Keçid linkləri

2024, 16 Noyabr, şənbə, Bakı vaxtı 05:49

Seçki komissiyalarının tərkibi yenidən polemikaya çevrilir


10 dairədə təkrar parlament seçkilərinə iki həftə qalmış seçki komissiyalarının tərkibini dəyişmək mümkün deyil. Bunu aprelin 29-da Prezident Aparatında İctimai-Siyasi Şöbənin müdiri Əli Həsənov jurnalistlərlə söhbətində deyib. Avropa Şurası Parlament Assambleyasının (AŞ PA) Müşahidə Missiyasının rəhbəri Leo Platvoet bir gün əvvəl bu dəyişikliyin mümkün olduğunu bildirmişdi. Əli Həsənovsa deyir ki, buna əsas yoxdur, seçkini keçirmək üçün vacib şərtlərə əməl olunub: «Mərkəzi Seçki Komissiyasında (MSK) beş, yaxud üç müxalifətçinin olması heç nəyi dəyişmir. Seçkini dairə, məntəqə seçki komissiyaları keçirir, MSK onlara nəzarət edir. Bu komissiyalarda kimlərin olmasından asılı olmayaraq seçki şəffaf, demokratik keçəcək, yerlərdə komissiya üzvlərindən çox müşahidəçilər olacaq».


MSK sədri Məzahir Pənahov da eyni fikirdədir. Ancaq AŞ PA Müşahidə Missiyasının rəhbəri Leo Platvoet seçkiyə qədər komissiyaların tərkibinin dəyişdiriləcəyinə inamını itirməyib: «Məncə, biz prezidentin reaksiyasını gözləməliyik. Noyabr seçkisində də MSK sədri Məzahir Pənahov deyirdi ki, seçicilərin barmaqlarının mürəkkəblə işarələnməsi mümkün deyil, sonra prezident sərəncam verdi, bu mümkün oldu. İndi də gözləməliyik».


Aprelin 28-də AŞ PA-nın seçkiqabağı Müşahidə Missiyası bəyanat yayaraq, Azərbaycanda seçkiqabağı demokratik irəliləyiş olmamasından narahatlığını bildirib. Missiya hökumətə bir neçə tövsiyə irəli sürüb, seçki komissiyalarının tərkibinin dəyişdirilməsini, seçki pozuntularıyla bağlı şikayətlərin araşdırılmasını və «Sərbəst toplaşmaq azadlığı haqqında» qanuna dəyişikliklər edilməsini istəyir.


XS
SM
MD
LG