Keçid linkləri

2024, 16 Noyabr, şənbə, Bakı vaxtı 04:26

İƏT: daha çox əməkdaşlığın davamlılığına hesablanan təşkilat


İƏT-ə üzv ölkələrin xarici işlər nazirlikləri başçılarının toplantısı, Bakı, 4 may 2006
İƏT-ə üzv ölkələrin xarici işlər nazirlikləri başçılarının toplantısı, Bakı, 4 may 2006

İqtisadi Əməkdaşlıq Təşkilatının iqtisadi faydası az olsa da, bölgədəki əməkdaşlığın davam etdirilməsi baxımından əhəmiyyətlidir


İqtisadi Əməkdaşlıq Təşkilatı (İƏT) 1985-ci ildə yaradılıb. O vaxt İran, Türkiyə və Pakistan bir araya gələrək, regional əməkdaşlığı gücləndirmək üçün bu qurumu yaratmışdı. 1992-ci ildə Qazaxıstan, Qırğızıstan, Tacikistan, Türkmənistan, Özbəkistan, Əfqanıstan və Azərbaycan da quruma üzv olub. İƏT bir qurum olaraq üzv ölkələrin Xarici İşlər Nazirləri Şurasından ibarətdir. Təşkilatın kənd təsərrüfatı, sənaye, energetika, nəqliyyat, rabitə və humanitar sahələri əhatə edən və ildə ən azı bir dəfə toplanan 8 texniki komitəsi də var.


İƏT-in iki ildə bir keçirilən zirvə toplantılarında əsasən perspektivə hesablanan, deklarativ sənədlər qəbul olunur. Vacib sənədlər kimi ticarətin, iş adamlarına viza verilməsi prosedurasının sadələşdirilməsi haqda sənədləri saymaq olar. Bakıda keçirilən 9-cu sammitdə də regional əməkdaşlıq haqda ümumi bəyannamə qəbul ediləcək.


Keçmiş baş nazir, deputat Əli Məsimov deyir ki, hətta real iqtisadi faydalar gətirməsə də, qarşılıqlı əlaqələrin möhkəmlənməsi naminə belə təşkilatlarda iştirak etmək vacibdir.


Parlamentdə iqtisadiyyat komissiyasının sədri Ziyad Səmədzadənin fikrincə isə, istənilən regional əməkdaşlıq təşkilatından Azərbaycan hamıdan çox fayda götürür. Həm təcrübəylə tanış olur, Qarabağ problemiylə bağlı müttəfiqlər qazanır, həm də iri regional layihələrin və ikitərəfli sazişlərin əsası qoyulur.


Ekspertlərin fikrincə, İƏT-in mayın 5-də Bakıda keçiriləcək zirvə toplantısında İranın nüvə proqramı və Bakı-Ceyhan kəməri ilə Qazaxıstan neftinin nəqli məsələsi də müzakirə oluna bilər. Türkiyə mətbuatının yazdığına görə, Türkiyənin baş naziri Rəcəb Tayyib Ərdoğan toplantıdan həm də İran prezidenti Mahmud Əhmədinejada Amerikanın sonuncu mesajını çatdırmaq və nüvə proqramıyla bağlı Tehranı yola gətirmək üçün istifadə edəcək. Qısası, bütün deyilənləri ümumiləşdirəndə, belə mənzərə yaranır ki, bütün üzv dövlətlər üçün İƏT-in iqtisadi faydası az olsa da, bölgədəki əməkdaşlığın davam etdirilməsi baxımından əhəmiyyətlidir.


XS
SM
MD
LG