Keçid linkləri

2024, 16 Noyabr, şənbə, Bakı vaxtı 04:34

Amnistiya yüngül cəza alan məhbuslara şamil olunacaq


2007-ci ilin Amnistiya Aktını görə 1500 nəfər azad olunmuşdu
2007-ci ilin Amnistiya Aktını görə 1500 nəfər azad olunmuşdu
Milli Məclisin deputatı Mehriban Əliyevanın martın 10-da parlamentə təqdim etdiyi «Amnistiya Aktı haqqında» qanun layihəsi martın 17-də müzakirə olunacaq.

Sənəd yüngül cəzalı, cəzasının bir hissəni çəkən, şərti cəza alan, cərimə ilə cəzalandırılan və digər kateqoriyalı şəxslərin cəzadan azad olunmasını nəzərdə tutur. Layihə artıq Milli Məclisin deputatlarına paylanıb.

Hüquq müdafiəçisi Səidə Qocamanlı amnistiyanın verilməsini alqışlayır, deyir ki, buna çoxdan ehtiyac vardı:

«Məhbusların sayı azalmaqla yanaşı, həm də neçə-neçə adam azadlığa çıxıb ailəsinə qovuşur. Ancaq amnistiyaya hansısa maddələr daxil edilir və yüngül cəzalara məhkum olunan məhbuslara şamil olunur. Yenə bizi narahat edən siyasi məhbuslar azadlığa buraxılmayacaq. Ona görə də biz amnistiya ilə yanaşı həm də əfv fərmanını gözləyirik. Qarşıda Avropa Şurasının aprel sessiyasında siyasi məhbuslar, xüsusi məruzəçinin təyin olunması məsələsinin müzakirəsi var. Buna görə də əfv fərmanıyla yanaşı amnistiya verilməlidir. Həbsdə olan jurnalistlər, xəstə məhbuslar azadlığa buraxılmalıdır. Əgər həm əfv, həm amnistiya olsa, bu müsbət addım kimi qiymətləndirilə bilər».

Millət vəkili Zahid Orucsa deyir ki, amnistiya aktı daha çox yüngül cəza alanlara şamil olunsa da vətəndaş-dövlət münasibətlərində humanist bir addım kimi qiymətləndirilməlidir:

«Dövlət öz vətəndaşına azadlığa çıxmaq üçün növbəti bir şans verir. Keçən dəfə eyni qanunvericilik xeyli sayda adamlara tətbiq olundu. Müzakirələrdə bunu müdafiə edəcəyik. Həm də bununla göstərmiş olacağıq ki, dövlət Azərbaycanda insan haqlarına kifayət qədər diqqət göstərir. Bu da Azərbaycandakı insan haqlarının vəziyyətinə diaqnoz qoyan beynəlxalq təşkilatların rəyinə də təsir göstərmiş olacaq».

Hüquqşünas Elçin Qəmbərov isə deyir ki, amnistiya aktlarının qəbulu cəzaçəkmə yerlərindəki məhbus sıxlığının aradan qaldırılmasına yardım edir. Buna da indi çox ehtiyac var. Elçin Qəmbərov da deyir ki, amnistiya yüngül cəza alan məhbuslara şamil olunduğundan jurnalistlərin və siyasi məhbusların azadlığa çıxmasını gözləmək sadəlövhlük olardı:

«Hamı bilir ki, amnistiya yüngül maddələrə şamil olunur. Siyasi məhbusları və jurnalistləri isə əfv fərmanı ilə azadlığa buraxmaq olar. Bunun üçünsə siyasi iradə lazımdır».

Bundan əvvəl parlament Mehriban Əliyevanın 2007-ci ilin mayında təqdim etdiyi «Amnistiya Aktı haqqında» qanun layihəsini qəbul edib. Həmin vaxt 1500 nəfər azad olunmuşdu. Amnistiya aktı adətən 3 ay müddətində icra olunur.

Müsavat deputat qrupundan Pənah Hüseyn isə «Azadlıq» radiosuna deyib ki, bu il fevralın 26-da parlamentin Hüquq siyasəti və dövlət quruculuğu daimi komissiyasında onun təqdim etdiyi «Amnistiya Aktı haqqında» qanun layihəsinin müzakirəsi keçirilib. Müzakirələr zamanı ötən dəfə ki qanun layihəsindən qısa müddət keçdiyi üçün yeni amnistiyaya ehtiyac olmadığı bildirilib və onun sənədi geri qaytarılıb.
XS
SM
MD
LG