Keçid linkləri

2024, 16 Noyabr, şənbə, Bakı vaxtı 11:28

«Hakimiyyət növbəti dəfə cəmiyyətin iradəsini inkar etdi»


«İctimaiyyətin mövcud hakimiyyətə münasibətini bir daha nümayiş etdirilməsinə nail olduq»
«İctimaiyyətin mövcud hakimiyyətə münasibətini bir daha nümayiş etdirilməsinə nail olduq»
«Bizim Yol»: Müxalifət referendumu boykot qərarını rəsmiləşdirdi. Bununla bağlı sualları AXCP sədrinin müavini Fuad Mustafayev cavablandırır.
«Biz seçki kampaniyasına qatılarkən çalışdıq ki, cəmiyyətdə diskussiya olsun, bütün tərəflər öz fikirlərini sərbəst ifadə etmək imkanı qazansın və ictimaiyyət mövqeyini ortalığa qoyma imkanı əldə etsin. Təəssüf ki, cəhdlərimizə baxmayaraq, hakimiyyət növbəti dəfə cəmiyyətin iradəsinin inkarı yolunu tutdu. Əvvəla, sərbəst toplaşma azadlığına imkan verilmədiyindən, mitinqlər keçirə bilmədik. Bunun nəticəsində ictimaiyyətlə görüşlərimiz təzyiq altında, qapalı zalda baş tutdu. İkincisi, mətbuatda diskussiya alınmadı və əslində teledebatlar çoxluğun azlıq üzərinə hücumu şəklində baş verdi. Ümumiyyətlə, teledebatlar formatı doğru qurulmadığından ictimai diskussiya üçün yetərli olmadı. Üçüncüsü, seçki komissiyalarında müşahidəçi hüququ ilə üzvlər təyin etməyimizə imkan verilmədi...

«…Təəssüf ki, hakimiyyətin zor siyasətinin qarşısında cəmiyyətin müqavimət gücü o qədər də böyük olmadığına görə biz Konstitusiyaya edilən dəyişikliklərin qarşısını ala bilmədik. Ancaq ictimaiyyətin mövcud hakimiyyətə münasibətini bir daha nümayiş etdirilməsinə nail olduq. Zaman-zaman müxalifətin gücsüzlüyü haqqında tezislər eşidirik. Amma fakt budur ki, yanvardan başlayaraq qısa müddətdə təzyiqlərə və həbslərə rəğmən, böyük bir imzatoplama kampaniyası keçirdik. Bu, cəmiyyətin müxalifətə dəstəyi deməkdir. Ciddi nəticədir ki, bu məsələni qeyd etməmək olmaz. İndi müxalifəti ittiham etmək ki, hakimiyyətin zor maşınının qarşısını ala bilmir və yaxud nəticəsiz fəaliyyət göstərir, bu, ya riyakarlıqdır».

«Yeni Müsavat»: «İndi mətbuatda tez-tez «birləşmiş müxalifət» ifadəsinə rast gəlmək olur. Ölkə üçün taleyüklü bir məsələdə müxalifətin bir araya gəlməsi çox vacib nəticədir. Artıq ortada birgə verilmiş konkret qərar da var - referendumu boykot etmək». Şahvələd Çobanoğlu «Keçmişi boykot etmək» sərlövhəli köşə məqaləsində belə yazır.

«Etiraz məzmunu daşıyan, konstitusiyaya dəyişikliklərin əleyhinə olan, səsvermənin nəticələrinə birbaşa təsir edən bir qərar dəyişikliklərin əleyhinə olanların hamısı üçün, hətta bütün xalq üçün ümumi qərar kimi qəbul edilməlidir. Kimin nə gücü varsa, bu qərarın həyata keçirilməsinə sərf etməyə borcludur. Real fəaliyyətin başında olan adamların verdiyi bu qərarın niyə bu formada olmasının əsasları onlara daha yaxşı məlumdur. Seçki ilə referendumun mahiyyətində fərqlər çoxdur və indiki halda aktiv boykot səsvermədə iştirakın, əleyhinə səsvermənin bir forması kimi qəbul edilə bilər. İndi vəzifələr də sadə və aydındır. Səsverməyə getməmək, imkan daxilində başqasını da buna inandırmaq. Mövcud reallıqlar daxilində çətin vəzifə deyil».

«525-ci» qəzet: «YAP hər zaman azad və ədalətli rəqabətə hazırdır». Qəzetə müsahibəsində hakim partiyadan olan deputat Aydın Mrzəzadə belə deyib.
«Azərbaycanın artıq müasir tarixində üçillik seçki fəallığı deyilən bir dövr - period yaranmağa başlayıb: prezident seçkiləri, bələdiyyə seçkiləri, parlament seçkiləri. Yəni, ölkədə üç il ərzində dalbadal üç seçki keçirilir. Artıq birinci mərhələ arxadadır, 2008-ci il prezident seçkiləri uğurla başa çatıb. İndi ortaya Konstitusiyaya ediləcək dəyişikliklərlə bağlı referendum düşüb və düşünürəm ki, bu aralıq mərhələ, bu proses də uğurla nəticələnəcək».

«Yeni Azərbaycan»: «Müxalifətin boykot qərarının referendumun nəticələrinə heç bir təsiri olmayacaq».
Bunu Prezidentin İcra Aparatının Siyasi təhlil və informasiya təminatı şöbəsinin müdiri Elnur Aslanov müxalifəti təmsil edən təşviqat qruplarının martın 18-də keçiriləcək referendumu boykot qərarına münasibət bildirərkən deyib».

«Bu müxalifət yenə də cəsarətsizliyini, prinsipsizliyini, bu və ya digər oyunu axıra kimi oynaya bilmədiyini göstərir. Onların boykot qərarını isə referendumun nəticələrinə təbii ki, heç bir təsiri olmayacaq. Referendum Azərbaycan xalqını demokratik hüququnun həyata keçirilməsi üçün reallaşdıran bir təşəbbüsdür. Bu yolla hər bir Azərbaycan vətəndaşı seçki məntəqələrinə gəlib Konstitusiyaya təklif olunan əlavə və dəyişikliklərlə bağlı razılığını, yaxud narazılığını bildirəcək».
XS
SM
MD
LG