Keçid linkləri

2024, 16 Noyabr, şənbə, Bakı vaxtı 07:39

Dindarlar məscidin partladılmasına etiraz edirlər


Səs: Real audio
İraqın Samirrə şəhərində şiə imamlarının dəfn olunduğu məscidin yandırılmasına etiraz olaraq fevralın 24-də Bakı və Gəncədə bir neçə aksiya keçirilib Bütün Qafqazın Şeyxi Hacı Allahşükür Paşazadə də Samirrə şəhərində baş verənləri pisləyib. Şeyxin fikrincə, bunu müsəlmanlar edə bilməz. Bu aksiyanı yönəldən qüvvələr olub.



Etiraz aksiyalarından biri Nardaran kəndində olub. Bakıda isə Əhlibeyt Hüseyniyyəsində (bu, bir məsciddir) keçirilən aksiyada İran səfiri Əfşar Süleymani də iştirak edib. Onun sözlərinə görə, karikatura məsələsindən sonra belə bir işin baş verməsi onun planlı olmasını göstərir. Yəni məqsəd İslam dünyasının birliyini pozmaqdır. Cənab Süleymani İranın ali dini rəhbəri Ayətulla Əli Xamneyinin sünni məscidlərinə qarşı oxşar aksiyaları haram saydığını deyib.



Gəncədə isə 200-dək dindarın qatıldığı icazəsiz aksiyada «Azərbaycan oyaqdır, İslama dayaqdır», «ABŞ və Avropa ölkələrinə, İsrailə ölüm, Buşa, Şarona ölüm» şüarları səsləndirildi.



Çıxışlarda da Məhəmməd Peyğəmbərin karikaturasının çəkilməsi İslam dininə hörmətsizlik, İraqda şiə məscidinin partladılması isə şiə-sünni təriqətləri arasında ədavət salmaq cəhdi kimi qiymətləndirildi.



İslam partiyasının Gəncə təşkilatının sədri Yusif Ələkbərovun sözlərinə görə, şəhər stadionlarının birində aksiya keçirmək üçün rəsmi icazə istəsələr də, şəhər rəhbərliyi buna razılıq verməyib.



Gəncənin mərkəzində, Şah Abbas məscidinin yanında baş tutan aksiya yarım saatdan çox çəksə də, polislərin heç bir müdaxiləsi olmadı.
XS
SM
MD
LG