Keçid linkləri

2024, 16 Noyabr, şənbə, Bakı vaxtı 01:51

Vergidən gizlədilən pullar... Onları harada axtarmalı?


Rəhim Qazıyev dediklərini rəsmi sənədlərlə sübut etməyə hazırdır
Rəhim Qazıyev dediklərini rəsmi sənədlərlə sübut etməyə hazırdır

Riyaziyyat müəllimi, keçmiş müdafiə naziri Rəhim Qazlyev dediklərini rəsmi sənədlərə istinadən istənilən maliyyə işçisi, istənilən vergi əməkdaşına sübut etməyə hazır olduğunu iddia edir.

Müraciət etdiyimiz avtomobil satış mərkəzlərində bir ildə bu qədər vergidən yayınma barədə bir söz deyə bilməsələr, amma avtomobilə görə nağd ödənilən pulun alıcıya verilən qəbzdə aşağı göstərilməsini inkar eləmirlər. Hətta bəzi avtomobil satış mərkəzlərində onlar alıcıya hər hansı qəbz vermədiklərini deyirlər.

Bu deyilənləri qətiləşdirən konkret faktlar var

2006-cı ildə ilk dəfə «KİA Motors» Məhdud Məsuliyyətli Cəmiyyətin Bakıdakı satış mərkəzindən avtomobil alan riyaziyyat müəllimi sabiq müdafiə naziri Rəhim Qazıyevdir. Onun iddiasına görə, «KİA-Motors»un «Mətbuat» prospektində, keçmiş Qələbə kinoteatrı ilə üzbəüz satış mərkəzindən 21 min 500 dollara «KİA Sportage» markalı avtomobil alıb.

Hamı vergi ödəməlidir. Bu KIA avtomobilini satanlar da. Şüşədəki qiymətin 18 faizini...


«Axşamçağı idi deyə mən qeydiyyata düşmək, dövlət nömrə nişanı almaq üçün Dövlət Yol Polisinə gedə bilmədim. Evdə yoldaşım, övladlarım maşının sənədlərinə baxmağa başladılar. Birdən dedilər ki, bəs deyirsən maşını 21 min 500 dollara almışam, amma sənədlərdə 9 min 6 manat göstərilib. Mən dedim əşi ola bilməz. Mən Azərbaycanda korrupsiya, rüşvət haqqında eşitmişdim, amma xalqın belə dəhşətli talan edilməsini, soyulmasını gözləmirdim».

Bundan sonra yenidən həmin satış mərkəzinə gedən Rəhim Qazıyev xeyli müzakirələrdən sonra maşına ödədiyi pulun ona verilən qəbzdə göstərilməsinə nail ola bilib. Rəhim Qazıyev deyir ki, 21 min 500 dollara satılan avtomobilin rəsmi sənədlərdə qiymətinin 9 min 6 manat göstərilməsi o deməkdir ki, təkcə bir avtomobilin satışından əldə olunan pulun 12 min 494 dolları vergidən gizlədilib. Rəhim Qazıyev deyir ki, hətta ona satış mərkəzində etiraf ediblər ki, onun bu hay-küyündən sonra daha bir neçə nəfərə belə bir sənədlə maşın satıblar və bu onların xeyli ziyana düşməsilə nəticələnib.


Vergi bilsə bizi bilirsən nə edər?

Üç il sonra, 2009-cu ilin fevralında «KİA Motors»un Yasamaldakı satış mərkəzində mən də oldum. Həmin şirkətdən «KİA RİO» avtomobilini almaq istədiyimi dedim. Heç bir problem olmadığını dedilər. Mənimlə söhbət edən satış meneceri Vaqif Əliyev (ad şərtidir) bildirdi ki, onlar avtomobilin qiymətində hər hansı endirim edə bilmirlər. Sadəcə 400 manatlıq hədiyyə verə bilərlər. Bu hədiyyə 300 manata başa gələn dövlət nömrə nişanı və bir də dəyəri 100 manat olan bir rezin ayaqaltıdan rezin hədiyyə ibarətdir.

-Bəs mən sizdən avtomobili nağd pulla alsam , mənə həmin məbləğin qəbzini verəcəksinizmi?

-Yox, biz satdığımız avtomobillərə çek verə bilmirik?

