Keçid linkləri

2024, 16 Noyabr, şənbə, Bakı vaxtı 08:25

Alimlər bu dəfə qlobal istiləşmədən qorxmamağa çağıracaqlar


Buzlaqların əriməsi nəticəsində bu əsrin sonuna dənizlərin səviyyəsi 18 santımetrdən 58 santımetrə qədər qalxa bilər
Buzlaqların əriməsi nəticəsində bu əsrin sonuna dənizlərin səviyyəsi 18 santımetrdən 58 santımetrə qədər qalxa bilər
Bu həftə Nyu-Yorkda qlobal iqlim dəyişmələrinə həsr olunan beynəlxalq konfrans keçiriləcək. Amma bu dəfə alimlər qlobal istiləşmənin təhlükələrindən danışmayacaqlar. İndi onlar həmin istiləşmədən qorxmamağa çağıracaqlar.

Konfransı təşkil edən Heartland İnstitutunun prezidenti Jozef Bast bildirir ki, qlobal istiləşmənin səbəbi indiyə qədər alimlərin sübut etdikləri kimi sənaye çirklənmələri, insan fəaliyyəti deyil. Bu, əslində Yerin özünün təbiətindən, Günəşin aktivliyindən yaranan və dövri olaraq təkrarlanan təbiət hadisələridir.

Dünya miqyasında bu fikrin ən tanınmış tərəfdarlarından olan Çexiya prezidenti Vaslav Klaus hesab edir ki, dövlətlər qlobal istiləşmədən həm də bir bəhanə kimi istifadə edirlər:

- Problem qlobal istiləşmədə deyil. İdeologiyalar bundan sui-istifadə edirlər. Hökumətlər həyatın bütün sahələrinə müdaxilə edir, insan azadlıqlarını, iqtisadi rifahı məhdudlaşdırırlar.

Konfransın başqa bir iştirakçısı, Kaliforniyadan olan onkologiya mütəxəssisi, doktor Hovard Makkabi də bildirir ki, sənaye çirklənmələrinin qlobal istiləşmədə rolu ya çox cüzidir, ya da ümumiyyətlə yoxdur:

- Bu məsələdə insanın iştirakı çox azdır. Ola bilər, onun rolu sıfır dərəcəsində deyil. Amma bizim dəyişə bilmədiyimiz başqa səbəblərə baxanda çox azdır. Biz günəşi, onun dövri şəkildə dalğalanmalarını, okean axınlarını dəyişə, El Ninonu dayandıra bilmərik. Son 40 ildə temperatur dəyişmələrində El Ninonun təsiri çox böyük olub. Son dövr tarixinin ən isti il 1998-ci il olub. Bu da El Nino ilinə görə idi, karbon qazına görə yox.

Hovard Makkabi hesab edir ki, Sakit okeanın şərqində dövri olaraq baş verən və El Nino adlanan təbiət hadisəsi atmosferin də isinməsinə səbəb olur.

Amma alimlər qlobal istiləşmənin insan yaşayışına mənfi təsirləri barədə xəbərdarlıqlarından qalmırlar. Martın 10-dan 13-ə qədər Danimarkada – Kopenhagendə iqlim dəyişmələrinə dair beynəlxalq konfrans keçirilir.

Dekabrda siyasətçilər Kopenhagenə toplaşıb 2012-ci ildə qüvvədə olma müddəti bitəcək Kioto protokolunun əvəzinə yeni bir beynəlxalq razılaşmanı müzakirə edəcəklər. İndi alimlərin konfransı da həmin beynəlxalq razılaşmaya hazırlıq çərçivəsində keçirilir.

Qlobal istiləşmənin mümkün nəticələri barədə dünyanın müxtəlif yerlərindən 2000-dən çox alimin toplayıb təqdim etdiyi nəticələr isə kifayət qədər dramatikdir. Onların fikrincə, qlobal istiləşmə səhra ərazilərini genişləndirəcək, dəniz səviyyəsinin qalxması sahil ərazilərini su altında qoyacaq. Buzlaqların əriməsi ilə çökək əraziləri su basacaq, içməli su mənbələri quruyacaq. Bitki və heyvan növlərinin 30%-ə qədəri məhv olacaq.

BMT-nin 2007-ci ildə elan etdiyi proqnozlara görə, buzlaqların əriməsi nəticəsində bu əsrin sonuna dənizlərin səviyyəsi 18 santımetrdən 58 santımetrə qədər qalxa bilər. Yeni araşdırmalara görə isə buzlar indiki süqrətlə ərisə, əsrin sonuna dənizlərin səviyyəsi 78 santımetrə qədər də qalxa bilər.
XS
SM
MD
LG