Keçid linkləri

2024, 16 Noyabr, şənbə, Bakı vaxtı 02:55

Xaviyer Solana: «Avropa Birliyi Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasına yardım göstərməyə hazırdı»


Dağlıq Qarabağ münaqişəsi üzrə ATƏT Minsk Qrupunun fransalı həmsədri Bernar Fasiye regiona səfərinə Yerevandan başlayıb. Cənab Fasiye Ermənistanın prezidenti Robert Koçaryanla görüşüb. Prezidentin Mətbuat Xidmətindən bildiriblər ki, fransalı diplomat R.Koçaryana ATƏT Minsk Qrupu həmsədrlərinin Moskvadakı məsləhətləşmələri barədə məlumat verib. Görüşdən sonra diplomat mətbuat üçün açıqlama verməyib. Aprelin 5-də Bernar Fasiye Bakıda Azərbaycanın Xarici İşlər naziri Elmar Məmmədyarovla görüşəcək.


Bu arada isə Ermənistanın Xarici İşlər naziri Vardan Oskanyan Azərbaycanı Qarabağ münaqişəsinin həllində hərbi yoldan imtina etməyə çağırıb. Litvada Baltik və Qara dəniz ölkələrinin sammiti çərçivəsində təşkil olunmuş konfransda çıxış edən Oskanyan deyib ki, Azərbaycan neft gəlirlərindən bəhrələnərək, ordusunu gücləndirməyi və danışıqlar nəticəsiz olarsa, öz istədiyini hərbi yolla əldə etməyi düşünür. V.Oskanyan Avropa Birliyini Azərbaycana bu məsələdə təsir göstərməyə çağırıb.


Sammitdə Azərbaycan torpaqlarını işğal etdiyinə görə, Ermənistanı tənqid edən Baş nazir Artur Rəsizadə isə bəyan edib ki, Azərbaycan ərazi bütövlüyünün qorunması prinsipi əsasında münaqişənin diplomatik yollarla həllinə sadiq qalır.


Toplantıda iştirak edən Avropa Birliyinin Xarici Siyasət İdarəsinin başçısı Xaviyer Solana isə bildirib ki, qurum Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasına yardım göstərməyə hazırdır. Cənab Solana deyib ki, mümkün razılığın bəzi elementlərini artıq görmək mümkündür. Lakin o, əlavə edib ki, sülh razılığının əldə olunması birbaşa tərəflərin özündən asılıdır.


Bəzi müşahidəçilər aprelin sonlarında Parisdə NATO Parlament Assambleyasının toplantısında İlham Əliyevlə Robert Koçaryanın görüşünün baş tutacağını ehtimal edirlər. Lakin Azərbaycanın Xarici İşlər naziri Elmar Məmmədyarov mayın 4-də deyib ki, bu barədə onda dəqiq məlumat yoxdur.


XS
SM
MD
LG