-Niyə, problem nədir, niyə verə bilmirsiniz?

-Gömrük bəyannaməsində avtomobilin qiyməti aşağı göstərildiyi üçün biz çek versək, vergi bizə problem yaradar, ona görə verə bilmərik, amma bütün
sənədlərin hamısını verəcəyik, nə lazımdırsa.

-Bəs bu «KİA-Rio»-nun qiyməti 15 min 700 manatdır, bunu mənə sənəd versəniz və yaxud elə sənədlərdə necə göstərirsiz?

-Bu 15 min 700 manatlıq «KİA-Rio»nu biz sənədlərdə 6 min manat göstərə bilərik, artıq göstərə bilmərik.
(Vergidən gizlədilən məbləğ - Bu isə o deməkdir ki, 15 min 600 manatın 9 min 700 manatı vergidən gizlədilir).

-Bəs orda 21 min 900 manata olan «KİA-Sportage»in sənədlərində qiyməti necə göstərirsiniz?

-Təxminən 7-8 min manat.
(Bu halda vergidən Bu avtomobilin satışı zamanı isə 12 min 900 manat vergidən gizlədilir).

-32 min manata olan bir avtomobil var onu alsaq sənəddə nə göstərəcəksiniz?

-32 minlik avtomobilin qiyməti sənədlərdə hardasa 10 min manatdan bir az yuxarı göstəriləcək.
(Deməli vergidən gizlədilən məbləğ - 22 min manatdır).

Beləliklə dövlət büdcəsinə 10 min manatın 18 faizi, yəni 1800 manat ödənilir. Əslində 32 min manatın Əlavə Dəyər Vergisi olan 5760 manat ödənməlidir.

Bəs Vergilər Nazirliyində necə, bundan xəbərdardırlarmı?

Amma Vergilər Nazirliyinin apardığı araşdırma zamanı bu deyilənlər ilkin sənəddə təsdiqini tapmayan fakt kimi göstərilib.


İlkin sənəddə təsdiqini tapmayan FAKT-ın sonrakı aqibəti

Rəhim Qazıyevin Prezident Aparatına yazdığı çoxsaylı məktublardan sonra Vergilər Nazirliyi 2009-cu il yanvarın 19-da ona cavab məktubu yazıb. Nazirliyin Vergi Ödəyicilərinin Auditi Baş İdarəsinin rəisi, baş vergi xidməti müşaviri Musavər Nəbiyevin yazdığı həmin məktubda qeyd edilir ki, «...müraciətinizdə göstərilən məlumatların düzgünlüyünün yoxlanılması məqsədilə «KİA MOTORS AZ» Məhdud Məsuliyyətli Cəmiyyətdə (VÖEN1800327961) 26.08.2006-cı il tarixdə nağd qaydada aldığınız «KİA SPORTAGE» markalı avtomobilin satışına dair müvafiq sənədlər araşdırılmış və göstərilən fakt ilkin sənədlərdə öz təsdiqini tapmamışdır».

Vergilər nazirliyi bu məktubunda yazır ki, maşın satışında vergidən yayınma fatını aşkar etməyib


Bu, Rəhim Qazıyevin birinci cəhdi idi.

Bəs görəsən ilkin sənəddə təsdiqini tapmayan faktın sonrakı aqibəti necə olur. Yəni yenə də həmin faktın digər sənədlərdə tapılıb-tapılmamasına qədər araşdırılırmı. Bir də ki, Vergilər Nazirliyinin nümayəndəsi qeyd olunan tarixdən 10 gün əvvəl və ya 10 sonra satılan avtomobillərin də sənədlərinə baxıbmı.

Müsavər Nəbiyev digər satış mərkəzlərində də yoxlama aparıldığını deyir. Amma həmin Vergilər Nazirliyindən fərqli olaraq Dövlət Yol Polisindən bizə verilən məlumata görə, «Nəqliyyat vasitələri və onların ehtiyat hisslərinin satışı ilə məşğul olan ticarət təşkilatlarının, komisyon mağazaların uçotunun aparılmasını, satılmış avtomobillərin yol hərəkətinə müvəqqəti buraxılması üçün «tranzit» nişanları və hesab-arayış blankları ilə təchiz olunmasını və onların sərf edilməsinə müvafiq qaydada vaxtaşırı nəzarəti Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi həyata keçirir».

