isə Vəli Kiçiyin telefon söhbətində dünya azərbaycanlılarıyla bağlı keçirilən bir tədbirlə bağlı çəkilib. Telefon danışığının stenoqramında Vəli Kiçik deyir: «Azərbaycandan, Qazaxıstandan, İrandan istədiyimiz adamların bu qurultaya qatılmasını təmin edə bildik. Çox yaxşı toplantı oldu, ağırlığımı qoyan kimi istədiyimiz nəticə əldə edildi. Azərbaycandan bu işlərə baxan Nazim də gəlmişdi».

Azərbaycan mediası cəhd göstərsə də, Nazim İbrahimovun bu məsələyə münasibətini öyrənmək mümkün olmayıb.

«Ergenekon»un Azərbaycanda «çevriliş planları»

İttiham aktında göstərilir ki, Vəli Küçük Paşa Heydər Əliyev dönəmində Azərbaycan dövlət çevrilişi etmək üçün orduya maliyyə dəstəyi verib. Hətta bu dəstəyi göstərməkdən imtina etdiyi üçün iş adamı Üzeyir Garihin öldürülüb. Söhbət Azərbaycanda «mart hadisələri» kimi tanınan dövlət çevrilişinə cəhddən gedir.

1995-ci ilin martında Daxili İşlər nazirinin müavini Rövşən Cavadovun rəhbərlik etdiyi Xüsusi Təyinatlı Polis Dəstəsinin («OMON») iştirakı ilə dövlət çevrilişinə cəhd olub. Hadisələr zamanı Bakıda silahlı atışma baş verib, Rövşən Cavadov qətlə yetirilib, qarşı duran tərəflər itki veriblər. Bundan sonra «OMON»da xidmət etmiş yüzlərlə polis məhkəmələrə cəlb olunub və ağır ittihamlarla həbs olunublar. Hadisələrin digər fəal iştirakçısı, keçmiş Xətai rayon prokuroru Mahir Cavadov isə ölkədən mühacirət edib.

1995-ci ilin martından bu yana keçən illər zamanı «Ergenekon» adlı təşkilat barədə nə «OMON»un üzvlərinin məhkəmə proseslərində, nə də hadisə iştirakçılarının çoxsaylı müsahibələrində bir kəlmə də deyilməyib. Amma Türkiyə xüsusi xidmət orqanlarının həm qiyamın planlaşdırılması mərhələsində, həm də onun qarşısının alınmasında xüsusi rolu dəfələrlə qeyd olunub. Xatırladaq ki, qiyamın qarşısının alınmasında o vaxtkı prezident Süleyman Dəmirəlin Azərbaycanlı həmkarı Heydər Əliyevə zəngi xüsusi rol oynamışdı.

Bu hadisələrlə bağlı «Gecəyarısı qətl» adlı kitabın müəllifi, baş prokurorun sabiq müavini İsa Nəcəfov isə deyir ki, dövlət çevrilişi cəhdində iki turkiyəli vətəndaşın – Kənan Doğulunun və Fərman Dəmirqolun adı keçib, amma Vəli Kiçiklə bağlı heç bir məqama rast gəlinməyib.

Türkiyə istintaq qrupu Bakıda?

Türkiyə mətbuatı iddia edir ki, bu ölkənin xüsusi xidmət orqanları işin Azərbaycan izlərini araşdırırlar. Bu məqsədlə Bakıya xəfiyyə qrupunun gəldiyi də bildirilir. Azərbaycan hüquq mühafizə orqanları belə bir səfərin olub olmadığı barədə şərh vermirlər.

Amma yerli «Yeni Müsavat» qəzeti yazır ki, Türkiyədən gələn xəfiyyələrdən biri əməkdaşları Zabil Muqabiloğluyla da görüşüb. Türkiyə mediası isə bu yaxınlarda həbsxanada saxlanan Vəli Kiçikdən müsahibə götürməyə nail olan Zabilin də istintaqa cəlb edilə biləcəyi ehtimalını vurğulayıblar.

