Keçid linkləri

2024, 16 Noyabr, şənbə, Bakı vaxtı 04:19

«Yaxın vaxtlarda ölkədə siyasi məhbus məsələsi həll olunacaq»


Mehman Əliyev
Mehman Əliyev
Avropa Şurası Parlament Assambleyasının siyasi məhbus məsələləriylə bağlı xüsusi məruzəçi təyinatı Azərbaycanda bəzi məhbus ailələrində sevinclə qarşılanıb.

AŞ PA-nın İnsan Haqları və Hüquq Komitəsinin martın 24-də Berlində keçirdiyi iclasında Azərbaycana siyasi məhbus problemiylə bağlı xüsusi məruzəçi təyin olunub.

Bir müddətdir həbsdə olan «Azadlıq» qəzetinin baş redaktoru Qənimət Zahidin xanımı Ayəndə Mürsəliyeva deyir ki, onlar bu xəbəri mətbuatdan eşidiblər.

Ayəndə Mürsəliyeva hesab edir ki, məruzəçinin olması Azərbaycanda siyasi məhbus sayılan adamların qapısını açacaq:

«Ümidimiz yarandı. Qənimətlə ötən dəfə danışanda o demişdi ki, məruzəçi təyin olunsa, onun üçün olmasa da, başqa siyasi məhbuslar azadlığa buraxılar».

Digər həbsdə olan jurnalist Eynulla Fətullayevin ailəsi də bu xəbəri sevinclə qarşılayıb. Əllərini hər yerdən üzən ailənin ümidi artıb. Eynulla Fətullayevin anası Gülşən xanım deyir ki, o, oğluna da artıq bu barədə xəbəri çatdırıb:

«Eynulla səhər zəng etmişdi. Ona söylədim, dedi ki, lap yaxşı. Hər halda elə bilirik ki, bu məsələnin jurnalistlərin azadlığa buraxılmasına köməyi olacaq».

Hüquq müdafiəçiləri də AŞ PA-nın bu yeni təyinatını razılıqla qarşılayırlar. Amma Azərbaycanda həbsdə olan jurnalistlərin və beynəlxalq qurumların siyasi məhbus saydığı şəxslərin azadlığa buraxılması üçün Azərbaycan hakimiyyətinə dəfələrlə müraciət olunub. Bu çağırışlar Avropa Şurası rəhbərliyindən tutmuş beynəlxalq insan hüquqları təşkilatları tərəfindən səslənib. Ancaq vəziyyət dəyişməyib.

Bəs siyasi məhbus məsələləri üzrə məruzəçinin təyinatı jurnalistləri, digər siyasi məhbus sayılan şəxsləri azadlığa buraxmaq iqtidarında olacaqmı?

«Turan» İnformasiya Agentliyinin direktoru Mehman Əliyevin fikrincə, yeni təyinat siyasi məhbus məsələsini ölkədə köklü həll etməsə də, ən azı bu məsələni bir müddət gündəmdən çıxara biləcək:

«Yaxın vaxtlarda ölkədə siyasi məhbus məsələsi həll olunacaq».

Milli Məclisin İnsan haqları Komissiyasının sədri Rəbiyyət Aslanova isə AŞ PA-nın qərarını qərəzli sayır:

«Avropa Şurası yaxşı olardı ki, belə bir məruzəçini Ermənistana təyin edəydi. Və bununla da həmin ölkədəki hadisələrə obyektiv münasibət bəsləyəydi. Bu Azərbaycana qarşı çox qeyri-obyektivliyin bariz nümunəsidir».

Ancaq Mehman Əliyev məruzəçi təyinatına yalnız siyasi məhbus məsələsi prizmasından yanaşılmasıyla razı deyil. O hesab edir ki, bununla Azərbaycanda demokratiya sahəsində yeni mərhələ başlayacaq:

«Bu qərar elə beynəlxalq institutların rəyindən doğmuş qərardır. Amma bu təyinat Azərbaycanda demokratik islahatların aparılmasını sürətləndirəcək».

Azərbaycanda neçə siyasi məhbusun olması isə hələ də mübahisəlidir. ABŞ-ın Dövlət Departamenti insan haqlarına dair son hesabatında bildirirdi ki, yerli hüquq müdafiəçiləri hesabatlarında bu sayı 27-57 arası göstərirlər.
XS
SM
MD
LG