Keçid linkləri

2024, 16 Noyabr, şənbə, Bakı vaxtı 08:35

Bahalaşan «qara qızıl» - ağ günlərin başlanğıcı, yoxsa?


Xəzər sahillərində neft buruqları, may 2003
Xəzər sahillərində neft buruqları, may 2003
Neft bahalaşandan Azərbaycana çoxlu pul gəlir, yəni, gəlirlər artır. Amma neft bahalaşanda dünyada da, Azərbaycanda da bütün malların, xidmətlərin maya dəyəri artır, hər şey bahalaşır.

İndi Xəzərin ən qocaman neft hasilatçısı olan Azərbaycanın da nefti tarixində ən yüksək qiymətə satılır. Aprelin 21-də «Azəri layt» markalı neftin bir barrelinə (159 litrinə) 73 dollar verən tapılıb.

Ölkənin əsas sərvətinin bahalaşmasının Azərbaycan iqtisadiyyatına təsirindən danışanda ağla birinci gələn odur ki, neft bahalaşandan Azərbaycana çoxlu pul gəlir, yəni, gəlirlər artır. Son məlumata görə, neft pullarının toplandığı Dövlət Neft Fondunda indi təqribən 1 milyard yarım dollar var.


Amma neft bahalaşanda dünyada da, Azərbaycanda da bütün malların, xidmətlərin maya dəyəri artır, hər şey bahalaşır. Neft bahalaşanda Azərbaycanda neft çıxarmaq üçün daha çox pul tələb olunacaq, çünki avadanlıqlar bahalaşır. İqtisadçı alim, keçmiş millət vəkili Əli Əlirzayev: «Neft bahalaşanda Azərbaycan satıcı kimi varlanırsa, alıcı kimi itirir. Bu pulun hamısı Azərbaycana qalmır».


Neftin bahalaşması həm də inflyasiyasını sürətlənir. Ölkəyə gətirilən mallar, xidmətlər də bahalaşır. Milli Bankın sədri Elman Rüstəmov deyir ki, son iki ildə inflyasiyaya təsir edən əsas amil elə neftin bahalaşması olub: «İdxal mallarının qiyməti bahalaşdıqca, məhsulların dəyəri də artır. Bu, uzunmüddətli faktordur».


Elə QHT-lər də Azərbaycanda bu pulların inflyasiyanın və korrupsiyanın qurbanı olacağından narahatdırlar. Neft Sənayesi üzrə İnformasiya və Resurs Mərkəzinin rəhbəri Himayət Rizvanqızının fikrincə, hökumət hələ də bu pulları necə xərcləyəcəyini bilmir: «Neft strategiyası hazırlanıb, amma bu startegiya söz yığnağından ibarətdir, niyə axı bu pulları məhz 2008-ci ildən sonra xərcləmək lazımdır. Bu suallar qaranlıq qalır».


Məsələnin başqa bir tərəfi də var. Neft bahalaşanda ölkəyə daha çox xarici valyuta gəlir, manata tələbat artır, nəticədə xarici valyuta ucuzlaşır. İdxalla məşğul olan biznesmenlər ucuz dolları götürüb gedirlər xaricdən daha ucuz qiymətə mal alır, gətirib ölkədə satırlar. Onda da yerli mal istehsal edən sahibkarlar ucuz satılan malla rəqabətə girə bilmirlər, sıradan çıxırlar. Bu, manatın möhkəmlənməsidir. Beynəlxalq qurumlar, konkret desək, Avropa Yenidənqurma və İnkişaf Bankının Bakıdakı nümayəndəsi Reymond Konvey hesab edir ki, Azərbaycanda artıq bu problem var: «Bu, çox ciddi problemdir. Hökumət ola bilsin artıq başa düşür ki, bunun nəticəsi nə ola bilər. Azərbaycan manatının bahalaşması ölkədə mal və məhsulların bahalaşmasına gətirib çıxaracaq. Bu gedişlə beş ildən sonra Azərbaycanda yerli istehsal olunan məhsullar, məsələn, kənd təsərrüfatı malları alınmayacaq. Məsələn, Ukraynadan tərəvəz gətirmək, ölkədə tərəvəz istehsal etməkdən daha sərfəli olacaq».

Ekspertlər deyirlər ki, neftin bahalaşmağı bu gün üçün cəlbedicidirsə, gələcək üçün düşündürücüdür.


Sadaladıqlarımız Azərbaycan üçün həm də çətin bir yolun - ölkə iqtisadiyyatının ən «vəfasız» amilindən - tükənən sərvət olan neftdən asılılığın başlanğıcına gətirib çıxarır – «Holland sindromu»na! Əslində isə hökumətin hədəfi «qara qızıl»la ağ günlərə, gələcəyə yollar açmaqdır.


XS
SM
MD
LG