Amma qaldı hesab-arayışda satılmış malın dəyərinin nə qədər göstərilməsinə bu şirkət tərəfindən təyin edilir.

Vergilər Nazirliyinin digər avtomobil satışı mərkəzlərində, o cümlədən «Nissan» avtomobilinin Azərbaycandakı rəsmi distributoru «Nurgün Motors»da aparılan yoxlamaların nəticəsi isə hələ məlum deyil. Amma «KİA-Motors»dan aldığı avtomobili satıb «Nurgün Motors»dan «Nissan X-TRAİL» alan Rəhim Qazıyev növbəti vergidən yayınma halıyla elə adı çəkilən şirkətdə üzləşdiyini iddia edir. Onun bizə təqdim elədiyi rəsmi sənədlərdə avtomobilin dəyəri sözünün qarşısında 9607,77 qəpik yazılıb. Dövlət Yol Polisi isə bu məsələyə hər hansı müdaxilə etmir. Hesab edir ki, avtomobilin qiymətinin sənədlərdə necə göstərilməsi mal satan şirkətin öz hüququdur.

«KİA-Sportage»in satışı zamanı 12 min 900 manat vergidən gizlədilirRəhim Qazıyev Bakıda Babək prospekti 31-də yerləşən, NİSSAN avtomobil şirkətinin Azərbaycandakı rəsmi distributoru olan «Nurgün Motors» da nə ilə üzləşib, o baş verənləri belə nəql edir.

«Gəldim Nissan-X-TRAİL xoşuma gəldi, qiyməti də 27 min 900 dollar. Dedim mağazadı bəlkə bir qədər aşağı-yuxarı olar, amma dedilər aşağı düşməyin yeri yoxdur. Dedim alıram. Mən həmin məbləği ödədim, gördüm sənədə yazıblar 9 min 600 manat. Dedim axı mən 27 min 900 dollar pul ödəmişəm siz bura nə yazmısınız?»

Bu isə o deməkdir ki, adı çəkilən avtomobil satışı şirkəti 9 min 600 manatın 18 faiz əlavə dəyər vergisini -1728 manatı ödəyir. Amma avtomobilin satış qiyməti 27900 dollar olduğu üçün əslində avtomobil satan şirkət 4950 dollar vergi ödəməli idi. Sadə riyazi hesablama aparanda üzə çıxır ki, təkcə 27900 dollara olan bir «Nissan-X-TRAİL» avtomobilinin satışında 3222 dollar vergidən gizlədilir.

Belə olan halda ona problem olmadığını bildiriblər və ödədiyi pullun məbləğinə uyğun hər iki tərəfin imzası olan bir sənəd veriblər. Amma qəbz verilməyib.

«Oxuyuram sizə həmin kağızda yazılanı –Mən Rahim Qazıyev Həsən oğlu «Nurgün-Motors» şirkətindən «Nissan-X-TRAİL» avtomobilini əldə etmək üçün 27 min 900 ABŞ dolları ödəmişəm. Və yuxarıda yazılanları öz imzamla təsdiq edirəm».
Şirkətin firma blankında yazılan bu məktubu elə həmin şirkətin Qəhrəmanov soyadlı əməkdaşı imzalayıb.

Rəhim Qazıyev: «Bu xalqı soymaq üçün yuxarıdan icazə alıblar»

Rəhim Qazıyev deyir ki, əslində ona belə bir sənədi o bir az fəallıq göstərdiyinə, öz hüquqlarını tələb etdiyinə görə ala bilib, amma həmin sənədi harasa təqdim etməyin elə bir əsası yoxdur, əsas məsələ pulun ödənilməsilə bağlı verilən qəbzdir.

«Mən guya bir qədər fəal alıcıyam, hüquqlarımı bilib həmin sənədi almaq istəmişəm. Onlar da arxalarına o qədər güvənirlər ki, deyiblər verək də. Özü də bu sənədi yazmazdan əvvəl həmin sənədə imza atan şəxs yuxarı qalxıb rəhbərliklə məsləhətləşəndən sonra ona belə bir sənəd veriblər. Ataların bir sözü var «kəndxudanı gör, kəndi çap». Bunlar bu xalqı soymaq üçün yuxarıdan icazə alıblar. Bu sənəd bir məndə deyil minlərlə Azərbaycan vətəndaşında var».

