Keçid linkləri

2024, 16 Noyabr, şənbə, Bakı vaxtı 07:54

Boykot ardınca daha bir boykot...


Artıq 16 ildir ki, müxalifət «özgə meydança»sında qaydasız oyunla məşğuldur
Artıq 16 ildir ki, müxalifət «özgə meydança»sında qaydasız oyunla məşğuldur
Yaxınlaşmaqda olan 18 mart referendumu ölkədə ən çox maraq doğuran hadisələrdən biridir. Xüsusən də müxalifətin fəaliyyəti və referenduma münasibəti çox müzakirə olunur. Birləşmiş müxalifət bu günlərdə cəmiyyəti referendumu boykot etməyə çağırdı. Ötən il prezident seçkisi zamanı da müxalifət seçkini boykot etməyə çağırmışdı. Artıq boykotla bağlı bir xeyli «təcrübə» toplanıb. Amma bütün bunların, demək olar ki, heç bir nəticəsi olmayıb. Məsələ bundadır ki, Azərbaycanda seçkidə və səsvermədə iştirak etməyin və ya etməməyin heç bir mənası yoxdur, çünki seçki qutuları hakim YAP-ın əlindədir.

Müxalifət partiyaları bundan artıq iş görə bilərdimi? İndiki vaxtda «hə» demək o qədər də asan məsələ deyil. Siyasəti oyuna bənzədirlərsə əvvəlcə «meydan» və qaydalar müəyyən edilməlidir. Artıq 16 ildir ki, müxalifət «özgə meydança»sında qaydasız oyunla məşğuldur. Həmişə də eyni ssenari təkrar olunur. Ona görə də Azərbaycanda siyasət daha çox «bir aktyorun teatr»ına bənzəyir.

Getdikcə müxalifət anlayışı ictimai şüurdan silinir, çünki insanlar onun fəaliyyətinin real nəticələrini görmür. Müxalifəti bir siyasi obraz kimi yadda saxlayan iki- üç qəzetdir. Əgər bu qəzetlər olmasa müxalifət tamamilə unudular. Belə vəziyyətin yaranmasının çoxlu səbəbləri var. Müxalifət ilə cəmiyyət arasında siyasi rabitə yoxdur. Bu əsas səbəblərdən biridir. Güman edilirdi ki, sosial – iqtisadi böhranın dərinləşməsi müxalifətin cazibəsini və reytinqini artıracaq. Amma belə olmadı. Deməli, ağır sosial böhran heç də həmişə ciddi siyasi proseslərə çevrilmir. Bunu hətta əcnəbi sosioloqlar və filosoflar da etiraf edirlər. Məsələ bundadır ki, hakimiyyət insanlara hətta toplaşmağa icazə vermir. İnsanlar arasındakı istənilən rabitə, siyasi təşkilatlanma bu hakimiyyəti qorxudur.

Siyasi vəziyyət beləcə mürtəceləşməkdə davam edir. Artıq müxalifətdən yox, xırda «dissident klubları»ndan danışmaq daha düzgündür. 18 martdan sonra isə situasiya daha da qəlizləşəcək. Sülalə hakimiyyəti faktiki olaraq rəsmiləşdiriləcək.

Müxalifətin indi bir yolu qalır: hər şeyi təzədən başlamaq! Amma bunun üçün güclü siyasi iradə və istək lazımdır. Mövcud partiyaların böyük əksəriyyəti xırda kommersiya «toçkaları»na bənzəyir. İki – üç partiya qalıb ki, onlar ən azı hadisələrə tənqidi münasibət bildirirlər.

Azərbaycandakı siyasi vəziyyət daha çox keçmiş SSRİ rejimini xatırladır.

Bəzi beynəlxalq dairələr ölkədə seçki prosedurasının qalmasını da böyük hadisə sayırlar. Amma keçmiş SSRİ-də də formal olaraq «seçki» var idi.

Ölkədəki real vəziyyət ABŞ dövlət departamentinin insan haqları ilə bağlı hesabatında qeyd olunmuşdu. Orada deyilirdi ki, Azərbaycanda insanların hakimiyyəti dinc yolla dəyişmək imkanları xeyli məhdudlaşdırılıb.

Cəmiyyətə gəldikdə isə daha çox küskünlük və etinasızlıq ovqatı müşahidə edilir. İnsanların bir qismi artıq Əliyevlər rejiminə o qədər alışıblar ki, özlərini çoxdan monarxiya rejimində yaşadıqlarını zənn edirlər. Amma 18 mart referendumu və Konstitusiyaya düzəlişlər əksəriyyətin, necə deyərlər, ürəyindən deyil. Sadəcə insanlar etiraz etməkdən çəkinir, həm də bunun yolunu görmürlər. Sonuncu dəfə seçkidə fəallıq 2003-cü müşahidə olunub, çünki on il idi ki, insanlar ölkədəki vəziyyətin dəyişəcəyinə ümid edirdilər.

Vəziyyət isə dəyişmədi.

İndi də boykot çağırışının hər hansı siyasi nəticə verəcəyini zənn etmək siyasi sadəlövhlük olardı. Ümid ancaq «yuxarı»dan islahatlara qalıb. «Yuxarı»dan islahatlar isə tezliklə baş verməyəcək. Çünki hakimiyyət elə siyasət yürüdür ki, hətta öz sıralarında xarizmatik şəxslərin meydana çıxmasına imkan vermirlər.

Elə prezidentlik müddəti ilə bağlı məhdudiyyətin götürülməsi də hakim partiyanın içində işarmaqda olan ambisiyaları söndürmək məqsədi güdür.

Siyasi rejim hələ sərtləşməkdə davam edir və yaxın gələcəkdə də beləcə davam edəcək.

Üç amil var ki, bunlar prinsipcə siyasi rejimin dəyişməsinə təkan verə bilər.

Bunlardan ən birincisi ABŞ-la Rusiya arasındakı rəqabətdir. Əgər ABŞ Cənubi Qafqazda möhkəmlənmək fikrinə düşsə onda bu, bölgədəki siyasi sistemə təsir edə bilər. Digər amil bilavasitə cəmiyyətin özüdür – cəmiyyətdən çox şey asılıdır. Heç bir hakimiyyət idarə etdiyi cəmiyyətdən güclü ola bilməz. Bunu təsdiq edən xeyli tarixi faktlar var. Başqa bir amil isə sosial – iqtisadi böhranla bağlıdır. Düzdür, cəmiyyətin nə vaxt fəal siyasi fazaya keçəcəyini proqnozlaşdırmaq çox çətindir, hər halda bunu tam inkar etmək də düzgün deyil.

Beləliklə, günün sualı öz qüvvəsində qalır: referendumda iştirak etmək, yoxsa onu boykot etmək? Hər halda nəticə bütün hallarda əvvəldən məlumdur. Əsas müxalifət boykot tərəfdarıdır. Amma bu, hər hansı nəticə verəcəkmi?

Məqalədəki fikirlər müəllifin şəxsi mülahizələridir.
XS
SM
MD
LG