Keçid linkləri

2024, 16 Noyabr, şənbə, Bakı vaxtı 09:27

Referendum təbliğatında kim güclüdür?


Əhməd Qəşəmoğlu və Gülağa Aslan
Əhməd Qəşəmoğlu və Gülağa Aslan
«Respublikaçılar» təşviqat qrupunun səlahiyyətli nümayəndəsi Gülağa Aslan deyir ki, indi hakimiyyətyönlü təşviqat qruplarının fəal görünməsini təbii başa düşmək lazımdır. Baxmayaraq ki, onun fikrincə, konstitusiyaya edilən əlavə və dəyişiklikləri xalq müdafiə etmir. Sadəcə, hakimiyyətyönlü təşviqat qrupları onları həm say, həm də resurs baxımından üstələyirlər:

«Bizə Bakıda açıq yerlərdə seçicilərlə görüşə imkan verilmir. Qapalı salonlarda bizim seçicilərlə görüşümüz isə polis nəzarətində keçirilir. Ancaq bunun əvəzində, hakimiyyətyönlü təşviqat qruplarına hər cürə şərait yaradılır. İndidən «onbaşılar», «yüzbaşılar» yaradılıb və büdcə təşkilatında çalışan insanlar görüşlərə məcburi gətirilir».

«Zəka» təşviqat qrupunun təmsilçisi Əhməd Qəşəmoğlu isə deyir ki, referendumu dəstəkləyən təşviqat qruplarının güclü olması say və inzibati resurslarla bağlı deyil. Ə.Qəşəmoğlu deyir ki, referenduma çıxarılacaq əlavə və dəyişikliklər xalqın və ölkənin mənafeyinə xidmət etdiyindən, onların arqumenti daha güclü olur:

«Siz təsəvvür edin, orada Azərbaycanın sosial yönümlü bir ölkəyə çevrilməsindən bəhs edilir. Müxalifət necə deyə bilər ki, bu, xalqın əleyhinədir?»

G.Aslan isə deyir ki, onlar konstitusiyaya edilən əlavə və dəyişikliklərdə əsasən bir məsələyə etiraz edirlər - bir nəfərin iki dəfədən artıq prezident seçilməsinə qoyulan məhdudiyyətin götürülməsinə.

Ancaq Ə.Qəşəmoğlu bu dəyişikliyi də zəruri sayır. Onun fikrincə, bunu həm Qarabağ münaqişəsinin, həm də ölkədə olan digər problemlərin həlli tələb edir:

«Qarabağ danışıqlarını bundan əvvəl prezident Heydər Əliyev aparıb. Məsələlərin gedişi İlham Əliyevə yaxşı məlumdur. Üstəlik, dünyadakı güc mərkəzləri onu qəbul edir…»

G.Aslan isə düşünür ki, konstitusiyaya əlavə və dəyişikliklər Qarabağ münaqişəsinin həllinə yox, hakimiyyətin ömrünü uzatmağa yönəlib. «Respublikaçılar» təşviqat qrupunun səlahiyyətli nümayəndəsinin fikrincə, hakimiyyət tez-tələsik referenduma getməsəydi, bu, 2013-cü il ərəfəsində hakimiyyət daxilində ciddi parçalanmalara səbəb olacaqdı...
XS
SM
MD
LG