-Rəhim Qazıyevin prezidentə yazdığı məktubda bu məsələ əks olunduğundan Vergilər Nazirliyinin İdarə rəisi Musavər Nəbiyev Rəhim Qazıyevə yazdığı cavab məktubunda bu məsələyə də toxunub.

RƏSMİ MƏKTUB

Rəhim Qazıyev hələ ki, Vergilər Nazirliyindən bu məktubu almaqdan başqa heç nəyə nail olmayıb.

Bütün bu qarşılaşdığı hallardan sonra o oturub Azərbaycanda avtomobil satışından bir ildə nə qədər pulun büdcədən yayındığını araşdırıb.

«Mən orta qiymətə olan maşınların satışından əldə olunan pulların hesabını apardım. Mən aldığım «Nissan-X-TRAİL» orta qiymətdir, amma bunun 60-mindən 120 min dollara qədər olanı var. Və mən orta qiymət çıxartdım ki, bir ildə gətirilən 70 minə yaxın avtomobilin satışından gizlədilən pulun miqdarı 2 milyard manatdan yuxarıdır. Bu təkcə avtomobil satışın üzrə vergidən yayındırılan puldur. Bu Azərbaycan xalqının onurğa sütununa, bu dövlətçiliyinə vurulan ən böyük zərbədir»

Cənab Qazıyev Vergilər və Daxili İşlər nazirlərinin bu işdən xəbərsiz olduğuna da inanmır. Deyir Dövlət Yol Polisinə hər gün nömrə nişanı almaq üçün 10-larla hesab faktura sənədləri gedir və ola bilməz ki, bundan yuxarıların xəbəri olmasın.

Dövlət Yol Polisində hesab edirlər ki, avtomobilin rəsmi sənədlərdə qiymətinin nə qədər göstərilməsi şirkətin öz hüququdur.


Suallarımız cavabsız qalır…

«Azadlıq» Radiosunun elektron poçt sorğusuna Dövlət Yol Polisindən gələn cavabda belə deyilir.

Rəhim Qazıyev sual edir ki, görəsən, daxili işlər strukturlarında çalışan Yol Polisi əməkdaşları belə sənədlərlə qarşılaşanda onlardakı saxtakarlığı doğrudanmı görmürlər? Qazıyev deyir ki, vətəndaş mövqeyi olan istənilən məmur bu saxtakarlıq barədə məlumat verməli, onun araşdırılmasına nail olmalı idi. Bunun yerinə, Qazıyevin fikrincə, həm yol polisində, həm də elə üzü prezident aparatından tutmuş, Vergilər Nazirliyinə və daha aşağı strukturlaradək dövlət idarələrində məmurlar özlərinin də aldığı maşınların qiymətinin saxtalaşdırılmasına göz yummağa və bununla da cinayətə şərik olmağa üstünlük veriblər.

Rəhim Qazıyevin məmurlar haqda bədgümanlığını bölüşməyib biz də Vergilər Nazirliyindən bu məsələyə bir aydınlıq gətirməsini istədik. Amma fevralın əvvəlindən Nazirliyə iki yazılı müraciət və dəfələrlə telefon zəngi etməyimizə baxmayaraq, suallar cavabsız qalır.

Nazirlik deyir ki, fevralın 24-də Azadlıq Radiosuna məktub göndərib. Amma həmin məktub hələ ki, yetişməyib.

Hələ 2007-ci ildə mən bu məsələni araşdıranda «Nurgün Motors» şirkətinə guya maşın almaq üçün müraciət etmişdim. Onda mənimlə danışan adının çəkilməsini istəməyən əməkdaş bütün maşınların baha qiymətə satılıb, aşağı qiymətə sənədləşdirilir və burada təəccüblü bir şey olmadığını demişdi.

Amma mənim alıcı deyil, jurnalist olduğumu biləndə şirkətin baş direktoru Ceyhun Məmmədovla söhbət etməyi məsləhət gördü:

Cəmil Məmmədovla telefon söhbətimiz belə oldu:

-Cəmil müəllim, sizdən «Nissan-X-Trial» avtomobili alan bir nəfər deyir o həmin maşını almaq üçün 27 min 900 manat pul ödəyib, amma ona verilən sənəddə 9 min 600 manat göstərilib. Bu belə də olmalıdırmı?