Zabil Müqabiloğlu deyir ki, bu günlərdə ona «Ergenokon»la bağlı ilginc məlumatlar verə biləcəyini söyləyən bir qadın zəng edib. Jurnalistin danışdığına görə, qadın onların kənar bir yerdə görüşməsi israrla istəyib, amma Zabil razılaşmayıb:

«Bizə əvvəldən zəng edib demişdilər ki, Türkiyədən bu işlə bağlı adamlar gəlir. Onlar maraqlanırlar ki, mən Vəli Kiçikdən necə müsahibə götürə bilmişəm və bir də dərc olunan müsahibədən başqa da Vəli bəy nələrsə söyləyibmi? Redaksiyada görüşdüyümüz qadın isə bildirdi ki, o, biznes qurmaq istəyir. Mən də dedim ki, mən jurnalistəm.
Bəzi türk qəzetləri «Ergenekon» işini sifariş adlandırır və bunun arxasında Ərdoğanın dayandığını iddia edir
Siz ki, «Ergenekon»dan danışmaq istəyirdiniz. Xanım da dedi ki, başqa vaxt söhbət olacaq».

«Ergenekon» işində həbslər Azərbaycanda da aparıla bilərmi?

Türkiyənin hakimiyyətə yaxın mediası «Ergenekon» işinin Azərbaycanla bağlılığı barədə geniş yazılara yer verirlər. Hətta Türkiyədəki «Yaltı» hüquq bürosunun rəhbəri Başar Yaltı da hesab edir ki, əgər «Ergenekon» işini aparan prokurorlar vəsatət qaldırsalar, Azərbaycanda da saxlananların olması mümkündür. Amma hüquqşünas hesab edir ki, bunun üçün hər iki ölkənin hüquq-mühafizə orqanları arasında razılaşma olmalıdır. Hüquqşünasın fikrincə, «Ergenekon» işi hüquq sərhədini aşıb. İndi o daha çox siyasi çalarlı bir işə çevrilib.

Bəs Türkiyə prokurorları «Ergenekon» işində geniş yer verdikləri məqamlarla bağlı araşdırma aparmaq üçün azərbaycanlı həmkarlarından yardım istəyibmi?

Azərbaycan Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin əməkdaşı Ehsan Zahidov deyir ki, hər iki ölkənin polisi arasında əməkdaşlıq var. Amma bu əməkdaşlığın həm də «Ergenekon»la bağlı olub-olmadığı barədə xəbərsizdilər.

Baş Prokurorluğun mətbuat xidmətinin rəhbəri Eldar Sultanov isə deyir ki, Türkiyədən bu məsələylə bağlı onlara hər hansı sənəd daxil olmayıb.

Milli Təhlükəsizlik Nazirliyindən isə deyirlər ki, onlar Türkiyə mətbuatında yazılanları şərh etmək istəmirlər.

«Bu, ittihamnamə yox, iftiranamədir»

Vəli Kiçik Paşa və gizli təşkilatla əlaqədə ittiham edilənlər isə ittihamlarla razı deyillər. Vəli Kiçik öz vəkili vasitəsilə yaydığı bəyanatda bildirir ki, ittihamnamədə göstərilənlər iftira və cəfəngiyatdır: «Bu, ittihamnamə yox, iftiranamədir. İlkin araşdırmalara görə, heç bir hüquqi əsaslara söykənməyən, bəlli çevrələri təmin etməyə yönələn, şübhələr, təxminlər, dedi-qodular üzərində qurulan ittihamnamənin bir çoxu ilə heç bir vaxt rastlaşmadığım, adlarını belə bilmədiyim şəxslərin iftiraları üzərində qurulduğu təsbit olunub».

Vəli Kiçik hesab edir ki, onun və cəmiyyətdə millətini sevən adamlar kimi tanınan şəxslərin həbsinin arxasında hökumət dayanır.
Türkiyənin hakimiyyətə bağlılığı olmayan mediası da «Ergenekon» işini daha çox siyasi sifariş kimi dəyərləndirir və bu sifarişin arxasında Ərdoğan hökumətinin dayandığını iddia edir.
XS
SM
MD
LG