Keçid linkləri

2024, 17 Noyabr, bazar, Bakı vaxtı 06:45

Ömürlük məhbusların taleyi…


Bakıdakı həbsxana - 6 dekabr 2005
Bakıdakı həbsxana - 6 dekabr 2005

89 nəfər ömürlük həbs cəzasına məhkum olunmuş şəxslər cəzalarının yüngülləşdirilməsini istəyirlər


«Azadlıq» radiosuna 89 nəfərin adından müraciət etdiyini deyən 17 ilin məhbusu Əli Quliyev yazır ki, o və 127 nəfər məhbus 1998-ci ilin 10 fevral qanununa kimi ölüm cəzası alıb. Yəni, o vaxt qüvvədə olan Cinayət Məcəlləsində olan ən ağır cəzanı. Amma Avropa Şurası qarşısında götürülən öhdəliklərlə bağlı 1998-ci il fevralın 10-da prezident Heydər Əliyev ölüm cəzasının ləğviylə bağlı qanun imzalayıb. Həmin qanun belə adlanırdı: «Azərbaycan Respublikasında ölüm cəzasının ləğv olunması ilə əlaqədar Azərbaycan Respublikasının Cinayət, Cinayət-Prosessual və İslah-Əmək Məcəllələrinə dəyişikliklər və əlavələr edilməsi haqqında qanun».


Bu sənədin 6-cı maddəsində qeyd olunur ki, qanun qüvvəyə mindiyi günədək ölüm cəzasına məhkum olunmuş şəxslərin cəzası ömürlük azadlıqdan məhrumetmə cəzası ilə əvəz edilsin. 89 məhbusun adından müraciət edən Əli Quliyev isə iddia edir ki, o vaxt Cinayət Məcəlləsində ömürlük həbs cəzası olmadığından, onların ölüm hökmü ən ağır cəza kimi qalan 15 illik cəzayla əvəzlənməliydi. Əli Quliyevin fikrincə, qanunun ağırlaşdırıcı hallarda geriyə qüvvəsi olmadığından sonradan – 2000-ci ilin sentyabrında qüvvəyə minən Cinayət Məcəlləsinə salınan ömürlük cəza müddəti onlara şamil oluna bilməzdi. Amma məsələylə bağlı, müraciət etdiyimiz vəkillərin fikrincə, məhbuslar iddialarında bir vacib məqamı gözdən qaçırırlar. Vəkil Akif Əlizadə: «Əslində, onların cəzası ağırlaşdırılmayıb, əksinə yüngülləşdirilib, çünki əvvəlki cəza ölüm hökmü idi».


Burda digər bir məqam da var ki, məhbusların adından müraciət edən Əli Quliyev «qanunun geriyə qüvvəsi şamil olunmur» - deyəndə, nəzərdə tutur ki, ömürlük həbs cəzası Cinayət Məcəlləsinə 2000-ci ildə salınıb. Adının çəkilməsini istəməyən bir hüquqşünas deyir ki, 1998-ci ildə qəbul olunan sözügedən qanunla yalnız ölüm cəzası ləğv olunmayıb, həmçinin Cinayət, Cinayət Prosesusal və İslah-Əmək Məcəllələrinə də dəyişikliklər edilib.


Amma məhbusların müxtəlif orqanlara müraciətlərində ümidverici məqamlar da var. Belə ki, bu il martın 30-da Ali Məhkəmənin Plenumu eyni aqibətlə üzləşən bir məhbusun – Samir Hacıyevin cəzasını ləğv edib. Məhbusların da arzusu ondan ibarətdir ki, Samir Hacıyev üçün tətbiq edilən qərar onlara da şamil olunsun.


Məsələylə bağlı Ali Məhkəmnin Plenumundan bildirdilər ki, Samir Hacıyev haqda ömürlük cəza müddətli cəzayla Cinayət Prosesual Məcəlləsininin 347.4 maddəsinə əsasən dəyişdirilib, bu isə istisna haldır: « Həmin maddədə deyilir ki, ömürlük azadlıqdan məhrumetmə cəzası yalnız hakimlərin yekdil qərarı əsasında qəbul edilir. Bu şəxs haqqında hakimlərin yekdil qərarı olmadığına və hakimlərin biri xüsusi rəydə qaldığına görə, onun məsələsinə Plenum baxıb və həmin maddəyə görə, cəzası dəyişdirilib».


Ali Məhkəmədən onu da bildirdilər ki, əgər eyni maddənin pozulduğunu iddia edən məhbuslar olarsa, bu qərar nümunə kimi onlara da şamil edilə bilər. Amma, vəkil Akif Əlizaədini fikrincə, əgər Ali Məhkəmənin Plenumu artıq cəza almış şəxsin cəzasını dəyişə bilirsə, eyni cəzanı alan digərlərinə də tətbiq etməlidir. Və ya, Ali Məhkəmənin çıxardığı qərarın özü də şübhəli ola bilər: «Hansısa istisna hal imkan vermir ki, bir orqan sonradan parlamentin qərarını dəyişsin».


Bu müraciətdə ən son məqam ondan ibarət idi ki, 1998-ci ilə qədər ölüm hökmü alan bəzi məıhbusların cəzası ömürlük cəzayla əvəzlənərkən onların yaşı nəzərə alınmayıb. Qanunlara görə, 65 yaşdan yuxarı şəxslərə ən ağır cəza verilə bilməz, amma 1998-ci ildə bir neçə məhbus artıq 70 yaşda olub. Bu məsələylə bağlı da müraciət etdiyimiz vəkillər hesab edirlər ki, sözügedən yaşlı məhbuslar haqda əslində, qərar 1998-ci ildə yox, cinayəti törədərkən verilib və sonrdan ölüm hökmü ləğv edilməklə onların cəzası əslində yüngülləşdirlib.


XS
SM
MD
LG