Keçid linkləri

2024, 16 Noyabr, şənbə, Bakı vaxtı 03:52

Corc Buş Azərbaycan lideri ilə insan haqlarının vəziyyətini də müzakirə etməyə çağırılır


Dünyanın nüfuzlu insan haqları təşkilatları – «Human Rights Watch» və «Freedom House» Amerika prezidenti Corc Buşa müraciət edərək, Azərbaycan prezidenti İlham Əliyevlə görüşdə bu ölkədəki insan haqları məsələsini qaldırmağa çağırıb. Prezidentlərin görüşü aprelin 28-də Ağ Evdə keçiriləcək.


«Freedom House»un müraciətində deyilir ki, prezident Corc Buş fürsətdən istifadə edib, İlham Əliyevə aydın şəkildə bildirməlidir ki, ABŞ hökuməti Azərbaycanda demokratik islahatlara önəm verir.


Azərbaycan «Freedom House»un hesabatlarında qeyri-azad ölkə kimi göstərilib. Təşkilatın icraçı direktoru Cenifer Vindzor deyir ki, Azərbaycan böyük həcmdə neft gəlirləri əldə etmək üzrədir və buna görə də Azərbaycan korrupsiyanın bu sərvəti udmamağı üçün demokratik islahatlar həyata keçirməlidir.


«Human Rights Watch» təşkilatı isə prezident Buşun Azərbaycan liderini siyasi müxalifətin qorxudulmasına son qoymağa çağırmağını istəyir. Qurumun fikrincə, Azərbaycan həmçinin ötən il parlament seçkilərinə dair ATƏT-in yekun hesabatında əks olunmuş tövsiyələri yerinə yetirməlidir.


«Human Rights Watch»un prezident Buşa məktubunda deyilir ki, o, azərbaycanlı həmkarını siyasi cinayətlərdə ittiham olunan bütün şəxslərin vəkillə təmin olunması, azad və açıq məhkəməsinin qurulmasını təmin etməyə çağırmalıdır. Prezident Buş həmçinin vurğulamalıdır ki, saxlanılanlara bütün şəraitdə işgəncə verilməsi qanunsuz və mənəviyyatdan uzaqlıqdır.


Milli Məclisin İnsan Haqları Komissiyasının sədri Rəbiyyət Aslanova isə bu fikirdədir ki, prezident İlham Əliyevin Azərbaycanda insan haqları, demokratiya sahəsində gördüyü işlər barədə deməyə sözü var və bu cür müraciətlər Azərbaycana təzyiq vasitəsi ola bilməz: «İlham Əliyev bu sahədə görülən işlər barədə tam hesabat verə bilər, bu sahədə görülən işlər göz qabağındadır. Belə çağırışlar prezidentimizi çətin vəziyyətdə qoymayacaq».


Aprelin 26-da Azərbaycanın Vaşinqtondakı səfirliyində prezident İlham Əliyevlə «Human Rights Watch» və digər Amerika QHT-lərinin görüşü olacaq. Görüşdə Azərbaycanda insan haqları və qanunun aliliyinin təmin edilməsi məsələləri müzakirə olunacaq.


XS
SM
MD
LG