Keçid linkləri

2024, 16 Noyabr, şənbə, Bakı vaxtı 11:52

Azərbaycan həbsxanalarında köhnəliklər yeniliklərdən çoxdur


Səs: Real audio
Onlar yaşadıqları binanın tikintisinin başa çatdırılmasını tələb edirlər Amerikanın Dövlət Departamentinin insan haqları üzrə son hesabatında deyilir ki, Azərbaycan həbsxanalarında saxlanma şəraiti yaxşı deyil. Avropa Şurası və Avropa Komissiyası isə bu şəraiti yaxşılaşdırmaq məqsədilə islahatlar proqramını təklif edir



1 Saylı İslah-Əmək Müəssisəsi ciddi rejimlidir, burda 900-dən artıq məhkum saxlanılır. Müəssisəyə gəlişim nahar vaxtına təsadüf etdiyindən bir neçə məhbusla elə yeməkxanada söhbət etdim. Məhbusların çoxu xörəyi burda yediklərini, bəziləri isə evlərindən göndərilən yeməyə üstünlük verdiklərini deyirlər.



Cəzaçəkmə yerlərinin monitorinqi ilə məşğul olan hüquq müdafiəçisi Çingiz Qənizadə indi islahatların daha çox aparıldığını deyir. Amma ərzaq məsələsinin hələ də problem kimi qaldığını bildirir.



Hüquq müdafiəçiləri adətən məhbusların öz hüquqları haqqında məlumatlarının ya olmadığını, ya da çox az olduğunu deyirlər. Cəzaçəkmə yerlərində məhbusların hüquq və vəzifələri haqqında ümumi məlumatlar olan lövhələr asılıb. «Hüquqlarınız haqqında nə bilirsiz» sualına isə məhbuslardan birinin cavabı belə oldu: «Hə, bu çox çətin məsələdir. Hüquq deyəndə ki, türmədir də pis-yaxşı cəzanı çəkməliyik».



Cəzaçəkmə yerinin rəis müavini Fuad Axundovun dediyinə görə, məhbuslardan cəmi 120 nəfəri işləyir. Qalanları bekar gəzib-dolaşdığından vaxtlarını səmərəli keçirmələri üçün onların idman yarışları təşkil olunur. O, deyir ki, burdakı məhbuslar bir neçə dəfə cinayət törətdiyindən qanunvericiliyə görə, onlar ildə üç dəfə ailələri ilə uzunmüddətli, ayda bir dəfə isə qısamüddətli görüşə çıxırlar. Məhbusların yaxınları adətən görüşlərin pulla başa gəldiyini deyirlər. Bunu məhbuslar da təsdiq edirlər.



Ədliyyə Nazirliyi Məhkəmə Qərarlarının İcrası Baş İdarəsinin İslah İşləri və Sosial Müdafiə Şöbəsinin rəisi Rafiq Ramazanov isə indi pulla görüş hallarının olmadığını deyir. Bildirir ki, uzunmüddətli görüşlərdə dövlətin hesabına pul keçirilir ki, bu da qanunidir. Ancaq qısamüddətli görüşlər üçün məhbusların yaxınlarından pul alınması yolverilməzdir: «Bu, ola bilməz. Əgər valideynlər belə hallarla rastlaşırlarsa, bizə müraciət etsinlər, araşdırıb tədbir görək».



Bugünlərdə Avropa Şurası və Avropa Komissiyasının nümayəndələri Bakıda olublar. Onlar Azərbaycandakı cəzaçəkmə yerlərində aparılan islahatlarla bağlı 2006-cı il üçün proqram təsdiq ediblər. Proqrama hüquqi islahatların aparılması, həbsxanalarda idarəolunmanın təkmilləşdirilməsi, məhbusların bərpası proqramının inkşaf etdirilməsi daxildir. Məqsəd odur ki, Azərbaycanın həbsxana sistemində qanunlara hörmət edilsin, cəzaçəkmə yerlərindəki şərait Avropa dəyərlərinə uyğun təkmilləşdirilsin.



Məhbuslar görüşün pullu olmağından çox, məhkəmələrin qərarlarından və əfv fərmanlarının az verilməsindən narazıdırlar.



Cəzaçəkmə yerlərinin bəlası sayılan vərəm xəstəliyindən burda da əziyyət çəkənlər var. Müəssisənin həkimi Əbülfəz Əhmədov deyir ki, keçən il 11 məhkum vərəmdən müalicə üçün ixtisaslaşmış xəstəxanaya göndərilib.



Bu, cəzaçəkmə yerinin köhnə qaydaları və qayğıları. Yeniliyə gəldikdə isə, son bir ildə psixoloqlar buralara baş çəkir, ehtiyacı olanlara kömək göstərirlər. Məhbuslar psixoloq Rafiq Abbasovla ünsiyyətə asan girirlər. Cənab Abbasov deyir ki, məhbusların ünsiyyətə çox ehtiyacı var. Bu cür ünsiyyət onları problemlərdən üzaqlaşdıra bilir: «Elə məhbus var intihar həddindədir, ya da 1000 adamın içində yalqızdır. Biz ona psixoloji yardım göstəririk, dərdlərini bölüşəndə o da yüngülləşir».



1 Saylı
XS
SM
MD
LG