Keçid linkləri

2024, 16 Noyabr, şənbə, Bakı vaxtı 04:48

Amerika İraqdakı qoşunlarını Türkiyə ərazisi ilə çıxarmaq istəyir


Hillari Klinton və Türkiyənin Xarici İşlər naziri Əli Babacan, Ankara, 7 mart 2009
Hillari Klinton və Türkiyənin Xarici İşlər naziri Əli Babacan, Ankara, 7 mart 2009
ABŞ-ın Dövlət katibi Hillari Klinton Misirin Şarm-əl-Şeyx şəhərində Qəzzaya 5 milyard dollar yardım toplayandan sonra Türkiyəyə gəldi.

Klintonun Ankara ilə müzakirələrinin əsas mövzusu Amerika qoşunlarının İraqdan çıxarılmasıdır. ABŞ bu əməliyyatı Türkiyə ərazisindən həyata keçirmək niyyətindədir.

Klintonun gəlişi ərəfəsində yerli müşahidəçilər 6 il qabaq, 1 mart 2003-cü ildə ABŞ-la Türkiyə arasında yaşanan diplomatik gərginliyi yada saldılar.

O zaman ABŞ-ın İraqa hücum planları çərçivəsində Vaşinqton Ankara ilə uzunmüddətli hərbi, siyasi və iqtisadi danışıqlar apardı. Amerika əsgərlərinin Türkiyə ərazisindən Şimali İraqa girməsi üçün Ankaraya 32 milyard dollar pul verilməsinə dair razılığa gəlinmişdi.

Lakin həmin günlər Baş nazir kreslosunda son günlərini keçirən Abdulla Gül təkidlə demişdi ki, Türkiyə öz torpaqlarından İraqa qoşun göndərilməsinə razılıq verməyəcək.

Yeni hökuməti qurmağa hazırlaşan R.T.Ərdoğan isə AKP-dən olan millət vəkillərinə bu məsələnin müzakirəsində sərbəstlik vermişdi.

Nəticədə iqtidarın təklifini rədd edən Türkiyə parlamenti Amerika qoşunlarına Türkiyə ərazisindən keçməsinə icazə vermədi.

Bu qərar, 1974-cü ildə Kipr adasına qoşun çıxarmasından bəri Ankara ilə Vaşinqton arasındakı münasibətlərin en çox pisləşdiyi dönəmin başlanğıcı oldu.

Diplomatik münasibətlərin soyuması tezliklə konkret faktlarda öz əksini tapdı. İş o yerə çatdı ki, ABŞ hərbçiləri 2003-cü ilin iyulunda Şimali İraqın Süleymaniyə şəhərində Türkiyənin xüsusi təyinatlı dəstə üzvlərinin başına çuval keçirərək onları həbs etmişdi.

Gərginləşən münasibətlər yalnız 4 ildən sonra düzəlməyə başladı. O vaxtın xarici işlər naziri Abdulla Gülün səyləri nəticəsində Ankara ilə Vaşinqton arasındakı soyuqluğu aradan qaldırmaq mümkün oldu.

2007-ci il noyabrın 5-də Ağ Evdə prezident Buşla görüşən baş nazir Ərdoğan Şimali İraqda PKK terror təşkilatına qarşı mübarizədə ABŞ-ın dəstəyini ala bildi.

Türk ordusunun o vaxtdan bəri Şimali İraqda keçirdiyi hava əməliyyatlarında ABŞ-dan kəşfiyyat dəstəyi verilir. ABŞ-ın təkidi ilə terrora qarşı mübarizədə Bağdad hökuməti ilə də birbaşa əlaqələr yaradan Türkiyə bölgədə öz təsir gücünü yenidən göstərməyə başladı.

Bu nöqteyi-nəzərdən Hillari Klintonun Ankaraya səfərinin iki köhnə müttəfiq arasındakı münasibətlərin gələcəyi üçün nə qədər mühüm olduğu ortaya çıxır.

Hillari Klinton Ankarada Atatürkün mavzoleyindən başlayaraq dostanə bəyanatlar verdi. O elan elədi ki, prezident Obama 1 ay içində Türkiyəyə gələcək.

Bütün bu bəyanatlar göstərir ki, Orta Şərqdə cərəyan edən proseslərdə iki ölkənin bir-birinə çox böyük ehtiyacı var. Suriya ilə İsrail arasındakı sülh müzakirələrindəki fəaliyyətinə görə Baş nazir Ərdoğana minnətdarlığını bildirən xanım Klinton sanki regionun gələcəyi ilə bağlı Türkiyənin boynuna indidən ağır yüklər qoydu.

Klintonun gedişindən bir neçə gün sonra prezident Gülün Tehrana nəzərdə tutulan rəsmi səfəri, ondan sonra isə Obamanın Türkiyəyə planlaşdırılan səyahəti Ankara-Vaşinqton xəttinin çox hərəkətli olacağını deməyə imkan yaradır.
XS
SM
MD
LG