-Siz bunu nəyə görə soruşursunuz, mənim başım çıxmır?
-Bizim radioya vətəndaş belə bir faktlar açıqlayıb, indi biz araşdırırıq ki, həmin vətəndaş düz deyir, yoxsa səhv?
-İndi o düz desə və ya səhv desə siz onu nə edəcəksiniz?
-Biz bununla bağlı veriliş hazırlayacağıq.
-Bəs sonra bununla bağlı nə baş verib?
-Bəs həmin vətəndaş düz deyirmi?
-Yox, yəqin ki, düz deyil.
-Bəs bu vətəndaş sizi məhkəməyə versə, siz özünüzü müdafiə edə biləcəksinizmi?
-Təbii ki...

Bu söhbət hələ 2007-ci ildə olmuşdu.


Nazirin etirafları

Vergilər Nazirliyi Vergi Ödəyicilərinin Auditi Baş İdarəsinin rəisi, baş vergi xidməti müşaviri Musavər Nəbiyevin Rəhim Qazıyeva 2009-cu ilin yanvarında göndərdiyi məktubda «KİA Motorsla» bağlı məsələnin öz təsdiqini tapmadığını bildirsə də elə Vergilər naziri Fazil Məmmədov da hələ iki il əvvəl «Azadlıq» radiosunun müxbirilə söhbətində vergidən yayınma hallarından məsələlərdən xəbərdar olduqlarını demişdi.

2007-ci ildə biz nazirə bu məsələ ilə bağlı sual verəndə o bu halların olmasını təkzib etməmişdi. «Azadlıq» Radiosunun sualına cavab verən nazir bildirmişdi ki, belə vergidən yayınma halları tək maşın satışında deyil, digər sahələrdə də var. Onun sözlərinə görə, bu addımı atanlar vergidən yayınmaq üçün malların dəyərini aşağı göstərirlər.

Qanunvericiliyə əsasən gömrük qiymətləndirmə sistemi var və bu sistemlə dünya bazarına uyğun qiymətləndirmə aparılır. Amma vergidən yayınma hallarına hələ də rast gəlmək olur. Və əlbəttə buna qarşı mübarizə aparılır. Fazil Məmmədovun o vaxt dediyinə görə, 200-dən artıq şirkət vergidən yayınmaya görə cinayət məsuliyyətinə cəlb edilib.

Nazir deyirdi ki, mübarizə aparılır. Amma iki il əvvəl avtomobil satışında vergidən yayınma necə idisə, indi də elədir. Qiymətlərin yarıbayarı vergidən gizlədilməsi indi də davam edir. Niyə bu bəlli deyil.

Bəzi məlumatlara görə, 2006-cı ildə İqtisadi İnkişaf Nazirliyi də bir nəfərin şikayətinə əsasən - maşın alıcısına verilən bir-neçə illik təminatla bağlı məsələni araşdırarkən avtomobillərin satıldığı qiymətdən xeyli aşağı sənədləşdirilməsi faktını üzə çıxarıb. Sadəcə müraciət şirkətin avtomobilə verilən təminata əməl etməməsilə bağlı olduğundan nazirlik işi üzə çıxan fakt üzrə deyil, şikayət üzrə araşdırıb.


Avtomobil satışında büdcə nə qədər itirir?

Müxtəlif rəqəmlər səslənir. Məsələn sabiq müdafiə nazirinin təxmini hesablamasına görə, vergidən idxalı və satışından ildə doğurdanmı 2 milyard manata qədər vəsait yayındırılır.

Amma ekspertlər bu rəqəmə bir qədər ehtiyatla yanaşırlar.

Birincisi hesab edirlər ki, arqumentlərdən biri budur ki, il ərzində Azərbaycana gətirilən 90 minə yaxın avtomobilin heç də hamısı avtosalonlar vasitəsilə satılmır. Bundan başqa, hətta avtosalonların satdığı avtomobillərin xeyli hissəsi kreditlə verilir. Daha bir məsələ odur ki, Azərbaycanda satılan avtomobillərin bir hissəsi də Rusiya istehsalı olan avtomobillərdir ki, onların qiyməti elə də baha deyil.

