Keçid linkləri

2024, 16 Noyabr, şənbə, Bakı vaxtı 04:40

ABŞ Türkiyə ilə Ermənistanı barışdıra biləcəkmi?


Prezident Gül və Sarkisyan. Yerevan, 6 sentyabr 2008
Prezident Gül və Sarkisyan. Yerevan, 6 sentyabr 2008
Son vaxtlar ən çox müzakirə olunan dövlətlərdən biri də Türkiyədir. Aprelin 9-da prezident Barak Obamanın bu ölkəyə səfəri planlaşdırılır. Bəzi məlumatlara görə, bu görüşdən sonra Türkiyə öz sərhədlərini Ermənistan üçün açacaq.

Sözsüz ki, bu, Azərbaycan üçün müəyyən qədər problem yarada bilən hadisə ola bilər. Dağlıq Qarabağ problemi başlanandan sonra Türkiyə Ermənistanla bütün əlaqələri kəsmişdi. Təbii ki, Türkiyənin Ermənistanla problemləri təkcə Dağlıq Qarabağ probleminə görə pisləşməmişdi. Əlavə problemlər də mövcud idi və onlar bu gün də siyasi-diplomatik həllini tapmayıb.

Elə bu səbəbdən bəzi müşahidəçilərin fikri budur ki, son aylar regionda fəallığını artıran, hətta Yaxın Şərq münaqişəsinə qarışan Türkiyə ilk növbədə öz daxili və xarici problemlərini həll etmək arzusundadır, baxmayaraq ki, digər müşahidəçilərin iddiasına görə, Türkiyə heç bir vaxt Azərbaycanla bağlı siyasətini dəyişə bilməz.

ATƏT-in Minsk qrupunun həmsədrləri də bu il Qarabağ probleminin həllində böyük dəyişikliyin olacağını bildirirlər. Məsələ bundadır ki, Azərbaycanın Ermənistanla bağlı siyasətində müəyyən qədər təsiredici amillər də var idi. Buna işğala məruz qalan Azərbaycanın haqqı çatırdı. Daha çox iqtisadi və diplomatik təzyiqlər olurdu.

Türkiyə də bu vaxta qədər Azərbaycanla əlaqəli siyasət yürüdürdü. Azərbaycan indi özünün təbii müttəfiqini itirmək ərəfəsindədir. Bəs günah kimdədir? Sözsüz ki, Azərbaycan hakimiyyətində! Artıq 20 ildir ki, Azərbaycanda Dağlıq Qarabağ problemi haqqında ancaq danışıblar, bir qarış torpaq azad olunmayıb.

Bu baxımdan Türkiyə öz xarici siyasətini tamamilə Azərbaycanla bağlaya bilməz, hər bir dövlətin öz maraqları var və bu maraqlar hər şeydən üstün tutulur.

Yazının əvvəlindəki suala - Barak Obamanın Türkiyə ilə Ermənistanı barışdıra bilməsinə gəlincə isə bu, çox mübahisəli məsələdir. Qarabağ probleminin bu vaxta qədər öz həllini tapmaması da bununla bağlıdır – Azərbaycanla Ermənistan müxtəlif geosiyasi müstəvidə siyasət yürüdür.

Məqalədəki fikirlər müəllifin şəxsi mülahizələridir.
XS
SM
MD
LG