Keçid linkləri

2024, 16 Noyabr, şənbə, Bakı vaxtı 05:43

Üstündən 17 il keçsə də…


Xocalıda 613 nəfər, o cümlədən 63 uşaq qətlə yetirilib, yüzlərlə insan yaralanıb
Xocalıda 613 nəfər, o cümlədən 63 uşaq qətlə yetirilib, yüzlərlə insan yaralanıb
«Hadisələr gözümün qabağında olub. Həmin gecənin zülmlərindən çıxıb gəlmişəm. Həmin gün 5 nəfərimi itirdim – həyat yoldaşımı, oğlumu, gəlinimi, nəvəmi. Rəhmətlik Çingiz Mustafayev çəkib, o ki, bir uşağı götürüb deyir ki, bu uşağın nə günahı vardı, o mənim nəvəm idi. O biri nəvəm 23 günlük idi, o belimdə gəlmişəm. Hamısını itirib gəldim, kaş mən də öləydim. Evlərə od vurub yandırdılar, qəbirlərimiz qaldı Ağdamda. Bir onu arzulayıram ki, gedib o qəbirlərə baş çəkə bilim...»

Üstündən 17 il keçsə də, Xocalı şahidləri o gecədən danışanda bu ağbirçək kimi faciə gözlərinin qabağında yenidən canlanır.
«Çox əzab-əziyyətlə çıxmışıq. Gecə saat 11-də bütün tanklar Xocalını mühasirəyə almışdı. Qar dizdən, çaylarla-meşələrlə yol gedirdik. Başımıza nələr gəlmədi ki. Oğlumu itirdim. Elə bil heç olmayıb».
Tacirə Xəlilova ailə üzvlərindən 6-nı itirib.

«Həmin gecə ailə üzvlərimin demək olar ki, hamısı qırıldı. Atam, qardaşım, yoldaşım öldü, qaynanam-qaynatam, qardaşımın balası, hamısı bir gecənin içində qırıldı. Biz xilas olduq, kaş biz də qayıtmayaydıq. Körpə Lalənin nə günahı vardı, cəmi 4 yaşı vardı. Yazıq bala anasının meyitinin yanında dayanıb ətrafdakı pal-paltarı meyitin üstünə tökürdü. Onu soyuqdan qoruyurdu. Elə bilirdi anası yatıb, duracaq. Elə orda bu körpəyə də güllə dəydi. Körpələrin qanına əlini batıranlar necə yaşayır? Görəsən onların qanının alınacağını görəcəyik?»

Təzəgül Əliyeva isə Ana Fəryadı heykəlinin üzərində Xocalıda həlak olmuş atası Ələkbərin adını axtarırdı.
«Gecə 11-ə işləmiş hər tərəfdən bizi mühasirəyə aldılar. Ona qədər də çox hadisələr olmuşdu, ancaq bilməzdik ki, həmin axşam Xocalıdan birdəfəlik çıxacağıq. Zirzəmilərə doluşmuşduq, qardaşım xəbər yolladı ki, oradan çıxın, biz də çıxdıq. Gördük ki, yuxarıdakı kənd alovlar içindədir. Pərən-pərən düşmüşdük...»

Murad Məhərrəmov isə Xocalı özünümüdafiə batalyonunun üzvü olub.
«Həmin gecə Xankəndində yerləşən 366-cı batalyon bütün texnikasıyla Xocalıya girdi, mühasirəyə düşdük, dinc əhaliyə divan tutuldu. Mən özüm Artezian adlı postdaydım. Erməni kəndi bizdən 400 metr aralıdaydı. Səhər üçə, dördə qədər müdafiə oluna bildik. Sonra gördük ki, qüvvələr qeyri-bərabərdir. Zirzəmilərdə olan dinc əhalini çıxartmağa başladıq. Ağdam yolunda yolun bir hissəsini kəsmişdilər. Dinc camaatı da elə həmin yolda gülləbaran etdilər».

Əliyev Aftandil:
«O gecədə 5 gün mühasirədə qalmışam. Dinc əhalini necə vəhşiliklə öldürdüklərini görmüşəm. Xəstə adamlar vardı, onlar çıxa bilməmişdilər. Onlara da aman vermədilər. Özüm yaralıydım. 5 qardaşım, dayılarım, atam öldü. Ağır yaralanmışdım. Meyitlərdən ancaq Ağdam yolunda olanları çıxara bildilər, Xocalıda olanlar elə orada da qaldılar».

Ulduzə Əliyeva:
«Atışma həmişə olurdu. Həmin gün polisdə işləyən oğlum bölməyə gedəndən sonra zəng etdi ki, vəziyyət ağırdır, meşə yoluna çıxmaq lazımdır. Dağın başına çıxdıq. Soyuq-qar, dəhşətli idi. Dağın başına çıxırdıq, sürüşüb yenə həmin yerə düşürdün. 3 gün o yollarda qaldıq. Sonradan Allahverdi Bağırovun dəstəsi gəlib bizi apardı. Ayaqlarımız donmuşdu. Elə vəziyyət idi ki, əsir düşməmək üçün ana balasını qoyub qaçırdı. Təkrar xatırlamaq dəhşətli və çətindir».

17 ildən sonra şahidləri eşitmək də asan deyil. Onlarsa o faciəni görüb yaşamışdılar.

1992-ci il fevralın 25-dən 26-na keçən gecə keçmiş sovet ordusunun Xankəndində yerləşmiş 366-cı motoatıcı alayının köməyi ilə erməni silahlı birləşmələri Xocalıya hücum edib. 613 nəfər, o cümlədən 63 uşaq qətlə yetirilib, yüzlərlə insan yaralanıb. 1275 nəfər Xocalı sakini əsir və ya girov götürülüb, 150 nəfərin taleyi isə indiyədək naməlumdur.
XS
SM
MD
LG