Avtomobil bazarını təhlil edən ekspertlərin fikrincə, avtomobillərin qiymətinin alıcıya verilən qəbzlərdə xeyli aşağı göstərilməsi ancaq vergidən yayınmaya xidmət edir. Ekspertlərin bu fikirlərini bizimlə söhbətdə Vergilər naziri Fazil Məmmədov da təsdiqləmişdi. Məsələ ondadır ki, avtomobil satan şirkət real qiyməti rəsmi sənədlərdə göstərməklə vergini göstərilən həmin məbləğdən ödəməlidir.

Ekspertlər onu da deyir ki, bu isə avtomobil satan şirkət qiyməti olduğu kimi göstərsə, müflisləşmə bilər. Ekspertlər onu da deyir ki, qiymətin aşağı salınması heç də o demək deyil ki, alıcı daha aşağı qiymət ödəyir.

Çünki, ekspertlərin fikrincə, avtomobil satan şirkət onun əsl dəyərinin vergisini onsuz da ödəməli olur. Amma bu pul büdcəyə gedib çıxmır.


Vergi sisteminin kölgə kassası harda yerləşir?

Amma ekspertlərə görə, qiymətin az göstərilməsi heç də həmin pulların hamısının avtomobil satana qalması demək deyil. Ekspertlər əmindirlər ki, həmin pul o şirkətlərdən çıxır və avtomobil satışı şirkətləri harasa müəyyən edilmiş faizi ödəmədən belə addım ata bilməzlər.

Bir sözlə bir ildə avtomobil idxalı və satışından nə qədər pul vergidən yayınır - bunu daha dəqiq pulu vergidən yayındıranlar bilir.

ARAYIŞ

Bəyannamə qiymətləri ilə real qiymətlər arasında böyük uyğunsuzluq var
Amma maşın idxalını araşdıranlar deyirlər ki, elə ölkəyə gətirilən 10-15 bahalı avtomobilin qiyməti bu qədər eləyir.

«Turan» İnformasiya Agentliyinin iqtisadi məsələlər üzrə eksperti Hafiz Babalı da hesab edir ki, Gömrük bəyannamə qiymətlərilə avtomobillərin pərakəndə satış qiymətləri arasında çox ciddi fərqlər var. Hətta bununla bağlı bir zarafat da yaranıb. Həmin zarafatın mahiyyəti belədir: deyirlər ki, əgər avtomobil istehsalçıları Azərbaycandakı rəsmi sənədlərə baxsalar öz ölkələrindəki zavodları bağlayıb Azərbaycandan avtomobil almağa başlayarlar. Hafiz Babalı da deyir ki, gömrük sənədlərində Azərbaycana gətirilən avtomobillərin istehsal edilən ölkədəkindən belə ucuz göstərilməsi istər-istəməz şübhələr doğurur.

İqtisadçı-ekspert Hafiz Babalı


Hafiz Babalı deyir ki, Azərbaycana həm də Rusiyadan xeyli avtomobil gətirilir və ümumi ortaq rəqəmin 8100 və 8500 dollar göstərilməsini rəsmilər bununla da əsaslandıra bilərlər. Amma onun sözlərinə görə, həm də hesab edir ki, nəzərdən qaçırmaq lazım deyil ki, ölkəyə gətirilən minik avtomobillərin çoxunun qiyməti 15 min manatdan daha artıq olan avtomobillərdir.

«Hesab edirəm ki, bu gömrük orqanlarında artıq kök salmış bir problemdir və bu təkcə avtomobillərdə deyil bu ərzaq və qeyri-ərzaq mallarında da belədir. Bəyannamə qiymətlərilə real qiymətlər arasında böyük uyğunsuzluq var.

İqtisadi məsələlər üzrə eksperti Hafiz Babalı: «Mən hesab edirəm ki, uyğynsuzluq arasında olan fərq, məbləğ qeyri-şəffaf yollarla pərdələnir və mənimsənilir. Nəticədə dövlət büdcəsinə getməli olan vəsaitlər ayrı-ayrı məmurların cibinə gedir».


