Keçid linkləri

2024, 16 Noyabr, şənbə, Bakı vaxtı 05:46

Son bir neçə ildə törədilən səs-küylü cinayətlərin açıldığı bildirilir


Səs: Real audio
“Məshədovun ölümü həm Kremli, həm də radikal islamçıları sevincə qərq edib” Beynəlxalq Bankın prezidentinin həyat yoldaşı Zamirə Hacıyevanı oğurlamış dəstənin 1996-cı ildən adam oğurluğu, qətllər və başqa ağır cinayətlər törətdiyi də aşkarlanıb. Milli Təhlükəsizlik Nazirliyi və Respublika Prokurorluğunun birgə məlumatında belə deyilir.



Məlumatda bildirilir ki, 3 il əvvəl itkin düşmüş Daxili İşlər Nazirliyi Baş Narkotiklərlə Mübarizə İdarəsinin şöbə rəisi Azər İsmayılov, Baş Prokurorluğun Ağır Cinayətlərə Dair İstintaq İdarəsinin rəis müavini Rövşən Əliyev, AFFA-nın vitse-prezidenti Fətulla Hüseynovu da bu cinayətkar dəstənin qətlə yetirməsi artıq təsdiqlənib.



Məlumata görə, dəstənin başçısı isə Daxili İşlər Nazirliyi Cinayət—Axtarış İdarəsinin baş əməliyyat müvəkkili, polkovnik-leytenant Hacı Məmmədovdur.



Milli Təhlükəsizlik Nazirliyindən aldığımız məlumatda deyilir ki, bu cinayətdə Hacı Məmmədovun həyat yoldaşı Nailə Quliyeva da iştirak edib.



Nazirliyin keçirdiyi «Qara kəmər» adlı əməliyyat zamanı cinayətkar dəstənin üzvlərindən hesab olunan Əsgər İsgəndərov özünü gülləylə vurub, Hacı Məmmədovun bacısı oğlu, «Kapitalbank»ın sədr müavini Elçin Əliyev isə özünü yaralayıb.



Bakıda, Sumqayıtda və Qusarın Qarabulaq istirahət zonasında keçirilən əməliyyat zamanı xeyli silah-sursat və zərərçəkmişlərə məxsus iki ədəd “Mersedes”, beş ədəd ayrı-ayrı avtomobil, 500 qram qızıl-zinət əşyaları, 51 min dollar, 10 min avro, 35 evin və torpaq sahəsinin qeydiyyat şəhadətnaməsi də tapılıb. Bundan başqa, əməliyyatın keçirildiyi qaraj və evlərdə pariklər, maskalar, qandallar, qaz balonu və çoxsaylı avtomobil nömrə nişanları da aşkarlanıb.



Cinayətkar qrupun üzvləri etiraf ediblər ki, əvvəllər oğurladıqları adamları da Zamirə Hacıyevanın saxlandığı, xüsusi avadanlıq, yayındırıcı vasitələrlə təchiz olunmuş Keşlə qəsəbəsindəki evdə saxlayıblar.



Rəsmi məlumatda bildirilir ki, əvvəllər adam oğurluğu ilə bağlı açılmamış 9 cinayətin də eyni dəst-xəttlə törədilməsi izə düşməyə imkan verib. Bu cinayətlər bir neçə imkanlı şəxslərin övladlarını oğurlayaraq külli miqdarda pul tələb edilməsi ilə bağlıdır. Həmin məbləği aldıqdan sonra isə həmin şəxsləri azad ediblər.



İstefada olan polkovnik-leytenant İsaxan Aşurov isə hər şeydən əvvəl onu bildirir ki, 8 ildir belə bir cinayətkar dəstənin fəaliyyət göstərməsi bir daha cinayətkarlığa qarşı mübarizənin zəif olduğunu təsdiqlədi. Sonuncu hadisənin üstünün açılması isə daha çox zərərçəkmişin yüksək təbəqəyə mənsub olması ilə bağlıdır.



Polkovnik—leytenant bildirir ki, yüksək vəzifəli polis əməkdaşlarının başçılıq etdiyi belə cinayətkar dəstənin fəaliyyət göstərməsi təəssüf doğuran haldır.



İsaxan Aşurov bu qrupun yuxarı dairələrdə himayədarlarının olmasını da istisna etmir. Və həmin himayədarların yalnız Daxili İşlər Nazirliyində yox, həm də başqa qurumlarda olduğunu düşünür.



Hüquq-mühafizə orqanlarında baş verənlərə siyasi təşkilatlar da reaksiya verirlər.



Müsavat partiyası martın 11-də verdiyi bəyanatda vətəndaşların təhlükəsizliyinə təminat verə bilməyən iqtidarın istefasını tələb edir.
XS
SM
MD
LG