Keçid linkləri

2024, 16 Noyabr, şənbə, Bakı vaxtı 05:49

Elmar Hüseynovun qətlə yetirildiyi gün beynəlxalq forum keçiriləcək


Səs: Real audio
Şahbaz Xuduoğlu «əsl cinayətkarların həbsinə inanmıram», Mədət Quliyev isə, «bu cinayət açılacaq» - deyir Bu il martın 2-də Bakıda «Monitor» jurnalının baş redaktoru Elmar Hüseynovun il mərasimiylə bağlı beynəlxalq forum keçiriləcək. Forumda hüquqşünaslar, yerli və beynəlxalq jurnalist təşkilatlarının nümayəndələri iştirak edəcəklər.



Bu qərar «Elmar Hüseynov Fondu»nun fevralın 2-də keçirilən toplantısında verilib. Fondun həmtəsisçilərindən olan Şahbaz Xuduoğlu deyir ki, il mərasiminə qədər piket və başqa etiraz aksiyalarının keçirilməsi qərarı ləğv edilib. Buna səbəb Bakı Şəhər İcra Hakimiyyətinin aksiyalara mənfi cavab verməsidir.



Cənab Xuduoğlu fondun istintaqın gedişindən də narahat olduğunu bildirir. Deyir ki, gələn ay qətlin bir ili tamam olsa da, cinayətin açılmasında yenilik yoxdur: «Cinayət işinin sona çatmasına, əsl cinayətkarların həbsinə inanmıram. Bu vaxta qədər hüquq-mühafizə orqanlarının hərəkətləri, yaydıqları məlumatlar, gördüyü işlər buna sübutdur. Biz istintaqdan heç nə gözləmirik».



İşin istintaqını aparan Milli Təhlükəsizlik Nazirliyinin (MTN) İctimaiyyətlə Əlaqələr Şöbəsinin rəhbəri Arif Babayev isə, bildirir ki, qətllə bağlı əməliyyat tədbirləri davam etdirilir.



MTN Elmar Hüseynovun qətlində şubhəli bilinən üç nəfər Gürcüstan vətəndaşının axtarışını Beynəlxalq Kriminal Polis Təşkilatı - «İnterpol»un xəttiylə aparır. Sözügedən təşkilatın Azərbaycandakı Milli Mərkəzi Bürosunun rəhbəri Mədət Quliyev «Azadlıq» radiosuna bildirir ki, həmin şəxslər haqda məlumatlar təşkilata üzv dövlətlərə göndərilib.



Mədət Quliyev: «Bu cinayət açılmalıdır və açılacaq. Sadəcə, vaxt lazımdır. Fotorobot üsulu ilə hazırlanmış şəkillər üzv dövlətlərə göndərilib. Əməliyyat tədbirləri davam etdirilir. Asan iş deyil, ancaq ipucu tapılıb, üstündə işlənilir. Ad-familiyaları, əlaqələri bilinir, tutulacaqlar. Onlar həbs ediləndən sonra sifarişçi də bilinəcək».



Hakimiyyətə qarşı tənqidi yazıları ilə tanınan Elmar Hüseynov 2005-ci il martın 2-də yaşadığı mənzilin girişində qətlə yetirilib.
XS
SM
MD
LG