Keçid linkləri

2024, 16 Noyabr, şənbə, Bakı vaxtı 02:59

Azərbaycanda vərəm necə yayılır?


Azərbaycanda rəsmi rəqəmlərə görə, 8 mindən artıq vərəm xəstəsi var
Azərbaycanda rəsmi rəqəmlərə görə, 8 mindən artıq vərəm xəstəsi var
Hər gün metronun «Qara Qarayev» stansiyasından Ağ Ciyər Xəstəlikləri İnstitutuna 212 saylı marşrutda işləyən onlarla avtobus gedir. Sürücülərindən biri Valeh deyir ki, avtobusdan xəstəxanaya yaxınlarına baş çəkməyə gedən adamlar kimi, vərəmli xəstələr də istifadə edir.

Sürücü deyir ki, bu vaxta qədər heç kim onlara vərəm xəstəliyinə yoluxmamaq üçün hansısa bir təlimat haqda məlumat verməyib. Həkimlərsə adətən deyirlər ki, vərəm çöplərinin yayılması üçün nəqliyyat da daxil olmaqla kütləvi yerlər münbit şərait yaradır.

Bakıdakı Ağciyər Xəstəlikləri İnstitutunda 200-ə yaxın xəstə müalicə olunur. Azərbaycanda isə rəsmi rəqəmlərə görə, 8 mindən artıq vərəm xəstəsi var. Mütəxəssislər deyir ki, əslində bu rəqəm qat-qat çoxdur.

Nailə Məmmədova vərəm xəstələrindən biridir. O deyir ki, neçə müddət öz xəstəliyi haqqında məlumatı olmayıbmış:
«Neçə vaxt idi ki, davamlı öskürürdüm, gördüm ki, vəziyyətim yaxşı deyil, həkimə müraciət etdim, vərəm diaqnozu qoydular». Nailə Məmmədova artıq iki aydır ki, müalicə olunur.

Hacı Vəliyev deyir ki, o xəstəliyə həbsə düşəndən sonra yoluxub:
«Həbsə qədər məndə bu xəstəlik yox idi. Vərəmi həbsxanada tapdım. Dərmanların çoxusunu pulsuz verirlər, ancaq elə olur ki, evdən də gətirirlər».

Adil Tağıyevsə vərəmə orduda xidmət edəndə yoluxanlardandır. Xəstəliyindən hərbi xidmətdən qayıdandan sonra xəbər tutub:
«Məlum oldu ki, orduda olduğum vaxt xəstəliyə yoluxmuşam. Qayıdandan sonra xəstəliyim üzə çıxdı, hazırda müalicə olunuram».

Azərbaycanda vərəmin ən çox hərbi hissələrdə və cəzaçəkmə yerlərində geniş yayıldığı bildirilir. Hazırda vərəmli məhbuslar üçün xüsusiləşdirilmiş mərkəz fəaliyyət göstərir. Penitensiar Xidmət İdarəsindən verilən məlumata görə, 80-dən artıq məhbus burda müalicə olunur.

Ümumdünya Səhiyyə Təşkilatı keçən ilki hesabatında deyirdi ki, Azərbaycanda vərəmli xəstələrin sayı sürətlə artır və dərmanlara müqavimətli vərəm xəstəliyinin ən yüksək göstəricisi də Bakıdadır. Bakıda vərəmli xəstələrin təxminən dörddə biri xəstəliyin məhz bu növündən əziyyət çəkir.

Ancaq Səhiyyə Nazirliyi və Ağciyər Xəstəlikləri İnstitutunun rəhbərliyi vəziyyətin o qədər də acınacaqlı olmadığını, xəstəliyin nəzarət altında olduğunu bildirirlər.
XS
SM
MD
LG