Keçid linkləri

2024, 16 Noyabr, şənbə, Bakı vaxtı 02:51

Vəfa Saleh: «Azərbaycanda insan alverinə daha çox Gəncə regionunda yaşayanlar məruz qalır»


«İnsan alveri qurbanlarından həm də gizli laboratoriyalarda təcrübə vəsaiti kimi istifadə edilir»


Azərbaycanda insan alverinə daha çox Gəncə regionunda yaşayanlar məruz qalır. Bunu Gəncə polis əməkdaşları ilə keçirilən müşavirədə deyən "Təmiz Dünya" ictimai birliyinin sədr müavini Vəfa Salehin fikrincə, buna əsas səbəb bu bölgədə kişi miqrantların çoxluq təşkil etməsidir. Başsız qalan ailələrdə sosial problemlər daha da qabarır.


İndoneziya polisi fahişəlikdə şübhəli bilinən üç özbək qadınını saxlayıb, 19 mart 2004
Vəfa Saleh deyir ki, insan alverinin qurbanı olan qadınlar təkcə cinsi istismara və daxili orqanların transplantasiyasına məruz qalmırlar. Onlardan həm də gizli laboratoriyalarda təcrübə vəsaiti kimi istifadə edilir: "Bu yaxınlarda bizə Azərbaycan qadını verilib. O, Türkiyədən göndərilib. Onun bədənində üç dəfə cərrahiyyə əməliyyatı aparılıb. Bədənində günü-gündən şişmə gedir və qəribə ləkələr əmələ gəlir. Bizdə belə məlumatlar çoxdur. Fransada Azərbaycan qadınlarının üzərində laboratoriyalarda müxtəlif işlər gedir".


Gəncə şəhər Polis İdarəsinin Cinayət-Axtarış Şöbəsinin rəhbəri Çingiz Hüseynov isə dedi ki, 2005-ci ildə 9 insan alverçisi məsuliyyətə cəlb olunub: "Ciddi faktlar aşkarlamışıq. Məsələn, Gəncəbasar regionundan olan bir qadın 13 yaşında bir qızı üç ölkənin sərhədindən yol çantasında keçiribmiş". Çingiz Hüseynov hazırda insan alveri ilə bağlı iki fakt üzrə araşdırma apardıqlarını bildirdi.


"Gəncədən həm də tranzit kimi istifadə olunur" deyən "Təmiz Dünya" təşkilatının nümayəndəsi Vəfa Salehin sözlərinə görə, insan alverçiləri qurbanlarını Türkiyəyə aparmaq çün Gəncə-Naxçıvan reysindən vaxtaşırı istifadə edirlər. Gəncə polisləri də ictimaiyyət arasında maarifləndirmə işinin gücləndirilməsini, insan alverinin potensial qurbanları olan qadınların ilk növbədə işlə təmin olunmasının vacibliyini söylədilər.


XS
SM
MD
LG