Bir dövlət qurumunun yaratdığı problem digər qurumları işə salıb

İqtisadçı avtomobillərin orta qiymətinin gömrük sənədlərində ən azı iki dəfə azaldıldığını iddia edir. Bir qədər əvvəl avtomobil alan həmsöhbətim Rəhim Qazıyev il ərzində təkcə avtomobil idxalı üzrə 2 milyard pulun vergidən gizlədildiyini demişdi. Amma Hafiz Babalının apardığı hesablamalara görə, avtomobil idxalından bir ildə Azərbaycanın dövlət büdcəsi təxminən 300 milyon manat itirir. O hesab edir ki, əslində gömrük sənədlərində istehsalçının alıcı şirkətə bəyan etdiyi qiymət göstərilməlidir və bu məbləğə görə ödənilən vergilər də büdcəyə cəlb olunmalıdır.

Hafiz Babalı sabiq İqtisadi İnkişaf naziri Fərhad Əliyevin vaxtilə yeyinti malları ilə üzə çıxardığı sənədləri yada salır. Ekspert deyir ki, indi həbsdə olan sabiq nazir ölkəyə gətirilən malların gömrük qiymətlərilə onun bazar qiymətləri arasında 100 faizdən 300 faizə qədər qiymət fərqin olduğu üzə çıxmışdı. İqtisadçının sözlərinə görə, əgər gömrük sənədlərində ən bahalı avtomobilin də qiyməti 8-8,5 min dollar göstərilirsə onu satan şirkətin alıcıya verdiyi sənədlərdə həmin avtomobilin real qiymətinin göstərilməsi qeyri-mümkündür. Əgər avtomobilin satıldığı qiymət alıcıya verilən qəbzdə göstərilərsə bu o deməkdir ki, həmin şirkət gömrük qiymətlərilə satış qiymətləri arasındakı məbləğin vergisini ödəməlidir. Artıq şirkət hər avtomobilə görə, müəyyən olunmuş məbləği gömrükdə qeyri-rəsmi ödədiyindən onun ikinci dəfə vergi ödəməsi şirkətin tamamilə müflisləşməsilə nəticələnə bilər. Digər tərəfdən avtomobilin real satış qiymətlərini rəsmi hesaba salmaqla avtomobil satış şirkətləri vergi məsələsində özlərini problemə salmış olar. Baxmayaraq ki, elə indiki halda da həmin avtomobil satış mərkəzləri problemlər içərisindədirlər.

«Bu vergidən yayınmaya yönəlib. Hansısa bir avtomobil salonunda Nissan və digər pristijli avtomobillərin 9-10 minə satıldığına rast gəlmək olmaz. Həmin avtomobillərin salonlarda qiyməti 25 min-dən aşağı deyil. Sənədlərdəki qiymətlər isə Gömrük Komitəsinin rəsmi sənədlərindəki qiymətlərinə uyğunlaşdırılıb. Ehtimal etmək olar ki, bu qiymət fərqinin böyük həcmdə şişməsinin qarşısını almaq üçün belə edilir. Çünki Gömrükdə əks olunmuş qiymətlə pərakəndə satış qiyməti arasındakı fərq həmin şirkətin real gəliri kimi göstərilməlidir və şirkət bu gəlirdən vergi ödəməlidir. Hesab edirəm ki, bu məsələdə vergi orqanlarının üzərinə də xeyli məsuliyyət düşür. Belə ki vergi orqanların bahalı avtomobillərin pərakəndə satış qiymətlərinə nəzarəti gücləndirməlidirlər. Bununla həm də Gömrükdəki neqativ halların qarşısına sipər çəkilmiş olar»

(Rəhim Qazlyev illik olaraq 2 milyard manatın dövlət budcəsindən yayındığını deyir. Onunla razısınızmı? Bizə yazın. Avtomobil alqı-satqisında iştirak etmisinizmi, öz təcrübənizi bizimlə bölüşün)

Növbəti araşdırmada oxuyacaqsınız:

Azərbaycanda qiymətlərin aşağı düşməməsinə səbəb nədir?

Niyə dünyanın hər yerində olan ucuzlaşma Azərbaycandan yan keçir?

Hansı ölkədən gələn mallara kim nəzarət edir?

Gömrük komitəsinin ştatdankənar işçiləri bazarlara necə nəzarət edir?

XS
SM
MD
LG